Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Orta İxtisas Polis Məktəbinin ilk buraxılış mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək bildirib ki, Orta İxtisas Polis Məktəbi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 5 mart tarixli Fərmanı ilə yaradılıb. Məktəb muxtar respublikanın hüquqmühafizə orqanlarının kadr təminatının həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir. Məktəbin məzunları təkcə daxili işlər orqanlarında deyil, həm də digər güc strukturlarında orta rəis heyətinin komplektləşdirilməsinə töhfə verəcəkdir.
Vurğulanıb ki, Orta İxtisas Polis Məktəbi yaradıldıqdan sonra qısa müddət ərzində məktəb üçün tədris kompleksi tikilib istifadəyə verilib. Burada kursantların təhsili üçün hər cür şərait yaradılıb. Cəlil Rüstəmov bildirib ki, bu mənada, muxtar respublikada təhsil davamlı inkişaf dövrünü yaşamaqdadır. Bu məktəb də Ali Məclis Sədrinin təhsil siyasətinə, gənclərin işlə təminatına, mənəvi cəhətdən sağlam və düşüncəli gəncliyin yetişdirilməsinə verdiyi dəyərin bariz nümunəsidir.
Cəlil Rüstəmov 2019-cu il oktyabrın 14-də məktəbin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin məktəbə daxil olmuş kursantlara tövsiyəsini xatırladıb: “Zabit olmağın şərəfi dövlətə və dövlətçiliyə sədaqətli olmaqdan, vəzifə və vətəndaşlıq borcunu vicdanla yerinə yetirməkdən ibarətdir”.
O, əminliyini bildirib ki, bugünkü məzunlar gələcək zabit fəaliyyətlərində bu tövsiyələri xidməti and kimi rəhbər tutacaq, layiqli asayiş keşikçisi olacaqlar. Məktəbin zabit-müəllim heyəti bundan sonra da Ali Məclis Sədrinin qarşıya qoyduğu vəzifələri uğurla yerinə yetirəcək, tədrisin keyfiyyəti diqqətdə saxlanılacaq, kursantlar dövlətə, xalqa sədaqət ruhunda tərbiyə ediləcəklər.
Buraxılış mərasimində Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov çıxış edərək muxtar respublikada ictimai-siyasi sabitliyin və dinamik inkişafın dayanıqlı xarakter almasından danışıb. Diqqətə çatdırılıb ki, bütün sahələrdə olduğu kimi, muxtar respublikada güclü təhsil infrastrukturunun yaradılması və innovativ inkişaf sahəsində həyata keçirilən mütərəqqi tədbirlər təhsilin beynəlxalq standartlar səviyyəsinə çatması ilə səciyyəvidir. Əsasən də xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyətinə göstərilən müstəsna qayğı 44 günlük Vətən müharibəsində naxçıvanlı gənclərin nümayiş etdirdiyi böyük şücaət və vətənpərvərlik nümunəsinin təməl daşı olmaqla yanaşı, muxtar respublikada həyata keçirilən siyasi xəttin düzgünlüyünü və alternativsizliyini bir daha təsdiq etdi.
Qeyd olunub ki, 2019-cu ilin oktyabr ayında məktəbin açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun qarşıya qoyduğu vəzifələri əldə rəhbər tutan daxili işlər orqanları istər məktəbə qəbul prosesində, istərsə də tədris zamanı mövcud qanunvericiliyə əsaslanaraq tam şəffaflıq prinsipləri üzrə fəaliyyət göstərib, nəzəri və praktik biliklərlə yanaşı, ümumi intellektual təfəkkürə malik olan, vətənpərvər polis zabitlərinin hazırlanmasına çalışıb.
Çıxışda məktəbdə xidmətə yeni qəbul edilən serjant heyəti üçün təşkil edilən kurs və seminar-məşğələlər haqqında da məlumat verilib.
Orta İxtisas Polis Məktəbinin məzunu, polis kiçik leytenantı Miribrahim Qasımov onlara yaradılmış şəraitə görə məzunlar adından minnətdarlığını bildirib. Sonra məzunlara diplomlar təqdim olunub. Məktəbi fərqlənmə diplomu ilə bitirən polis kiçik leytenantı Tural Səfərli tərəfindən xatirə kötüyünə lövhə vurulub, şəxsi heyət tərəfindən məktəbin marşı ifa edilib, təntənəli keçid olub.
Muxtar MƏMMƏDOV