Heç xatirimdən çıxmaz. İki böyük çamadan qəzetlə dolu idi. Atam hər dəfə bu çamadanı açar, yeni qəzet qoyar, bir də, sanki xəzinə qoruyurmuş kimi bağlayardı. Demək olar ki, bu proses gündəlik belə davam edərdi. Uşaq ikən bütün bunların nə olduğunu dərk etməzdim. Atam isə hər dəfə evə gələndən sonra masa arxasına keçər, sarı kağızlara elə hey nə isə yazardı. Böyüdükcə anladım ki, atam jurnalistdir. İşdən yorğun gəlməsinə baxmayaraq, sirdaş olduğu o sarı kağızlara tökülən sözlər isə çamadana yığılan qəzet səhifələrində yer alardı. Demək ki, atam o çamadanda yuxusuz gecələrinin zəhmətinin barını və nəhayətdə, doğma qəzeti – “Şərq qapısı”nı saxlayar, hifz edərdi. Fikrimdən heç jurnalist olmaq keçmədi. Müəllimlərim mənə öz peşələrini sevdirmişdilər – müəllimliyi. Elə bu ixtisasın da ardınca getdim. Lakin deyir sən saydığını say, gör fələk nə sayır. Düşünürəm ki, uşaqlıqda insan nəyi görür və təsiri altına düşürsə, o bilavasitə ruhuna sirayət edir. Beləcə, ruhum çəkib məni “Şərq qapısı”na apardı. Kim nə deyir desin, jurnalistika bir eşqdir, qurtula bilməyəcəyin bir sevgidir. Elə ki girdabına düşdün, unut çıxacağını. Fəaliyyət o vaxt bitər ki, ruhun bədənini tərk edər. Bax belə bir sevdadır əsl jurnalist olmaq. Ömürlərinin son gününədək sənətlərini yaşadan sevdalıları gördüm mən: Səxavət Kəngərlini, Sevindik Həmzəyevi, Eldar Əhmədovu, Cəfər Kərimovu, Cəfər Əliyevi, Cəlil Vəzirovu və atam Hacı Rəsulovu. Doğma qəzetimizin 100 illiyi ərəfəsində hər birini ehtiramla anırıq.
Bu gün muxtar respublikada yaşayıb-yaradan qələm sahiblərinin əksəriyyəti “Şərq qapısı” məktəbinə, bu məktəbdə öyrəndiklərinə borcludur. Bu gün fəaliyyətimi Naxçıvan Televiziyasında davam etdirsəm də, əlifbanı “Şərq qapısı” adlı müəllimim öyrədib. Azərbaycan mətbuat tarixində öz milli varlığını qoruyub saxlayan tək-tək qəzetlərdəndir “Şərq qapısı”.
Düz bir əsrdir, yol gəlir. Bu uzun yolçuluqda müxtəlif illərdə adını zorla dəyişəsi olsa da, yolunu dəyişmədi, usanmadı, tükənmədi. Zamanın rüzgarına tab gətirdi, yıxılmadı. Söz xiridarlarının, qələm aşiqlərinin dəyişməz ünvanı oldu. Ötən yüz ildə bu qapını kimlər açdı, bu qapıdan kimlər keçdi, nəsillər bir-birini əvəz etdi. Ən yaxşı ənənələri qoruyub bir-birinə miras ötürdü. Bəli, məhz miras kimi ötürülən və əsası 100 il bundan öncə qoyulan köklü ənənənin üzərində intişar tapdı, böyüdü, qol-budaq atdı, nəhəng bir çinar oldu. Budur, indi 100 ilinin işığına toplaşmışıq – həmməslək kimi, qələm sahibi kimi, oxucu kimi...
“Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2021-ci il 1 iyun tarixli Sərəncamı imzalayıb. Sərəncam köklü ənənələrə sahib mətbu orqanının fəaliyyətinə verilən yüksək dəyər, bu illər ərzində qazandığı etimadın göstəricisi kimi böyük əhəmiyyət daşıyır.
Dövrünün güzgüsü rolunu oynayan qəzet gah cəbhədə bir əsgər kimi döyüşüb, gah nəğmələşib, şeirləşib ürəkləri fəth edib, operativ, dəqiq və qərəzsiz xəbərləri ilə oxucuların informasiyaya olan tələbatını ödəyib, əmək, elm adamlarının yaxın dostu, sirdaşı olub, oxunaqlı yazıları ilə əl-əl axtarılan mətbu orqan kimi sevilib, qiymət verilib, günümüzədək gəlib çıxıb.
Naxçıvanın 100 illik tarixini öz səhifələrində əks etdirən qəzet muxtar diyarın salnaməsidir. Bu salnaməni vərəqlədikcə, Naxçıvanın dünəni və bu gününü müqayisə etmək olur, qəzet səhifələrində Naxçıvanın addım-addım bugünkü inkişafa necə qovuşduğuna həm yazılar, həm fotolar vasitəsilə şahidlik edirik. 1990-cı illərin əvvəllərində, xüsusilə də 90-93-cü illərdə qəzetin müxtəlif nömrələrində nəşr olunan “Şəhərə çıxmağa utanıram”, “Qıtlıq bizi narahat edir”, “Çörək növbəsi”, “Su həsrəti”, “Sərnişinlər avtobus gözləyir”, “Balta yaman moddadır” sərlövhəli yazılar, tədricən, yerini muxtar diyarın inkişaf göstəricilərini özündə əks etdirən yazılara verir. “İnsan kor olmalıdır ki, bütün bu yenilikləri görməsin”, “Naxçıvanda quruculuq işləri yeni mərhələyə qədəm qoyur”, “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı həyata keçirilir”, “Heydərabad qəsəbəsi şəhər siması alır” kimi ürəkaçan sərlövhələri həm də tarixi gedişatın əsas göstəricisi kimi xarakterizə etmək olar.
Bu mənada, “Şərq qapısı” qəzeti tədqiqatçılar üçün arxiv rolunu oynayan dəyərli mənbədir. Hansı ki, bu mənbə 100 illik fəaliyyət dönəmində özünün parlaq inkişafını müstəqillik illərində yaşadı. Müstəqilliyin işığından öz nurunu alan “Şərq qapısı” qəzetinin fəaliyyət imkanları genişləndirildi. Muxtar respublikanın sürətli inkişafı özünü qəzetin daha yaxşı və müasir formatda nəşrində də özünü göstərdi.
“Şərq qapısı” bir məktəbdir. Bütün fəaliyyəti dövründə gənc qələm sahiblərini yetişdirən bir ocaqdır. “Şərq qapısı” muxtar respublikada yaşayıb-yaradan ziyalıların, elm adamlarının, yaradıcı qüvvələrin tribunasıdır. “Şərq qapısı” Naxçıvan həqiqətlərini dünya informasiya məkanına çatdıran dəyərli, dəqiq və qərəzsiz bir mənbədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin orqanı olan “Şərq qapısı” indi həftədə 5 dəfə 1500 tirajla oxucularının görüşünə gəlir.
Azərbaycan mətbuatı tarixində özünəməxsus ənənələrə və çəkiyə malik olan “Şərq qapısı” qəzetinin səhifələrində Naxçıvanın hər gününün tarixi yazılır, eyni zamanda fotolarda əks olunur, gələcək nəsillərə çatdırılır. “Şərq qapısı” qəzetində bu gün təcrübəli jurnalistlərlə yanaşı, gənc yaradıcı qüvvələr də çalışır.
Qəzetçilik olduqca məsuliyyətli, dəqiqlik tələb edən bir sahədir. Göz nuru, aydın fikir, dərin müşahidə, geniş təhlil, düzgün yanaşma və ən əsası da sevgi tələb edir. Bu məsuliyyətli və şərəfli işdə “Şərq qapısı”nın bütün əməkdaşlarına uğurlar arzulayırıq.
Yubileyin, müdrikliyin mübarək, doğma “Şərq qapısı!”
Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru