22 Dekabr 2024, Bazar

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Şərq qapısı” qəzeti redaksiyasında yarım ilin yekunlarına dair keçirilən iclası giriş sözü ilə qəzetin baş redaktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultanova açaraq bildirib ki, qəzet ötən yarım ildə muxtar respublikada aparılan quruculuq və inkişaf siyasətini, sosial-iqtisadi tərəqqini, elm, təhsil, səhiyyə və mədəniyyətin inkişafını əks etdirən materialların dərcini diqqətdə saxlayıb. Ötən 6 ayda 116 nömrəsi dərc olunan qəzetdə qəbul edilən fərman, sərəncam və Dövlət proqramlarının icrası ilə bağlı 50-dən çox təhlili məqalə, muxtar respublikada baş verən ictimai-siyasi prosesləri, keçirilən dövlət tədbirlərini əks etdirən 6 icmal dərc olunub.       

 

Ali Məclis Sədrinin elektron medianın inkişaf etdirilməsi, sosial şəbəkələrdə informasiya paylaşımında fəal olmaqla bağlı tövsiyə və tapşırıqlarına əməl etməklə saytdakı materialların yenilənməsinə diqqət artırılıb, son 6 ay ərzində sayta 2400-dən çox material yerləşdirilib, 112 mindən çox baxış olub.  Sayt 2019-cu ildə yenilənib. Qəzetin yüzillik yubileyi ilə bağlı Ali Məclis Sədrinin Sərəncamına əsasən təsdiq olunmuş Tədbirlər Planına əsasən saytın daha da təkmilləşdirilməsi, yenilənməsi istiqamətində iş aparılır. Qəzet Qars müqaviləsinin 100 illiyi, “Nizami Gəncəvi ili” və digər məsələlərlə bağlı redaksiyada diskussiya xarakterli görüşlərin təşkilini və dərcini, diyarımızın müstəqillik illərində keçdiyi tarixi inkişaf yolunun müqayisəli təhlili məqsədilə “Naxçıvan dünən və bu gün” rubrikasında materialların, redaksiyaya ünvanlanan məktubların “Oxucu məktubları” rubrikasında dərcini diqqətdə saxlayıb.

Qeyd olunub ki, Ali Məclis Sədrinin müvafiq sərəncamlarının icrası məqsədilə “Şərq qapısı” qəzeti hami təşkilat kimi Naxçıvan Dövlət Universiteti ilə birgə muxtar respublikada ali təhsilli mütəxəssis hazırlığı, tələbə-jurnalistlərin mətbuatda çıxışlarının təşkili ilə bağlı universitetlə birgə tədbirlər həyata keçirilməsi diqqətdə saxlanılıb, iyun ayında “Müasir dövrdə ənənəvi qəzetlərin və elektron nəşrlərin tərtibat prinsipləri” mövzusunda seminar keçirilib.Yaradıcı istedadı ilə fərqlənən tələbə jurnalistlərin yazıları vaxtaşırı “Estafet” rubrikasında dərc olunur.

Diqqətə çatdırılıb ki, ötən ayın mühüm siyasi hadisəsi Aəzrbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin may ayının 10-da tarixi Qələbədən sonra ümummilli liderin doğum günündə muxtar respublikaya səfəri olub ki, bununla bağlı qəzetdə silsilə analitik təhlili məqalələr dərc olunub. Azərbaycanın öz ərazi bütövlüyünü, tarixi ədaləti bərpa etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsinin gedişi, qazanılan tarixi Qələbə, naxçıvanlı igid hərbçilərimizin müharibədə göstərdikləri tarixi qəhrəmanlıqlarla bağlı materialların dərc olunması işində də qəzet peşəkarlıq və operativlik nümayiş etdirib. Qəzetdə Vətən müharibəsi şəhidləri ilə bağlı materialların “Əfsanəyə dönən ömürlər” rubrikası altında dərc olunması hazırda da davam etdirilir.                                   

Bildirilib ki, muxtar respublika rəhbərinin tövsiyə və tapşırıqlarının icrası nəticəsində mərkəzi icra hakimiyyəti orqanlarının mətbuat xidmətlərinin rəhbərləri təkcə informasiya təminatı ilə kifayətlənmir, müxtəlif janrlarda  uğurlu publisistik yazılarla da mətbuatda fəal çıxış edirlər. Təkcə cari ilin 6 ayı ərzində qəzetdə 115 kənar müəllifin yazısı dərc olunub.                      

Baş redaktor onu da vurğulayıb ki, “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” 2021-ci il 1 iyun tarixli Sərəncamın imzalanması və bu sərəncamla Tədbirlər Planının təsdiq olunması, bütövlükdə, muxtar respublikada kütləvi informasiya vasitələrinin inkişafına dövlət qayğısı olmaqla, milli mətbuatın cəmiyyətdəki, dövlətçilik tariximizdəki mühüm roluna verilən siyasi qiymətdir. Bəhs olunan dövrdə Şərur, Babək rayonlarında yubiley tədbirləri keçirilib, AMEA Naxçıvan Bölməsi ilə birgə Tədbirlər Planına əsasən nəşri nəzərdə tutulan kitabın hazırlanması ilə bağlı müzakirələr aparılıb, konkret mövzu və istiqamətlər müəyyənləşdirilib.

“Şərq qapısı” qəzetinin baş redaktoru Mehriban Sultanova çıxışının sonunda bildirib ki, redaksiya kollektivi Ali Məclis Sədrinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasındakı məruzəsində yaradılan maddi-texniki bazadan və geniş yaradıcılıq imkanlarından səmərəli istifadə etmək, informasiya-məlumatlandırma işinin keyfiyyətini artırmaqla bağlı verilən tapşırıqları başlıca fəaliyyət prinsipi kimi rəhbər tutacaq.

Naxçıvan Muxtar Respublikası Mətbuat Şurasının sədri Rövşən Hüseynov da çıxışında qeyd edib ki, muxtar respublikamızda milli dəyərlərin qorunması və yaşadılması dövlətimizin daim diqqət mərkəzindədir. Qəzetlərdə fəaliyyətin bu istiqamətlərdə qurulması isə böyük əhəmiyyətə malik olub. Şəhər və rayon qəzetlərində milli dəyərlərimiz, mətbəximiz, yurdumuzun nemətləri, xalq yaradıcılığı istiqamətində son 6 ayda 230-dan çox material hazırlanıb.

Bildirilib ki, hər il Naxçıvanda tarixi abidələr bərpa olunur. Mədəniyyətin inkişafı və xalq yaradıcılığının təbliği istiqamətində ardıcıl tədbirlər görülür, görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olunur. Həmçinin qələmə alınan yazılarda tarix-mədəniyyət abidələrimizə göstərilən dövlət qayğısı, görkəmli şəxsiyyətlərin və rəssamlarımızın ədəbiyyatımıza, incəsənətimizə verdiyi töhfələr öz əksini tapıb. Muxtar respublikada bir-birinin ardınca həyata vəsiqə alan yeni-yeni quruculuq ünvanlarından material hazırlamaq da diqqət mərkəzində olub. Son 6 ayda bu sahədən 100-dən çox yazı hazırlanıb.

Vurğulanıb ki, arıçılığın, turizmin, muxtar respublikanın sosial-iqtisadi inkişafının, icbari tibbi sığortanın tətbiqi, xalça sənətinin qorunması, eyni zamanda kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və ixracının stimullaşdırılması, meyvəçiliyin və tərəvəzçiliyin inkişafı, əhalinin məşğulluğunun artırılması, idmanın inkişafı, sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası və başqa sahələrin inkişafı ilə bağlı qəbul olunan Dövlət proqramlarının icrası diqqətdə saxlanılıb, bu mövzuda 110 material hazırlanıb.

Diqqətə çatdırılıb ki, sağlam, vətənpərvər gənc nəslin yetişdirilməsi dövlətimizin qarşısında duran əsas məsələlərdən biridir. Çünki ölkəmizin gələcəyi, müqəddəratı gənclərdən asılıdır. Mətbuat orqanlarımız bu sahəni də diqqətdə saxlayıb, muxtar respublikada gənclərə göstərilən dövlət qayğısı, onların milli ruhda tərbiyəsi, ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, diyarımızda idmanın inkişafı, şahmat üzrə ölkə çempionatının keçirilməsi və digər sahələrdən 80-dən çox yazı hazırlanıb. Ordu quruculuğu və Vətən müharibəsi ilə bağlı təqdim olunan materiallar daha ürəkaçandır. Son 6 ay ərzində bu sahədən 135 yazı  tərtib olunub.

Sonra "Şərq qapısı" qəzetinin məsul katibi Muxtar Məmmədov və Xəbərlər, ictimai-siyasi məsələlər və kənar müəlliflərlə iş şöbəsinin müdiri Nail Əsgərovun da çıxışları dinlənilib. Çıxışlarda jurnalistikanın inkişafına, gənc kadr potensialının formalaşmasına göstərilən dövlət qayğısından, redaksiya əməkdaşlarının üzərinə düşən məsul vəzifələrdən bəhs olunub.

Aytac CƏFƏRLİ

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR