Naxçıvan Muxtar Respublikasında ənənə halını alan “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin on beşinci tirajının qalibləri müəyyənləşib. 1 yanvar 2021-ci il tarixdən 1 iyul 2021-ci il tarixədək daha çox nağdsız ödənişlər edən muxtar respublika sakinləri tirajın nəticələrinə görə qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Naxçıvan Biznes Mərkəzində hədiyyələrin təqdim olunması ilə əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 9 avqust tarixli Sərəncamı ilə “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq edilib və nağdsız ödənişlərin həcminin artırılması istiqamətində mühüm tapşırıqlar verilib.
Vurğulanıb ki, 2021-ci ilin ilk 6 ayında ödəniş kartları vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 56 milyon 188 min 728 manata çatdırılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 milyon 905 min 381 manat çoxdur. Bundan əlavə, aparılan işlər nəticəsində əməkhaqlarının nağdsız formada ödənişini təmin etmək üçün 2021-ci ilin birinci yarım ilində özəl sektorda 47 vergiödəyicisi üzrə 333 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib.
Tədbirdə çıxış edən Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədr müavini Orxan Abdullayev qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində nağdsız ödəniş həcmində ilbəil artım müşahidə olunub, əhaliyə göstərilən xidmətlərin sayı artırılaraq elektron hesablaşmaların əhatə dairəsi genişləndirilib.
Diqqətə çatdırılıb ki, iqtisadiyyatın bütün sahələrini effektiv şəkildə əhatə edən POS-terminal şəbəkəsi vasitəsilə aparılan ödənişlərlə yanaşı, internet və digər ödəniş sistemləri ilə həyata keçirilən elektron hesablaşmaların həcminin artması da bu sahədə aparılan tədbirlərin müsbət nəticələridir. Belə ki, 1 iyul 2021-ci il tarixə əsas ödəniş alətlərindən sayılan POS-terminalların sayı, ümumilikdə, 1467 ədədə çatdırılıb. Cari ilin ilk 6 ayı ərzində muxtar respublika sakinləri tərəfindən aparılmış nağdsız ödənişlərin 18 milyon 84 min 459 manatı POS-terminallar, o cümlədən 11 milyon 277 min 571 manatı Naxçıvan şəhəri üzrə, 38 milyon 104 min 269 manatı isə internet və digər ödəniş vasitələri üzərindən həyata keçirilib.
1 iyul 2021-ci il tarixə nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı, ümumilikdə, 115 ədəd, ödəniş terminallarının sayı isə cari ildə 18 ədəd artaraq 97 ədəd təşkil edib.
Qeyd olunan dövrdə muxtar respublika üzrə əməkhaqqı, pensiya və fərdi ödəniş kartı alanların sayı isə 275 min 11 ədəd olub.
Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin şöbə rəisi Rəşad Əliyev çıxışında nəzərə çatdırıb ki, 6 ay ərzində bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınmaqla və bir sıra amillərə əsasən hədiyyələr meyarlar üzrə qruplaşdırılıb. Belə ki, 1-ci meyar üzrə 400 manatdan 701 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim ediləcək hədiyyələrin dəyəri 35-55 manat arasında müəyyən olunub ki, bu meyarda muxtar respublika üzrə 225 şəxs, o cümlədən Naxçıvan şəhəri üzrə 45 şəxs hədiyyə qazanıb. 2-ci meyar üzrə 701 manatdan 1001 manatadək nağdsız əməliyyat aparan şəxslərə təqdim ediləcək hədiyyələrin dəyəri 55-70 manat arasında müəyyən olunub ki, bu meyarda muxtar respublika üzrə 119, o cümlədən Naxçıvan şəhəri üzrə 20 şəxs hədiyyə qazanıb.
3-cü meyar üzrə 1001 manatdan çox nağdsız əməliyyat aparan şəxslərə təqdim olunacaq hədiyyələrin dəyəri 75-90 manat arasında müəyyən edilib ki, bu meyarda muxtar respublika üzrə 101, o cümlədən Naxçıvan şəhəri üzrə 21 şəxs hədiyyə qazanıb.
Sonra nağdsız ödənişlər sahəsində fəallıq göstərən şəxslərə hədiyyələr təqdim edilib.
Qeyd edək ki, analoji tədbirlər Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Culfa, Ordubad, Şahbuz, Kəngərli və Sədərək rayonlarında da keçirilib.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti