22 Dekabr 2024, Bazar

Ulu öndər Heydər Əliyevin 31 il əvvəl Naxçıvanda verdiyi ilk müsahibə

İyulun 22-si ölkəmizdə Milli Mətbuat Günüdür. Bu tarix həm də Ümummilli lider Heydər Əliyevin Moskvadan Naxçıvana qayıdaraq Mustəqil Azərbaycan uğrunda mübarizəyə başlaması ilə əlamətdardır. Naxçıvanda böyük sevgi və ehtiramla qarşılanan Heydər Əliyev həmin vaxt ilk müsahibəsini də “Şərq Qapısı”nın müxbiri Möhsün Möhsünova verib. Qəzetin arxivindən həmin məqaləni əldə edərək izləyicilərə təqdim edirik.

Qeyd edək ki, bu il “Şərq Qapısı” qəzetinin 100 illik yübileyi silsilə tədbirlərlə qeyd olunur.

  ***

Xüsusi müxbirimizin iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan KP MK-nin keçmiş birinci katibi, Sov. İKP. MK Siyasi Bürosunun keçmiş üzvü, SSR Nazirlər Soveti Sədrinin keçmiş birinci müavini Heydər Əlirza oğlu Əliyevlə müsahibəsi.  

Heydər Əliyev bir neçə gündür ki, doğma vətəni Naxçıvandadır. O, Naxçıvan şəhər zəhmətkeşləri ilə görüşmüş, rayon və kəndlərdə olmuş, adamlarla söhbət etmiş, onları maraqlandıran suallara cavab vermişdir. Heydər Əlirza oğlu Əliyevin Naxçıvana gəlməsini eşidən oxucular tez-tez redaksiyamıza zəng vurur, onun səhhəti, işi, fəaliyyəti ilə maraqlanırlar. Oxucuların arzusunu nəzərə alaraq xüsusi müxbirimiz  Heydər Əlirza oğlu Əliyevlə görüşüb söhbət etmişdir.

Söhbətə başlamazdan əvvəl bildirmək istəyirəm ki, Heydər Əliyev doğma Naxçıvan torpağında bacısının mənzilində yaşayır. Gözəl, səliqəli həyətdə Heydər Əliyevlə görüşə onun dostları, qohumları, pərəstişkarları gəlirlər. O bizimlə çox səmimi və mehriban görüşdü. Onu da deyim ki, gəldiyi günə nisbətən özünü daha gümrah hiss edir. Çöhrəsində bir nikbinlik, xoş əhval-ruhiyyə var.  Sadə yarımqol köynək geyinmişdi. Naxçıvanla bağlı əhvalatları şirin yumorla söyləyir. Danışdıqca o böyük insanın dərin, möhkəm hafizəsinə həsəd aparmalı olursan. Özümü təqdim etdim, yarızarafat, yarıgerçək dedi:  Bir şərtlə müsahibə verərəm ki, olduğu kimi dərc edəsiniz. Mən razılaşdım. Bir qədər söhbət etdikdən sonra günün ikinci yarısında görüşməyi məsləhət bildi. Həmin vaxt gəldim. Litvada çıxan respublika qəzetinin müxbiri Ritas Siyatalis də burada idi. O, Heydər Əliyevin gəlməsini eşidib onunla müsahibə almağı qərara almışdı. Belə şərtləşdik ki, lazım gəlsə biri-birimizin suallarından istifadə edək.

Yoldaş Əliyev, hər şeydən əvvəl icazə verin qəzetimizin minlərlə oxucusu adından Sizi salamlayım və Sizə möhkəm cansağlığı arzulayım.

- Çox sağ olun.

Siyasi Bürodan çıxdıqdan sonra sizin həyatınız necə keçir?

- Nə deyə bilərəm, təxminən üç il əvvəl mən Siyasi Büronu tərk etmişəm. Əsas səbəb xəstəliyim olub. İnfarkt keçirdim. Həkimlər fəal həyat tərzindən əl çəkməyi məsləhət görürlər. Artıq üç ildir ki, siyasi həyatdan kənardayam. Lakin 1989-cu ilin aprelinədək  Sov İKP Mərkəzi Komitəsinin üzvü, SSRİ, həmçinin bu ilin ortalarınadək RSFSR Ali Sovetlərinin deputatı olmuşam. Amma fəaliyyət göstərməmişəm. Bununla bərabər mən bir sıra qüvvələrin, xüsusilə bəzi kütləvi informasiya vasitələrinin ədalətsizliyini, özümə qarşı qərəzkarlığını üzərimdə hiss etmişəm. Mənə elə gəlir ki, bu işdə müəyyən dərəcədə partiya orqanlarının müvafiq dairələrinin əli vardır. Azərbaycanda bu, şübhəsiz belə idi. Lakin Moskvada da  bu cür  hücumlar təşkil olunurdu. Cəmi ilyarım Azərbaycan KP MK-nın birinci katibi işləyən və fəaliyyəti biabırçı uğursuzluqla başa çatan Ə.Vəzirov bu işin şübhəsiz  təşkilatçısı idi. O mənim haqqımda istər respublika, istərsə də Moskva mətbuatında böhtanlı məqalələr çap olunmasını təşkil edirdi. Mən dözəmyə çalışırdım.  Əlbəttə bir insan kimi qəlbim inciyirdi, axı özümə qarşı belə münasibətlər haqsız idi. Buna görə də 1989-cu ilin aprelində  təəccüblü bir hadisə - Mərkəzi Komitənin 110 üzvünün və üzv namizədinin öz arzusu ilə Mərkəzi Komitədən çıxdığı zamanda axırıncı imkan olduğunu nəzərə alıb MK-nın plenumunda çıxış etdim və dedim ki, mənə qarşı böhtançılıq kampaniyası təşkil edilibdir. Bu başdan-ayağa haqsızlıqdır. Mən belə hesab edirəm ki, ləyaqətlə işləmişəm. Əlbəttə səhv və nöqsanım da olub. Bunsuz mümkün deyil. Lakin mənim ünvanıma deyilən böhtanlar heç bir həqiqətə uyuşmur. Bu dediklərim üçün müddət üzvü olduğum Siyasət Büronun üzvlərinə və çiyin-çiyinə işlədiyim yoldaşlara təsir etmədi. Onlar dediklərimə əhəmiyyət verməlidirlər. Sonra mənə bir sıra müxbirlər müraciət etdilər. Mən xeyli müddət müsahibə vermədim. Keçən ilin noyabr ayında “Teatralnaya jizn” jurnalının müxbiri Andrey Karaulov mənə müraciət etdi. Mən ona müsahibə verdim. Daha sonra mənim nöqteyi nəzərimcə Azərbaycanda bu il yanvarın 19-20-də törədilən cinayət buraya böyük miqdarda hərbi qüvvə yeridilməsi və bunun da  öz növbəsində xeyli insan təlafatına səbəb olması mənə çox pis təsir etdi. Mən daha susa bilmədim. Buna görə də Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gəldim. Burada mətbuat konfransında müxbirlərin suallarına cavab verərək bu hərəkətin antihumanist, konstitusiyaya zidd hərəkət olduğunu bildirdim. Mən ölkənin siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun hərəkətini pislədim.  Bildirdim ki, Azərbaycanda yaranmış ağır vəziyyəti belə bir tədbirə əl atmadan da nizama salmaq mümkün olardı. Lakin mərkəz qanundan  kənar yolla getdi. Həmin gündən sonra mənə qarşı hücumlar da gücləndi. Düz on gün sonra Pravda qəzetində mənə qarşı vicdan və insan ləyaqətindən uzaq cəfəngiyyat və hər cür uydurmalarla dolu məqalə çap olundu. Bu vaxt mən başa düşdüm ki, mübarizə lazımdır. Deməli, mübarizə aparmalıyam. Bax, beləliklə mən bu günə, indiki vəziyyətə gəlib çıxdım.

-Mümkünsə deyin, Siz öz əvvəlki Azərbaycan KP MK-da birinci katib, həm də Siyasi Büroda işinizi necə qiymətləndirirsiniz? Olub keçənləri yada salandan sonra özünüzü mühakimə etmisinizmi?

-Mən uzun illər Bakıda və Moskvada respublika və ittifaq miqyaslı rəhbər vəzifələrində işləmişəm. Onu deyə bilərəm ki, öz xalqıma, Sovet ittifaqına mənsub olduğum Komunist partiyasına namus və vicdanla xidmət etmişəm. Mən belə hesab edirəm ki, indi bütün ölkənin, hər bir xalqın, hər bir respublikanın həyatında yeni mərhələ başlanıb. Hər bir xalq öz taleyini özü bildiyi kimi müəyyənləşdirməlidir. Həyatımın ötən günlərinə gəldikdə isə deməliyəm ki, keçmiş keçmişdə qalıb. Ümumiyyətlə, bu gün bütün işləri başlı-başına buraxıb keçmişi həddən artıq ələk-vələk etmək mənim xoşuma gəlmir. Bir baxın, artıq altıncı ildir ki, keçmişi amansız sürətdə döyürük. Altıncı ildir ki, ölkəmiz iqtisadi və siyasi cəhətdən dağıdılır. Bütün bu dövrlərdə bizə vədlər “yedirdirlər”, nə bilim bu yeni mərhələdir, bu dönüş mərhələsidir, bu kəskin dönüşdür və.s. axı nə qədər mərhələ ola bilər. Buna görə də belə hesab edirəm ki, indi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir. Bugünkü fikrim budur.

Komunist partiyası haqqında sizin təsəvvürünüz dəyişibmi?

-Bu çox maraqlı sualdır. Bu məsləyə dialektik nöqteyi nəzərdən yanaşmaq lazımdır. Amma bir şey aydındır ki, bu gün partiya çox ağır vəziyyətdədir. Əgər sırasında olduğun partiya dağılıbsa, təbii ki, bu səni də düşünməyə vadar edir, həm də keçmiş mənada düşünməyə vadar edir. Deməli mən də düşünməyə məcburam.

Altıncı ildir ki, ölkədə yenidənqurma gedir. Bir təcrübəli siyasi xadim kimi Siz bunu necə qiymətləndirirsiniz?

-Bilirsiniz, yenidənqurma sözü hamını təngə gətirib. Hər bir anlayışın nüfuzunu qoruyub saxlamaq lazımdır. Nüfuz itəndən sonra ona inam da itir. Sovetlər ölkəsinin həyatında içdən dəyişikliklərə və bu dəyişikliklərin partiya tərəfindən həyata keçirilməsinə gəldikdə isə deməliyəm ki, mühafizəkar qüvvələr bu işə əngəl törədir, bu işi pozur. Ölkədə siyasi və iqtisadi böhran hökm sürür. İndi adamların rifah halı ildən-ilə pisləşir. Ərzaq və xalq istehlakı mallarının qıtlığı artır. Bir sözlə, ölkədə həyat get-gedə ağırlaşır. Belə isə nə üçün siyası qüvvələr və bütün dövlət aparatı yaşayır. Sovet adamlarının yaşayışı get-gedə pisləşir. Buna görə də mənə elə gəlir ki, nəticə neqativ nəticədir. Əlbəttə, bununla yanaşı, indi öz fikrini sərbəst söyləmək, respublikaların öz suverenliyi və müstəqilliyi uğrunda mübarizə aparmaq imkanı vardır.

- Yeltsinin, sonra isə Sobcakın, Popovun siyası meydana atılmasına necə baxırsınız? Siz onlarla şəxsən tanışsınızmı?

- Mən ayrı-ayrı adamlar haqqında yox, problemlər haqqında danışmaq istərdim. Şəxsiyyət özünü bu gün bir, o biri gün  isə başqa bir cəhətdən göstərə bilər. Ona görə də gəlin bu sualdan yan keçək.

 –Bu ilin sentyabrında Azərbaycanda respublika vətəndaşları xalq elçilərinə səs verəcəklər. Güman etmək olar ki, bu dəfə deputatlar həqiqi xalq elçiləri olacaqlar. Siz bir siyasi xadim kimi Azərbaycanın yeni Ali Sovetinin başlıca vəzifəsini nədə görürsünüz? Ali Sovet nəyi həll etməlidir? 

- Əgər həqiqətən əsl xalq deputatları seçiləcəksə (bunu həyat göstərər gəlin irəli qaçmayaq) onda müəyyən söz demək olar. İndi isə qısaca deyim ki, mən Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqilliyinin tərəfdarıyam.

Bu ilin 19-20 yanvarında Bakı  hadisələrinin əsas təqsirkarı kimlərdir?

- Azərbaycanın keçmiş rəhbərliyi və ölkənin siyasi rəhbərliyi.

Vaxtınızı necə keçirirsiniz? Əvvələr az qala bütün sutkanı işləyirdiniz, vaxtı hiss etmirdiniz, indi necə?

-Bilirsiniz, son iki ildə mənim haqqımda o qədər ədalətsizliklər edilib ki, bunlar mənim həyatımı zəhərləyib. Belə bir əhval ruhiyyədə olan adam isə özünü toplayıb sistemli bir iş aparmaqda çətinlik çəkir. Bəzən çox mütaliə edirəm, bəzən yazıram.

Memuar yazırsınızmı?

-Hələ konkret heç nə demək olmaz, amma bəzi qeydlər edirəm. Onlar gərək yazıla və xalqa çatdırıla. Əgər bu borcumu yerinə yetirmədən dünyadan köçsəm çox pis olar. Mənim bildiklərimi demək olar ki, Azərbaycanda heç kim bilmir.

-Sizə hal-hazırda nə kimi imtiyazlar verilib?

-Heç bir imtiyaz verilməyib.

-Nə kimi məhdudiyyətlər var?

-Məhdudiyyət ondan ibarətdir ki, evində yaşayırsan, heç bir imtiyazın da yoxdur. Pensiyanı alırsan, yaşayırsan.

Belə çıxır ki, mağazaya da, dükana da, bazara da özünüz gedirsiniz?

-Bəli, bəli.

Fərdi maşınınız da yoxdur?

- Xeyr, yoxdur. Biz azərbaycanlıyıq. Yay vaxtı mənim və uşaqlarımın Azərbaycana gəlməsi üçün imkan yoxdur. Bakıda nə evim var, nə bağım. Gəlib düşmüşəm qardaşım Cəlalın evinə. Onun da balaca-balaca otaqları var. İki gecə divanda yatmışam. İndi də bacım evindəyəm.

 – Naxçıvanda belə qarşılanma gözləyirdiniz?

  • Meydanı nəzərdə tutursunuz?
  • Bəli
  • Mənə elə gəlir ki, belə də olmalıdır.

Gəlişinizin əsas məqsədi?

- Əvvələn mən beş ildir ki, Azərbaycanda olmamışam. Axı vətən çəkir, get-gedə daha çox çəkir. İkinci, mənim evində oturduğum böyük bacım bir neçə il əvvəl vəfat edib. O vaxt mən xəstəxanada olduğumdan bunu mənə bildirməyiblər. Son vaxtlarda bildiriblər. Mən onun xatirəsini yad etməliydim. Atamın qəbri burada, anamın qəbri Bakıdadır. Onları da ziyarət etməliydim ya yox?

-Siz 3-4 il əvvəl Naxçıvana gələ bilərdinizmi? 

- Dörd il əvvəl mən vəzifədəydim.

Vəzifədən çıxandan sonra necə?

-Vəzifədən çıxandan sonra Naxçıvana gələ bilərdim, amma gələ bilmədim. Bir il sonra şərait olmadı. Azərbaycanda vəziyyət qarışdı. Qarabağ hadisələri qalxdı, mərkəzi mətbuat orqanları da yazdı ki, hadisələrdə Əliyev günahkardır. Ona görə də Qarabağda ermənilər ayağa qalxıb Ermənistana keçmək istəyirlər. Çünki Əliyev vaxtı ilə Qarabağa pis baxıbdır. Hörmətli yazıçımız Mirzə İbrahimov kimi adam da Sovetskaya kultura qəzetinə belə bir məqalə yazdı.

-Burada da gəlib camaat qarşısında dedi ki, yazını o yazmayıb, redaksiyada dəyişiblər.

-Bəli, mənə heç bir yerdə imkan vermədilər ki, çıxış edib bu barədə sözümü deyim. Nəhayət 1989-cu ilin aprel ayında MK-nın tərkibindən çıxanda öz fikrimi dedim. Bilirdim ki, bu yalandır. Qorbaçov deyirdi ki, güya Qarabağda ermənilərin bu məsələni qaldırmağa haqqı vardır. Çünki onlar guya uzun illər ehtiyac içərisində olublar. Onlar əzab çəkmiş, güzəranları pis keçmiş, onlara yaxşı baxmamışlar. Bu da tam yalandır. Bunu isə görün kim deyir? Bu böyüklükdə ölkənin rəhbəri. Orda da deyir, burda da deyir. Vəzirov da bunu təkrar edir. Mirzə İbrahimov da təkrar edir. Mənimlə Azərbaycana rəhbərlik edən adamlar isə ağızlarına su alıb durdular. Belə vəziyyətdə mən necə gələrdim?! İstəyirdim Bakıya gələm. Camaatı yığıb deyəm ki, bunlar yalandır, ancaq mənə imkan vermirdilər.

-Deməli, məhdudiyyət var idi?

-Əlbəttə, var idi.

-Siz üç gündür buradasınız. Nə qədər qalacaqsınız? Həmişəlik qalmaq istərdinizmi?

-Nə qədər qalacağam? Görək də, necə olur? Başqa yerdə ev verməsələr, elə gəlib burda qalacağam.

-Dünən Nehrəm kəndinin camaatı Sizi Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizəd irəli sürdü. Mən inanmıram ki, Siz deputat seçiləcəksiniz. Belə olan təqdirdə nə kimi platforma irəli sürmək istərdiniz?

-Platformanı yuxarıda dedim. Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrunda mübarizə aparmaq.

-Yoldaş Əliyev, Siz bir anlığa mənim yerimə olsaydınız Heydər Əliyevə  ən başlıca sualınız nə olardı?

-(xeyli gülür) Hansı  sualı verərdim? Çox sual verərdim. (yenə gülür)

-Başlıca sual...

-Başlıca sual? Soruşardım ki, ay Əliyev, bəzi adamları niyə yaxşı tanımamısan?

-Gözəl cavabdır.

-Qarabağ hadisələri sizin vaxtınızda baş verə bilərdimi?

- Mənim vaxtımda başlaya bilməzdi.

-Niyə?

-Mən buna yol verməzdim.

-Necə?

-Əlimdə olan bütün imkanlardan tam istifadə edərdim.  

Qarabağın aqibəti necə olacaq?

-Çox çətindir. Gərək Azərbaycan öz torpağının tam sahibi olsun. Bir qarış torpağı da vermək olmaz. Mən 14 il Azərbaycana rəhbərlik eləmişəm, bir ovuc torpaq verməmişəm, amma məndən əvvəlki və sonrakı dövrlərdə Azərbaycandan xeyli torpaq veriblər. Mənə belə gəlir ki, mübarizə aparmaq lazımdır. İndiki mübarizə yaramaz. Burda bir kəlmə de, orda bir kəlmə de. Bu mübarizə deyil, bu camaata göstərməkdir ki, guya mən mübarizə aparıram.

-Mən Qarabağı dedim, amma Naxçıvanda da vəziyyət  çoxdandır ki, gərgindir. Bu vəziyyətdən çıxış yolu nədədir? Dediyiniz mübarizənin üsulu necə olmalıdır?

-Rəhbərliyin gərək iradəsi olsun. İradə! Gərək hər bir rəhbər adam belə hesab etsin ki, onun borcu xalqın öz torpağının, rəhbərlik etdiyi vilayətin, respublikanın müqəddəsliyinin keşiyində durmaqdır. Demək, özünü qurban verməlisən. Özünü bir kənara qoymalısan. Öz şəxsi arzularından əl çəkməlisən, özünü ancaq və ancaq bu işə sərf etməlisən. Mən 14 il respublikaya, xalqa xidmət etdim. Ona görə də indi necə deyərlər, çılpaq qalmışam. Ancaq mən heyfsilənmirəm. Bir də siyasi fəaliyyətə başlasaydım, elə bu yolla da gedərdim, başqa yolla gedə bilməzdim.

-Bu yaxınlardan Sov İKP-nin XXVIII qurultayı öz işini qurtardı. Həm də Siz Naxçıvan partiya təşkilatı tərəfindən Azərbaycan kommunistlərinin Ali Məclisinə nümayəndə seçilmisiniz. Mümkünsə deyin, Sov İKP-nin XXVIII qurultayı sizə necə təsir etdi. Bir də Azərbaycan kommunistlərinin Ali məclisinin birinci hissəsində iştirak etmədiniz. İkinci hissəsində iştirak etmək fikriniz varmı?

-Sov İKP XXVIII qurultayı həqiqi partiyaçıların ümidlərini doğrultmadı. Qaldı ikinci məsələyə, mən Naxçıvan kommunistlərinə minnətdaram ki, Moskvada ola-ola məni qurultaya nümayəndə seçdilər, amma gedib-getməməyimi deyə bilmərəm. Çox qurultayların nümayəndəsi olmuşam, lakin Azərbaycan kommunist partiyasının XXXII qurultayına nümayəndə seçilməyim mənim üçün böyük şərəfdir. Fəqət mənim bu qurultayın açılışında iştirak etməyimə imkan vermədilər. Qarşımı kəsdilər. Ona görə də bilmirəm qurultayın ikinci hissəsinə getməyinə lüzum varmı? Güman ki getməyəcəyəm.

-Müxtəlif mətbuat dairələrində Sizi “İslam fundamentalizmi”nin tərəfdarı kimi təqsirləndirirlər.

-Bilirsiniz yalan, böhtan indi elə geniş miqyas alıb ki, mənə desələr sən Roma papasının təbliğatçısısan, yenə təəccüblənmərəm. Çünki, o qədər yalan danışırlar, o qədər yalan şeylər yazırlar ki, artıq adamın qulağı öyrəşib. O ki qaldı mənim İslam fundamentalizminin təşkilatçılarından olmağıma, deməliyəm ki, mən belə bir arzuda da olmamışam. İslam dininə gəldikdə  isə  deməliyəm ki, mənim ona hörmətim var. Ümumiyyətlə, bütün dinlərə hörmətim var. Düzdür, indi islam dini də inkişaf edir. Başqa dinlərə nisbətən zəif inkişaf edir. İslam dininin respublikada inkişaf etməsini müsbət qiymətləndirirəm.

-Allaha inanırsınız?

-İlahi qüvvəyə inanıram.

-Sizin Moskvada oğlunuz və qızınız var. Onlar nə ilə məşğuldurlar, harada yaşayırlar?

-İndi hamımız bir yerdə yaşayırıq. Həyat yoldaşım beş il qabaq vəfat etmişdir. Ondan sonra mənim istinad nöqtəm ailəmdir. Qızım, oğlum, nəvələrim bir yerdə yaşayıram. Oğlum İlham Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. İngilis, fransız dillərini bilir. Həmin institutun aspiranturasını qurtarıb. Namizədlik disertasiyası müdafiə edib. Amma mən işdən çıxandan sonra onun da həyatında çətinliklər baş verib. İxtisasına görə iş vermirlər. Deyirlər ki, sən Əliyevin oğlusan. Yazdığı əsərlər bir tərəfdə qalıb. Bu da ona əzab verir. Qızım Sevil də Şərqşünaslıq institutunun aspiranturasını bitirib, elmlər namizədidir. Həmin institutda işləyirdi. Son vaxtlar işləmir. Beş nəvəm var.

-Deməli evlənməyiniz haqda dedi-qodu boş şeydir.

-Dedi-qodu deyil. Ağ yalandır. Mən həyat yoldaşım Zərifə xanıma çox sadiq olmuşam. Onun xatirəsi mənim üçün müqəddəsdir. Hərənin bir xasiyyəti var. Ailə münasibətlərində mən ehkamçıyam.

 -Sevimli məşğuliyyətiniz...

-Kitabı daha çox sevirəm. Çoxlu kitablarım var. Təssüf ki, arxivimin bir hissəsi Vəzirovun təqsiri üzündən məhv oldu. Mədəniyyəti çox sevirəm. Musiqini başa düşürəm, rəssamlığı xoşlayıram. Vaxtı ilə memar olmaq istəmişəm. Hətta, iki kurs memarlıq fakültəsində oxumuşam. Mədəniyyət adamları ilə həmişə yaxın olmuşam. Başqa məşğuliyyətim olmayıb, balıqçılıq, ovçuluq etməmişəm.

-Kimi daha çox oxuyursunuz?

-Azərbaycanın həm keçmiş, həm də müasir yazıçılarının əsərlərini. Qərbi Avropa və rus klassiklərini oxumağı çox sevirəm. Son dörd-beş ildə yaranan əsərləri oxumaq həvəsim yoxdur. Konyukturacı ədəbiyyatdır.

-“Şərq qapısı” qəzetinin oxucularına sözünüz?

- Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə pedaqoji texnikomda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı” ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtan nüfuzlu qəzet kimi hafizəmdə qalıb. Oxuculara daha fəal olmağı arzulayıram.

-Müsahibə üçün çox sağ olun.

                                                                                                                                         Müsahibəni apardı: M. Möhsün

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR