Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev və bir qrup əməkdaşı Türkiyənin Hacı Bayram Vəli və Qazi Universitetlərində rəsmi səfərdə olublar. Türkiyənin Hacı Bayram Vəli Universitetinin rektoru, professor Yusuf Tekin qonaqları salamlayaraq bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qazanılan beynəlxalq əməkdaşlıqdan danışıb.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev rəhbərlik etdiyi ali təhsil ocağında müxtəlif profilli ixtisaslar üzrə aparılan kadr hazırlığı haqda məlumat verib. Bildirilib ki, xüsusi ilə humanitar və ictimai elmlər sahəsində uzunmüddətli təcrübəsi olan NDU-da bu istiqamətdə birgə elmi-tədqiqat və elmi nəşrlər sahəsində ortaq fəaliyyət göstərmək üçün əlverişli mühit mövcuddur.
Görüş çərçivəsində iki universitet arasında yaxın gələcəkdə “Uzaktan Eğitim Merkezi” ilə birgə fəaliyyət, konservatoriya ixtisasları üzrə ikili diplom proqramının həyata keçirilməsi, Hacı Bayram Vəli Universitetinin Turizm Fakültəsinin təcrübəsi ilə NDU turizm işinin təşkili ixtsasları arasında ikili diplom proqramının təşkili, rəqəmsal təhsildə keyfiyyətin təmini üçün elektron-öyrənmə sisteminin gücləndirilməsi, doktorantura təhsil pilləsində keyfiyyətin və xarici təcrübələrdən faydalanması məqsədi ilə “iki elmi rəhbərli” ixtisaslara qəbul planı aparılması nəzərdə tutulub.
Qazi Universitetində keçirilən görüşdəisə universitetin prorektoru, professor Bekir Buluç Naxçıvan Dövlət Universitetindən olan qonaqları salamlayaraq müxtəlif profilli ixtisaslar üzrə doktorant və dissertant mobilliyi, fransız və ingilis dili ixtisasları üzrə təcrübə mübadiləsinin mümkünlüyünü qeyd edib.
NDU-nun rektoru Elbrus İsayev bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağında xarici dillərin tədrisi müasir avadanlıqlarla zəngin ayrıca binada həyata keçirilir. Rektor Fransız və İngilis dili ixtisasları üzrə təcrübi dərslərin keçirilməsi üçün Sinxron tərcümə mərkəzinin fəaliyyətindən və yeni texnologiya imkanlarına malik müasir tərcümə avadanlıqlarının müəllim və tələbəheyətinin istifadəsində mühüm əhəmiyyətindən danışıb. Elbrus İsayev bu ixtisaslarda müəllim-tələbə mobilliyinin də aktual istiqamət olduğunu diqqətə çatdırıb. Görüş zamanı Qazi Universitetində xarici dil tədris edən müəllimlərin NDU-da tədrisə yönləndirilməsi, sinxron tərcümə sahəsində Qazi universitetinin təcrübəsinin öyrənilməsi, tibb sahəsində birgə təlim, tədris və tədqiqatın həyata keçirilməsi, mühəndislik ixtisasları üzrə ikili diplom proqramı imkanlarının müzakirə edilərək həyata keçirilməsi, texnologiya ixtisası sahələri əsasında təcrübələrin paylaşılması, universitet kitabxanaları arasında mübadilələrin təşkil edilməsi, xarici dil, sinxron tərcümə və tədris texnikasının öyrənilməsi məqsədi ilə NDU-nun müəllim heyətinin Qazi Universiteti ilə mübadiləsinin təşkil edilməsi, doktorantura sahəsi üzrə doktorant və dissertantların tədqiqat məqsədi ilə qarşılıqlı mübadilə imkanlarının müzakirəsi və təşkili, biotexnologiyalar sahəsində əməkdaşlığı və bir sıra mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanın Ankaradakı Səfirliyinin Təhsil Müşaviri dosent Nəcibə Nəsibova da iştirak edib.
NDU-nunTeleviziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi