04 Noyabr 2024, Bazar ertəsi

“Həyat yerində durmur, yaranan yeni reallıqlar yeni əməkdaşlıq münasibətlərinin formalaşdırılmasını, səylərin artırılmasını, regoionda və dünyada cərəyan edən proseslərin təhlili əsasında  yeni hədəflərin müəyyənləşdirilməsini bir zərurət kimi ortaya qoyur. Bu baxımdan 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Qələbəmizdən sonra istər regionda, istərsə də dünyada  baş verən yeniliklər  diqqət mərkəzindədir.  Vətən müharibəsinin həqiqət anı kimi bu gün də geniş müzakirə olunur, dost, qardaş ölkələrin  ədalətə dəstəkdən irəli gələrək  Azərbaycanın yanında olmaları təqdir edilir, bu addımın müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsini şərtləndirdiyi qeyd olunur. Daim yeniliklərə imza atan, təşəbbüsləri, qərarları ilə yalnız özünün deyil, region və dünya ölkələrinin inkişafına dəstək olan respublikamızın üç dost, qardaş ölkənin-Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin bir araya gəlməsi təşəbbüsü və  bu qərar əsasında onların paytaxtımızda görüşmələri təqdir olunmaqla yanaşı, imzalanan Bakı Bəyannaməsinin  vəd etdiyi perspektivlər geniş müzakirə olunmaqdadır."

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

 “Bakı Bəyannaməsi tarixi və strateji bir hadisədir” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu sənəd  dost ölkələr arasında əməkdaşlığın gücləndirilməsində, təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayacaq: “Azərbaycan-Türkiyə birliyi daim dünyaya nümunədir. Bütün anlarda bir-birinin yanında olan Azərbaycan və Türkiyənin birliyinin sarsılmazlığı Vətən müharibəsində bir daha özünü dünyaya nümayiş etdirdi.  Eyni birlikdə bu gün Pakistanın da yer alması, hazırda dünyanın Azərbaycan-Türkiyə-Pakistan dostluğundan, qardaşlığından bəhs etməsi  qürurvericidir. Tarixi Zəfərimiz bu birliyin də  təqdimatında əhəmiyyətli rol oynadı. Türkiyə və Pakistanın Azərbaycana mənəvi və siyasi dəstəkləri, Zəfərin sevincini ölkəmizlə, xalqımızla eyni şəkildə yaşamaları  dövlət başçısı İlham Əliyev tərəfindən  müxtəlif səviyyələrdə keçirilən görüşlərdə  xüsusi qeyd olunur. Prezident İlham Əliyev iyulun 27-də Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bu məqamlara diqqəti yönəldərək  əminliklə bildirmişdir ki, Pakistan, Türkiyə və Azərbaycan parlamentlərinin sədrlərinin üçtərəfli görüşü qardaş ölkələr arasında  tərəfdaşlığın inkişafı işinə xidmət edəcək.”

Baş redaktor vurğulayıb ki, Bəyannamədə dövlətlərimiz, xalqlarımız  arasında mövcud  əlaqələrin yeni istiqamətlər üzrə inkişafı  üçün  parlament səviyyəsində  dialoqun və əməkdaşlığın gücləndirilməsinin vacibliyi də  öz əksini tapıb: “ Dövlət başçısı İlham Əliyev 10 mart 2020-ci ildə yeni  formalaşmış parlamentin ilk iclasındakı proqram xarakterli  nitqində qanunverici orqanın qarşıdakı dövr üçün  vəzifələrindən geniş bəhs edərək tapşırıqlarını və tövsiyələrini çatdırmışdır.  Hazırkı dövrün informasiya mübarizəsi dövrü olduğunu nəzərə alsaq əsas vəzifələrdən birinin parlament səviyyəsində bu və ya digər ölkələrlə əməkdaşlığın gücləndirilməsinə böyük ehtiyacın olduğu aydın görünür.  Ölkələr arasında əlaqələrin inkişafında parlamentlərarası əməkdaşlıqların rolu inkaredilməzdir. Ölkəmiz Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birgə toplantısının keçirilməsi təşəbbüsü ilə bu rola bir daha işıq saldı.”

V.Rəhimzadə daha sonra qeyd edib ki, regionda sülhün, təhlükəsizliyin, sabitliyin qorunub saxlanması üçün hər 3 dövlətin səylərinin birləşdirilməsinin vacibliyi  Bakı Bəyannaməsində xüsusi qeyd edilir: “Parlamentlərarası əməkdaşlığı dərinləşdirməklə bu hədəflərə böyük töhfələr veriləcək. Şuşa Bəyannaməsinin ardınca Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin Azərbaycanda bir araya gələrək Bakı Bəyannaməsini imzalamaları da dünyaya bir çox mesajları çatdırır. Hazırkı dövrün əsas tələbi  10 noyabr Bəyanatının  şərtlərinin icrasına dəstək olmaqla bölgədə sülhün, təhlükəsizliyin dayanıqlığını təmin etməkdir. Dünyanın bəzi dövlətlərinin, təşkilatların bu məsələlərdə hələ də seyrçi mövqedə dayandıqları bir zamanda  Azərbaycan, Türkiyə və Pakistanın yenə də nümunə göstərərək birgə addımlar atmaları təqdirəlayiqdir.”

Baş redaktor diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşması ilə yaranan reallıqların diktə etdiyi  məqamlardan biri məhz Zəfərimizlə bağlı bütün həqiqətlərin təbliği, təxribatlar törətməklə, atəşkəsi pozmaqla münaqişənin guya  həll olunmadığı barədə fikirlər formalaşdırmağa səy göstərən qüvvələri hücum diplomatiyamızı gücləndirməklə yerində oturtmaq, “Dəmir yumruğ”un  bu gün də yerində olduğunu onların diqqətinə çatdırmaqdır. Bakı Bəyannaməsində  Azərbaycanın tarixi Zəfəri, 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etməsi ilə Ermənistanın işğalçılıq siyasətinə sarsıdıcı zərbə vurması  öz əksini tapıb.

V.Rəhimzadə qeyd edib ki, bütövlükdə Bakı Bəyannaməsində  ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin bütün münaqişəli məsələlərin həllində əsas olduğu xüsusi vurğulanır: “Bakı Bəyannaməsi Azərbaycanın regional inkişafın aparıcı qüvvəsi kimi yerinin və rolunun möhkəmləndirilməsində, dünya birliyində nüfuzunun, siyasi mövqeyinin daha da artmasında əhəmiyyətli rol oynayacaq. Dünyaya səs salan, Azərbaycan-Türkiyə birliyinin zirvəsi kimi dəyərləndirilən Şuşa Bəyannaməsinin imzalanmasından ötən  ay yarımdan az bir vaxtda ölkəmizin dost ölkələrin parlamentləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün  belə bir təşəbbüsünün dəstəklənərək sonda Bakı Bəyannaməsinə yol açması bir daha təsdiqləyir ki, yeni reallıqlara uyğun olaraq gələcəyə hesablanmış  hədəflərin icrasının ilk mərhələsi uğurludur. İşğalçı Ermənistan və ona havadarlıq edən dövlətlər reallıqlarla barışmaq məcburiyyətindədirlər.”

ARXİV

Noyabr 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 1 2 3 4 5

MÜƏLLİFLƏR

KEÇİDLƏR