Bu ilin iyulun 1-dən ölkəmizdə mübahisələrin barışıqla yekunlaşmasına xidmət edəcək “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Artıq əvvəllər birbaşa məhkəmələrdə baxılmalı olan müəyyən kateqoriya işlərə mediasiya prosesi çərçivəsində baxılacaq və həmin prosesi keçmədən qeyd olunan ərizələrə məhkəmələrdə baxılmasına yol verilməyəcək. Dövlətin çiyinlərinə götürdüyü böyük bir işin yeganə məqsədi ondan ibarətdir ki, mübahisələr maksimum tərəflərin qarşılıqlı razılığı ilə onların mənafeyinə uyğun olaraq birdəfəlik həll edilsin.
Mediasiya prosesi mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışığa əsaslanır. Ona görə insanlar bu prosesin mahiyyətini dərk etməli və onların tətbiqinə qarşılıqlı çalışmalıdırlar.
Bəs mediasiya nədir? Mediasiya tərəflər arasındakı mübahisənin mediatorun köməyi ilə könüllü olaraq həlli ilə bağlı qurulmuş bir prosesdir. İnsanlar bu prosesdə iki istiqamətdə iştirak edəcəklər. Birincisi, tərəflər müəyyən kateqoriya işlər üzrə mübahisə edənlər mütləq mediasiyadan (məcburi mediasiya) keçməlidirlər. Mediasiya prosesindən keçməsələr onların ərizələri məhkəmələr tərəfindən baxılmağa qəbul edilməyəcək. İkincisi isə tərəflər özləri əvvəlcədən mübahisəyə mediasiyada baxılması barədə razılığa gəlmiş olsunlar. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən istənilən mülki iş və iqtisadi mübahisə (xarici elementli mübahisələr də daxil olmaqla), ailə münasibətlərindən irəli gələn mübahisələr, əmək münasibətlərindən irəli gələn mübahisələr, inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə mediasiya prosesində baxıla bilər. Konkret işə mediasiyada baxılması üçün mübahisə tərəfləri könüllü olaraq müqavilə bağlamalıdırlar. Belə razılaşma əvvəlcədən və yaxud işə məhkəmədə baxılarkən də bağlana bilər.
Belə bir sual meydana gəlir: Nə üçün mübahisəyə müvafiq məhkəmədə yox, məhz mediasiya prosesində baxılmalıdır və bunun üstün cəhətləri nədən ibarətdir? İlk növbədə, qeyd olunmalıdır ki, mübahisənin mediasiyada həlli mübahisə edən tərəflərin mənafeyinə hesablanmışdır. Qanuna əsasən mediasiya prosesi 30 gün ərzində başa çatmalıdır. Bu prosesdə tərəflər sərbəstdirlər, barələrində məcburi qərar qəbul edilməsinin psixoloji təsirindən kənardırlar, qərarı onlar qəbul edirlər və onlara kömək edən bir peşəkar var – mediator. Mediasiyanın məhkəmədən daha bir fərqi bu prosesdə qəbul edilən qərarların xarakterindədir. Məhkəmə Azərbaycan dövlətinin adından tərəflər üçün məcburi olan bir qərar qəbul edir. Həmin qərarla mübahisə həll edilsə də, bir tərəfin narazı qalması istisna deyil. Lakin mediasiya prosesində mübahisə ilə bağlı qərarı tərəflər özləri qəbul edirlər. Prosesi aparan mediator qərar qəbul etməkdə tərəflərə ancaq köməklik edir. Mediator hər hansı qərarın qəbul edilməsini tərəflərə göstəriş verə bilməz. Çünki mediasiya könüllü bir prosesdir. Tərəflər istənilən an mediasiyanı dayandıra bilərlər. Eləcə də məhkəmədən fərqli olaraq bu prosesdə mediatoru tərəflər özləri seçirlər. Tərəflər onların işlərinə istənilən mediatorun baxması ilə bağlı razılığa gələ bilərlər. Əgər mediatorun peşəkarlığı tərəflərdən hər hansı birini qane etməzsə və yaxud mediatorun qərəzsizliyinə şübhə yaranarsa, hər hansı bir tərəf ondan imtina, mediasiya sessiyasını isə tərk edə bilər. Çünki mediatorun fəaliyyəti tərəflərin etimadı əsasında həyata keçirilir. Mübahisə edən tərəflər mediatora inanmalı, etibar etməli, lazım gələndə problemlərini onunla bölüşməli, sirlərini ona açmalıdırlar. Mediasiya prosesində mediatorun tərəflərə daha yaxın olaraq etimad qazanması əsas şərtlərdən biridir. Mediator məhz həmin vasitələrdən istifadə etməklə tərəfləri barışığa gətirməlidir. Nəzərə almaq lazımdır ki, mediasiya prosesində tərəflərin mediatora etimad göstərərək hər hansı məlumatı verməsinin heç bir təhlükəsi yoxdur. Çünki, əvvəla, mediasiya prosesi qapalı aparılır. Bundan başqa, mediasiya prosesində səsləndirilən bütün fikirlər, məlumatlar məxfi saxlanılır. Həm tərəflər, həm də mediator həmin məlumatların məxfiliyinə, onların yayılmamasına görə məsuliyyət daşıyır, digər proseslərdə onlardan istifadə edə bilməzlər. Bu qaydalara riayət edilməməsi məsuliyyətə səbəb olur.
Qanunda o da qeyd edilir ki, mediasiya iştirakçılarının və mediasiyada iştirak edən digər şəxslərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna edilməklə) və belə məlumatlarla bağlı həmin şəxslər şahid qismində iştirak edə bilməzlər.
Milli qanunvericilikdə müəyyən kateqoriya işlər üzrə məcburi mediasiyanın tətbiqinin çox böyük üstünlükləri var. Çünki bu qanun mübahisə edən tərəfləri məhkəməyədək bir masa ətrafında əyləşməyə sövq edir. Məcburi mediasiya sessiyasında iştirak etməkdən yayınma qanunla məsuliyyətə səbəb olur. Qanunun əsas məqsədi ondan ibarətdir ki, tərəflərin münasibətlərinin sonadək pozulmadığı, münasibətlərin daha aqressiv olmadığı, bütün şansların tükənmədiyi bir məqamda tərəflər bir-birini dinləsinlər. Bir çox hallarda insanların mübahisə tərəfi ilə danışmağa ehtiyacı var. Tərəflərin danışıqlarının barışıqla bitməsində mediatorların peşəkarlığının müstəsna rolu olacaq. Mediator insanlarla yüksək danışıq aparmaq qabiliyyəti olan, insanların mənəvi-psixoloji vəziyyətini, yaşam tərzini başa düşən, milli-adət ənənələri yaxşı bilən, təcrübəli, peşəkar şəxslərdən seçilirlər. Çünki mübahisə ilə bağlı tərəfləri barışığa gətirmək üçün mediatorun istifadə etdiyi vasitələr həmin bacarıqlardan irəli gələcək.
İnsanları ən çox maraqlandıran məsələlərdən biri də mediasiya prosesinin necə başlanması və yekunlaşması prosedurudur. Mediasiya institutu ölkəmizdə bir yenilik olduğu üçün ilkin vaxtlarda tərəflərin öz təşəbbüsü ilə işlərin mediasiyaya verilməsi hallarının azlıq təşkil etməsi istisna deyil. Bu sahədə uğurlar mediasiya prosesinin sonrakı müvəffəqiyyətindən asılı olacaq. İlkin olaraq iqtisadi, ailə və əmək mübahisələrinə məcburi olaraq mediasiya sessiyalarında baxılacaq. Yəni qeyd olunan işlər üzrə müraciətlər artıq məhkəmələrə deyil, mediasiyaya veriləcəkdir. Həmin işlər üzrə tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi andan mediasiya prosesi başlanmış sayılır. Tərəflərə ilk mediasiya sessiyası barədə məlumat verilir və onlar mediasiya prosesində bilavasitə və ya nümayəndələri vasitəsilə iştirak edə, vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən yararlana bilərlər. Tərəflərin razılaşması ilə onlara qərar qəbul etməyə kömək edə biləcək digər şəxslər də mediasiya prosesində iştirak edə bilər. Tərəflər öz mövqelərinə və mübahisənin həlli şərtlərinə dair təkliflərini yazılı və ya şifahi şəkildə bildirirlər.
Mediasiya prosesində tərəflər mübahisənin həlli şərtlərinə dair razılığa gələ bilərlər. Prosesin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Mediasiyanın uğurlu nəticəsi olaraq tərəflər arasında barışıq sazişi bağlanılır. Barışıq sazişi ilə tərəflər mübahisənin həlli ilə bağlı müəyyən şərtlər əsasında razılığa gəlirlər və sazişin şərtlərini özləri müəyyənləşdirirlər. Bu saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər başqa müddət müəyyən etməsələr, saziş imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Bundan boyun qaçırma isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən edilən məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur. Mediasiya prosesi barışıq sazişinin bağlanması ilə nəticələnmədiyi halda mediator mediasiyaya xitam verir və bu barədə tərtib edilmiş müvafiq sənədi tərəflərə təqdim edir. Məhz bundan sonra tərəflər həmin sənədi əlavə etməklə ümumi qaydada məhkəməyə müraciət edə bilərlər.
Səttar ZAMANOV
Naxçıvan Muxtar Respublikası
Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət şöbəsinin rəisi, baş ədliyyə müşaviri