22 Dekabr 2024, Bazar

Müasir dünyada hər bir ölkənin gələcəyi onun təhsil səviyyəsi ilə sıx bağlıdır. Təhsilə böyük diqqət göstərən ümummilli lider Heydər Əliyev deyirdi: “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyat fəaliyyətinin mühüm sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz”. Bu gün tam əminliklə deyə bilərik ki, ulu öndərin ənənələrinə sadiq qalaraq muxtar respublikamızda hər bir sahədə olduğu kimi, təhsildə də uğurlu inkişafı təmin etmək üçün əsaslı şərait yaradılıb. Göstərilən diqqət sayəsində ali təhsil ocaqlarımız dünyanın qabaqcıl universitetləri ilə müqayisə ediləcək səviyyəyə çatıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi, universitetlərdə yaradılan müasirtipli şərait nəzəri biliklərlə yanaşı, təcrübi biliklərin də tətbiqinə geniş imkanlar yaradır. Dövlət qayğısının nəticəsi kimi, ali təhsil ocaqlarımızda qurulan maddi-texniki baza tələbələrin gələcəkdə peşəkar kadr kimi formalaşmağında müstəsna rol oynayır.

 Müasir dövrü jurnalistikasız təsəvvür etmək qeyri-mümkündür. Cəmiyyətin ən aktual sahəsi sayılan jurnalistika insanlarda ictimai rəy formalaşdırmaqla qalmır, onları maarifləndirir, məlumatlandırır. Bu yolda çətin, bir o qədər də şərəfli missiya jurnalistlərlə yanaşı, jurnalist kadrları hazırlayan ali təhsil ocaqlarının və bu yolda xidmət göstərən müəllimlərin üzərinə düşür.

Qeyd edək ki, son dövrlər Naxçıvan Dövlət Universitetində jurnalistika sahəsi çox sürətlə və keyfiyyətli şəkildə inkişaf etməkdədir. Bu da onunla bağlıdır ki, informasiya və multimedia dövrü sayılan XXI əsr öz gəlişi ilə universitetdə mətbuatın da inkişafını sürətləndirərək onu operativ və dinamik bir sahəyə çevirdi. 2001-ci ildən etibarən universitetdə Jurnalistika ixtisası üzrə kadr hazırlığına başlanıldı. 2002-ci ildən fəaliyyət göstərən Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası bu sahədə görülən işlərin sistemli və mütəşəkkil aparılmasını şərtləndirir.
Universitetdə fəaliyyət göstərən Media Mərkəzi tələbə-jurnalistlərə nəzəriyyədə öyrəndikləri biliklərin praktik cəhətdən tətbiqinə şərait yaradır. Təhsilin ən uğurlu nəticəsi də məhz nəzəriyyə və təcrübənin birgə fəaliyyətindən yaranır. Media Mərkəzində yaradılan studiya, rejissor və montaj otaqları, redaksiya və media kabinələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə Avropa standartlarına cavab verən ən son texniki avadanlıqlarla təchiz olunub. Tələbələrin bu mərkəzlə davamlı əlaqədə olması qazanılan əyani biliklərin, nəzəriyyənin təcrübəyə çevrilməsi ilə yanaşı, peşəkar vərdişlərə hələ tələbəlik illərindən sahib olmağa da imkan yaradır. Bu da gələcəkdə KİV sahəsində potensial kadrların geniş bazasının formalaşması deməkdir. Burada televiziya jurnalisti üçün bütün zəruri yaradıcılıq prosesləri ardıcıl şəkildə öyrədilir. İstər verilişə hazırlıq, operatorla, kamera ilə işləmə, televiziya jurnalisti üçün mühüm tələb olan görüntü və ya kadr duyumu, tamaşaçı gözü ilə özünə kənardan baxma bacarığı, həmsöhbətlə müsahibə və ən əsası zamanın tələbinə uyğun mövzuların düzgün seçilməsi də bir şərt kimi qarşıya qoyulur. Bundan başqa, aparıcı xüsusiyyətlərindən tutmuş, montaja və radio sahəsinə qədər olan bütün vərdişlər də bu siyahıda yer tutur.

Ali təhsil müəssisəsi bu istiqamətdə bir sıra yeniliklərə və ilklərə imza atıb. 2006-cı il aprelin 27-də Azərbaycan təhsil sistemi və regional jurnalistika tarixində ilk dəfə Naxçıvan Dövlət Universitetində televiziyanın fəaliyyətə başlaması böyük rezonans doğurdu. Amerika, İsveçrə və Türkiyə təcrübəsindən istifadə olunaraq yaradılan televiziya ali təhsil ocağının 108 hektarlıq ərazisində yerləşən tədris korpuslarının böyük auditoriyalarında qurulmuş televizorlar vasitəsilə bütün universitet ərazisində yayımlanır. Qeyd edək ki, elə həmin il oktyabrın 11-də tele­viziyanın Naxçıvan Muxtar Respublikası ərazisində yayımlanması üçün müvafiq tezlik də ayrılmışdı. 2006-cı il oktyabrın 20-də isə televiziya dövlət qeydiyyatına alındı. Bu televiziya kanalına 10 kilometr olmaqla izlənmə imkanı yaratdı.
Burada yaradılan yeni infrastruktur və virtual studiya distant tədrisin tətbiqinə, videodərslərin hazırlanmasına geniş imkanlar açıb. Tələbə-jurnalistlərin hazırladıqları verilişlər, süjetlər HD formatda yayımlanır. Bununla yanaşı, tələbələr tele­viziyada müasir informasiya-kommunikasiya texnologiyalarının, internet jurnalistikasının geniş imkanlarından istifadə edərək media ilə daim virtual əlaqələr qurur.
Universitetdə tələbələr üçün fundamental təcrübi baza, əsl yaradıcılıq laboratoriyası rolu oynayan Mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi, “Qeyrət” nəşriyyatı və “Nuhçıxan” radiosu fəaliyyət göstərir. Hər ay müntəzəm olaraq “Şərq qapısı”, “Yeni fikir” qəzetlərində, “Nuhçıxan” İnformasiya Agent­liyində və bir sıra rayon, mətbuat orqanlarında gələcək jurnalistlərin yazılarının dərc edilməsi onların hələ tələbəlikdən imzalarının tanınmasına şərait yaradır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” imzaladığı Sərəncam yaradıcılığa ilkin qədəm qoyan tələbələrə müxtəlif media orqanlarında öz bacarıqlarını sınamağa imkan yaradır. Bunun nəticəsidir ki, Jurnalistika ixtisasında təhsil alan bir çox tələbə müxtəlif media qurumlarında işlə təmin olunub və peşəkar həmkarlarla çiyin-çiyinə fəaliyyət göstərir.

Onu da deyək ki, Media Mərkəzinin fəaliyyətində iştirak edən istedadlı və bacarıqlı tələbələr universitet rəhbərliyi tərəfindən mükafatlara layiq görülür.
Ali Məclis Sədrinin qayğı və təşəbbüsü sayəsində Naxçıvan Dövlət Universitetinin Televiziyası bu ilin mart ayından həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 1100-dan 1500-a qədər 4 saatlıq efir vaxtilə “Kanal 35” Televiziyasının efir tezliyindən istifadə edərək muxtar respublika ərazisinə yayımlanır. Bu, sözün əsl mənasında, Universitet tele­viziyası üçün bir inqilabdır. İlk dəfə olaraq ölkədə həyata keçirilən bu layihə tələbə-jurnalistlərdə məsuliyyəti artırmaqla yanaşı, həm də onların universitetdə qazandıqları biliklərin, təhsil səviyyəsinin əyani sübutudur.
Onu da qeyd etmək lazımdır ki, müasir dövrdə təhsil cəmiyyətin inkişafını təmin edən aparıcı istiqamət kimi davamlı olaraq yeniləşmə, ən son texnologiyalardan istifadə yolu ilə mütərəqqi ideyaların, bilik və bacarıqların tətbiqi xarakterini alır. Aparılan islahatlar kadr hazırlığına müasir yanaşmanı, eyni zamanda vətəndaşın müasir cəmiyyətə hərtərəfli inteqrasiyasını təmin edir. Bu gün muxtar respublikamızda təhsilin və kütləvi informasiya vasitələrinin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, hər iki sahədə güclü infrastrukturun, maddi-texniki bazanın yaradılması, yüksəkixtisaslı kadr hazır­lığını təmin edən Dövlət pro­qramlarının qəbul edilməsi qazanılan uğurlarda başlıca amillərdir.

 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR