22 Dekabr 2024, Bazar

Ötən ayın ümumi mənzərəsi bunu aydın təcəssüm etdirir

Azərbaycanın dövlət müstəqilliyinin və Milli Qurtuluşunun bəhrələri bu gün onun Naxçıvan Muxtar Respublikasında daha aydın şəkildə öz təcəssümünü tapmaqdadır. Muxtar respublikada həyata keçirilən  məqsədyönlü və davamlı inkişaf strategiyasından, genişmiqyaslı quruculuq işlərindən Şərur rayonuna da pay düşmüş,  rayonun kəndləri yeni görkəmə qovuşmuş, Şərur şəhəri müasir şəhərlər sırasına daxil olmuşdur. İyunun 3-də rayonda Bayraq Meydanı, Şərur şəhər avtomobil yolları, yeraltı piyada keçidi və yeni yaşayış binası istifadəyə verilmiş, Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılmışdır.

Bayraq Meydanının istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov qurğunu işə salmış, müstəqillik və dövlətçilik rəmzi olan üçrəngli dövlət bayrağımız əbədi yüksəkliyə ucalmışdır.

Tikintisinə ötən ilin aprel ayında başlanılan Bayraq Meydanındakı Bayraq dirəyinin hündürlüyü 36,5, bayrağın eni 8, uzunluğu isə 16 metrdir. Ümumi sahəsi 4 min 795 kvadratmetr olan meydanda geniş abadlıq işləri aparılmışdır.
İyunun 3-də 3 min metri iki, 8 min 200 metri isə dördzolaqlı olan 11 min 200 metrlik Şərur şəhər avtomobil yolları yenidənqurmadan sonra istifadəyə verilmiş, Ali Məclisin Sədri Şərur Şəhər Avtovağzal binasının tikintisi ilə də maraqlanmış, müvafiq göstərişlər vermiş, eyni zamanda Şərur şəhərində 28 May və Nizami küçələrini birləşdirən, uzunluğu 66, eni 2,6, hündürlüyü isə 2,1 metr olan yeraltı piyada keçidi istifadəyə verilmişdir.
Muxtar respublikada məskunlaşmanın artması və gənclərin sosial mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlərin davamı olaraq iyunun 3-də Şərur şəhərində yeni yaşayış binası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan binadakı 40 mənzildə yaradılan müasir kommunal şərait haqqında məlumat verilmişdir. Yaşayış binasının zirzəmisində yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, məişət, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcəkdir.
Əhalinin sağlamlığının qorunması, yoluxucu xəstəliklərin qarşısının alınması, sanitar-gigiyenik tədbirlərin təşkili və həyata keçirilməsi istiqamətində aparılan tədbirlərin davamı kimi, Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov iyunun 3-də bu münasibətlə keçirilən tədbirdə Milli Qurtuluş Gününün bəhrələri olan yeni obyektlərin istifadəyə verilməsi münasibətilə rayon sakinlərini və kollektivi təbrik etmiş, muxtar respublikada hələ bir neçə il əvvəl gigiyena və epidemiologiya sahəsində əsaslı işlər görüldüyünü, bütün bunların dünyada yayılan pandemiyanın muxtar respublikada qarşısının alınmasında mühüm rol oynadığını vurğulamışdır. Ali Məclisin Sədri muxtar respublikanın epidemioloji pasportunun hazırlanması, dezinfeksiya tədbirlərinin fəsillərə uyğun aparılması, sanitar-gigiyenik qaydalara əməl olunması və kadr işinə diqqətin artırılması barədə tapşırıqlar vermişdir.
Şərur Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün 7 nəfərlik işçi heyətinin, eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil təqdim olunmuşdur.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası xarici siyasi-iqtisadi əlaqələrin inkişafı baxımından da ölkəmizin ümumi inkişafına töhfələr verməkdədir. İyunun 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov İran İslam Respublikasının Yollar və Şəhərsalma naziri Məhəmməd Eslaminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüş, Azərbaycanın Naxçıvan Muxtar Respublikasının İran İslam Respublikası ilə əlaqələrindən bəhs edərək nəqliyyat sahəsindəki əməkdaşlığa diqqəti çəkmişdir. Söhbət zamanı qarşılıqlı maraqdoğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Ulu öndərin müəllifi olduğu sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi təbii sərvətlərimizdən xalqımızın rifahı və ölkəmizin inkişafı naminə səmərəli istifadə olunur. Duzdağda yeni şaxtanın istifadəyə verilməsi də bu istiqamətdə görülən işlərin davamıdır. İyunun 9-da – Milli Qurtuluş Günü ərəfəsində Duzdağda yeni şaxta istifadəyə verilmişdir.
Qeyd edək ki, muxtar respublika üçün böyük iqtisadi əhəmiyyətə malik yeni duz şaxtası və istehsal kompleksi fəaliyyətə başladıqdan sonra birnövbəli iş rejimində müəssisənin illik istehsal gücü 15 min ton olacaqdır. Uzun illər bu şaxtadan istifadə olunması nəticəsində Naxçıvan duzunun istehsal həcmi artacaq, daxili tələbatın ödənilməsi ilə yanaşı, həm də xarici bazarlara çıxış imkanı yaranacaqdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə çıxış edərək vurğulamışdır ki, bu gün milli sərvətimiz olan Duzdağ tarixi-mədəni dəyəri, iqtisadi əhəmiyyəti, şəfaverici xüsusiyyəti və turizm cəlbediciliyi ilə dünyaya təqdim olunur. Qeyd olunmuşdur ki, duz ehtiyatından səmərəli istifadəyə diqqət artırılmalı, istismar qaydalarına əməl olunmalı, mədən işlərində və istehsal prosesində itki minimum həddə saxlanılmalı, Naxçıvan duzunun ixrac imkanları araşdırılmalı, xarici bazarlar öyrənilməli, məhsulun çeşidi və həcmi artırılmalı, keyfiyyətə və texniki şərtlərə xüsusi diqqət yetirilməli, standartların tələbi qorunmalıdır. Duz şaxtasına təhlükəsiz iş şəraitinin yaradılması məqsədilə yalnız xüsusi ixtisas hazırlığı olan mütəxəssislər cəlb olunmalı, təhlükəsizlik qaydaları və texnoloji rejim mütəmadi nəzarətdə saxlanılmalı, şaxtanın dağ-mədən-texniki, hidrogeoloji və ekoloji vəziyyəti davamlı yoxlanmalı, yeni istehsal kompleksinin tikintisi qısa müddətdə başa çatdırılmalıdır.
Muxtar respublika rəhbəri bu işdə əməyi olanlara təşəkkürünü bildirdikdən sonra idarəetmə qurğusunu işə salmış, şaxtada ilk partlayış olmuş və duzun çıxarılmasına başlanılmışdır.
Ali Məclisin Sədri muxtar respublikada tunel-qazıntı işlərinin yerli şirkətlər tərəfindən uğurla həyata keçirildiyini bildirmiş, təhlükəsizlik qaydalarına əməl olunması və işçilər üçün kursların keçirilməsi barədə tapşırıqlar vermişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2020-ci il 14 dekabr tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının yaradılması təhsildə yeniliklərin, müasir texnologiyaların tətbiqinin gənclərin müasir dövrün tələbləri səviyyəsində təhsil almalarına hesablanmış mühüm dövlət sənədidir. Onu da qeyd edək ki, dünyada az sayda universitetdə texnopark vardır. Hazırda universitetin bakalavr üzrə 42 ixtisası, magistr üzrə 80 ixtisasdan 43-ü Texnologiyalar Parkının fəaliyyət sahəsinə daxildir. İyunun 16-da Naxçıvan Dövlət Universitetində Texnologiyalar Parkının təməlatma mərasimi keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Məlumat verilmişdir ki, yeni qurulacaq texnopark üçün zirzəmi ilə birlikdə 5 mərtəbədən ibarət yeni bina inşa olunacaqdır. Zirzəmidə texnoservis, nanoaraşdırmalar, biotexnologiyalar, prototip mərkəzləri, proqramlaşdırma və avtomatlaşdırma, kafe və təsərrüfat otaqları nəzərdə tutulmuşdur. Birinci mərtəbədə Şərur Sənaye Məhəlləsinin, Naxçıvan Məhsullarının, “Microsoft” şirkətinin, “Naxtel” 4G operatorunun, “CISCO”, “KOICA”, “Bakunity” və digər gələcək rezident şirkətlərin ofisləri yerləşəcəkdir. İkinci mərtəbədə innovasiya, layihələrin əlaqələndirilməsi, informasiya texnologiyaları xidmətləri, süni intellekt elmi-tədqiqat mərkəzləri, incəsənət, dizayn və memarlıq layihələri xidməti, elektronika və digər iş otaqları olacaqdır. Üçüncü mərtəbədə biznes inkubatoru, ideya bankı, Coworking mərkəzi, startap mərkəzləri nəzərdə tutulmuşdur. Dördüncü mərtəbədə 3 müzakirə otağı və 240 nəfərlik akt zalı yerləşəcəkdir.
Biopark binasında Naxçıvan faunasına aid nümunələrin yerləşdiyi muzey, APİAİR müalicə sahəsi, arı südü, arı zəhəri analizləri laboratoriyası, arı mayalandırma, barama, dovşan, ağ siçan və zəli yetişdirmə sahələri fəaliyyət göstərəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov çıxış edərək demişdir: “Texnologiyalar Parkında qurulanların hamısı nanotexnologiyalara əsaslanacaqdır. Ölkəmizdə ilk dəfə olaraq bu layihəyə ağıllı texnologiyaların əlavə edilməsi texnoparkın tələblərinə tam cavab verəcəkdir. Ona görə də dünya təcrübəsinə əsaslanaraq burada universitetin profilinə və ixtisaslara uyğun nümunələr seçilib tətbiq olunmalıdır. Bu da imkan verəcək ki, Naxçıvan Dövlət Universiteti dünya universitetləri içərisində öz reytinqini artırsın. Universitetdə tədris yüksək səviyyədə ola bilər. Lakin əsas tələb dünya universitetləri sırasında öz yerini tutmaq və müasir dövrün tələblərinə uyğun fəaliyyət göstərməkdir”.
Ali Məclisin Sədri Texnologiyalar Parkının layihəsinin müəllifi, universitetin Memarlıq və mühəndislik fakültəsinin müəllimi və universitetin yetirməsi, bu il isə “2021-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident mükafatına layiq görülən İsmayıl İsmayıllıya Prezident mükafatını təqdim edərək təbriklərini çatdırmışdır. Muxtar respublika rəhbəri Texnologiyalar Parkının təməlini atmış, tikintinin keyfiyyətlə aparılması və tələblərə uyğun qurulması barədə tapşırıqlar vermişdir.
Ulu öndərimizin müqəddəs adını böyük qürur və ləyaqətlə daşıyan Hərbi Lisey tədrisin və təlim-tərbiyənin yüksək keyfiyyəti, məzun­larının uğurları ilə seçilir. İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin 21-ci buraxılışı münasibətilə tədbir keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədri liseyin növbəti buraxılış mərasiminin Vətən müharibəsində qazandığımız böyük tarixi Qələbə ilə qeyd olunduğunu, Qələbənin qazanılmasında və torpaqlarımızın işğaldan azad edilməsində hərbi liseyin məzunlarının da qəhrəmanlıq göstərərək şəhid olduqlarını bildirmiş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muxtar respublika rəhbəri vurğulamışdır ki, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsindəki tarixi qələbəsi ölkəmizin iqtisadi qüdrəti və ordumuzun güclü maddi-texniki təminatı ilə yanaşı, həm də dövlət-xalq-ordu birliyi, əsgər və zabitlərimizin yüksək döyüş qabiliyyəti və vətənpərvərliyi nəticəsində qazanılmışdır. Bütün bunlar, heç şübhəsiz ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrələridir.
Ali Məclisin Sədri demişdir: “Dahi şəxsiyyətin müəyyənləşdirdiyi yolun ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi qüdrətli Azərbaycan Ordusunu formalaşdırmışdır. Müstəqillik illərində ümummilli liderin qəbul etdiyi mühüm tarixi qərarlardan biri də Naxçıvanda hərbi məktəbin yaradılması olmuşdur. Əgər Sovetlər Birliyi dövründə yaradılan hərbi məktəb ölkəmizin gələcək müstəqilliyinə hesablanmışdırsa, 1998-ci ildə Naxçıvanda hərbi məktəbin yaradılması isə müstəqil ordu quruculuğu sahəsində atılan mühüm addım idi. Ötən dövrdə hərbi məktəb ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə böyük inkişaf yolu keçmişdir. Fəxr edirik ki, Heydər Əliyev adına Hərbi Lisey müstəqil dövlətimizin ordu qurucu­luğu işinə öz layiqli töhfəsini verir. 56 kursantla fəaliyyətə başlayan liseyin 3 mindən artıq məzunu olub. Hazırda onlardan 2 minə yaxını Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edir”.
Muxtar respublika rəhbəri kursantlara müraciətlə zabit peşəsinin çətin və şərəfli peşə olduğunu, bu peşəni seçən hər bir gəncin qarşısında hərtərəfli ali hərbi təhsil almaq, peşəkar zabit kimi yetişmək və göstərilən etimadı doğrultmaq kimi mühüm vəzifələr dayandığını bildirmiş, bu yolda kursantlara uğurlar arzulamış, hərbi liseyin 21-ci buraxılışı münasibətilə bütün kursant, zabit və müəllim heyətini, tədbir iştirakçılarını təbrik etmişdir. Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim etmiş, zabit, müəllim və kursantları mükafatlandırmış, sonra təhsil ocağının rəmzi kötüyünə xatirə birkası vurulmuş, şəxsi heyət təntənəli marşın sədaları altında nizami addımlarla tribunanın önündən keçmişdir.
Liseydə yeni yaradılmış STEAM kabinəsində kursantlar hazırladıqları minaaxtaran qurğu, ağıllı hərbi baza, xətt izləyən və kəşfiyyat robotları, qaz sensoru, elektron tank, su səviyyəsini ölçən qurğuların modellərini Ali Məclisin Sədrinə təqdim etmişlər. Muxtar respublika rəhbəri müəllim və valideynlərlə də görüşərək vətənpərvər övladlar yetişdirdikləri üçün onlara təşəkkürünü bildirmişdir.
Naxçıvanda enerji təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərin davamı olaraq iyunun 18-də muxtar respublikanın ərazisində ilk dəfə olaraq Culfa rayonunda yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Ali Məclisin Sədri əlamətdar hadisə münasibətilə istehlakçıları təbrik etmiş, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək bildirmişdir ki, bu gün muxtar respublikanın inkişafının əsas hərəkətverici qüvvəsi elektrik enerjisinə olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsidir. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 50 faizdən çoxu bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu da imkan verir ki, həm əhalinin, həm də sənayenin və iqtisadiyyatın digər sahələrinin enerji təminatı davamlı olsun.
Ali Məclisin Sədri Çin Xalq Respublikası tərəfindən qrant layihəsi olaraq muxtar respublikaya verilən və alınan əlavə avadanlıqlar hesabına 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası qurulduğunu qeyd etmiş, Çin dövlətinə və Çinin Azərbaycandakı səfirliyinə hörmət və ehtiramını bildirmişdir.
Sonra stansiyaya baxış olmuşdur. Məlumat verilmişdir ki, stansiyanın layihələndirilməsi və qurulması Energetika Xidmətinin mütəxəssisləri, tikinti-quraşdırma işləri isə “Gəmiqaya Holdinq” Şirkətlər İttifaqı tərəfindən qısa müddətdə və yüksək keyfiyyətlə aparılmışdır. Burada il ərzində 1,6 milyon kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulmuşdur. Culfa rayonunun Gülüstan kəndi yaxınlığında 3,3 hektar ayrılmış əkinəyararsız ərazidə komplektləşdirilərək tikilən 1,1 meqavatlıq yeni Külək-Günəş Hibrid Elektrik Stansiyası rayonda enerji tələbatının 10 faizdən çoxunu ödəyəcəkdir. Gələcəkdə yeni stansiyalar qurulduqdan sonra isə rayona kənardan enerji daşınmasına ehtiyac qalmayacaqdır. Stansiyada yeni iş yerləri də açılmışdır ki, bu da yeni mütəxəssislərin yetişməsinə, gələcəkdə digər stansiyaların yerli mütəxəssislər tərəfindən idarə olunmasına imkan verəcəkdir.
Ali Məclisin Sədri yeni qurulacaq Culfa yarımstansiyasının layihəsinə baxmış, işlərə başlanılması barədə tapşırıq vermişdir.
Həmin gün Ali Məclisin Sədri Culfa rayonunun Yaycı kəndinin içməli su təminatının yaxşılaşdırılması ilə bağlı layihənin hazırlanması barədə tapşırıq vermişdir.
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 21-23 iyun tarixlərdə Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə taktiki-xüsusi təlimi keçirilmiş, iyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov təlimi izləmişdir.
Təlimdən əvvəl uçuşa hazır olan “BAYRAQDAR-TB2” silahlı pilotsuz uçuş aparatına və döyüş raketlərinə, aparatın saxlanma imkanlarına baxış keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Türkiyə Respublikasında pilotsuz uçuş aparatı sistemləri kursunu müvəffəqiyyətlə bitirən zabit və gizir heyəti ilə görüşmüş, xatirə şəkli çəkdirilmişdir.
Pilotsuz uçuş aparatının taktiki-texniki xassələri haqqında məlumat verilmiş, Ali Məclisin Sədri qoşunların idarə edilməsini təmin edən rabitə vasitələrinə və döyüş raketlərinin saxlanılma anbarına baxmış, Əlahiddə Ümumqoşun Ordunun Mərkəzi Qərargahında Naxçıvan Qarnizonu Qoşunları və Türkiyə Silahlı Qüvvələrinin idarəetmə orqanlarının birgə keçirilən taktiki-xüsusi təliminin praktik fəaliyyətlərinin icrasını izləmişdir.
Bildirilmişdir ki, mərkəz fasiləsiz olaraq cari vəziyyəti izləmək, ordu komandanını və qoşunları əməliyyat şəraiti ilə məlumatlandırmaq, əmr və sərəncamlar əsasında qoşunları istiqamətləndirmək, qoşunların və düşmən bölmələrinin fəaliyyətlərini real zamanda izləmək məqsədilə yaradılmışdır.
Taktiki-xüsusi təlimin planı ilə tanışlıqdan sonra təlimə start verilmişdir. Təlimin ssenarisinə əsasən Əlahiddə Ümumqoşun Ordunun daxili şəbəkəsində yaradılmış videokonfransda təlimə cəlb olunan birləşmə və hissə komandirləri iştirak etmiş, əvvəlcədən göndərilmiş döyüş sərəncamına uyğun olaraq yaranmış vəziyyəti məruzə etmişlər.
Coğrafi analiz sistemi haqqında məlumat verilərkən bildirilmişdir ki, sistem dünya üzərindəki kompleks ictimai, iqtisadi, ekoloji və digər problemlərin həllinə əsaslanan, qərarvermə müddətlərində istifadəçilərə kömək etmək üçün irihəcmli coğrafi məlumatların toplanılması, saxlanılması, işlənilməsi, yenilənməsi, obyektlərin təhlili, sorğulanması və əks etdirilməsi funksiyalarını yerinə yetirən təchizat, proqram təminatı, coğrafi məlumat mənbələrinin məcmusudur. Ali Məclisin Sədri Coğrafi Analiz Sisteminin yaradılmasına görə heyətə təşəkkür etmişdir.
Sonra “Qarabağlar Dağ” təlim mərkəzində keçirilən artilleriya batareyasının taktiki təlimində atəş mövqeyini tutmaq üçün hərəkətdə olan batareyanın düşmənin artilleriya atəşinə məruz qaldıqda göstərəcəyi praktik fəaliyyəti izlənilmişdir. Düşmənin müdafiə dərinliyimizə sızıb keçmiş kəşfiyyat diversiya qrupunun Daxili Qoşunların Əlahiddə Əməliyyat Briqadasının bölmələrinin pilotsuz uçuş aparatının köməyi ilə aşkar və məhv edilməsi üçün qarşılıqlı əlaqədə fəaliyyəti icra olunmuşdur. Ali Məclisin Sədri qərar qəbul edilmə, görüntü izləmə otaqlarına baxmışdır.
Muxtar respublikada sanitar-epidemioloji xidmətin fəaliyyətinin yenidən qurulması, muxtar respublika ərazisində epidemioloji şəraitin yaxşılaşdırılması istiqamətində silsilə tədbirlərin davamı olaraq iyunun 24-də Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin yeni binası istifadəyə verilmiş, Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.
Bina ilə tanışlıq zamanı məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan mərkəzdə müasir şərait yaradılmış, yeni obyekt, ümumilikdə, 66 adda, 156 sayda müxtəlif müasir tibbi cihazlarla təmin olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov mərkəzdə keçirilən tədbirdə çıxış etmiş, muxtar respublikada sanitar-epidemioloji vəziyyətin qorunub saxlanılmasında səmərəli fəaliyyətlərinə görə Gigiyena və Epidemiologiya Mərkəzinin kollektivinə təşəkkür etmiş, fəsillərə uyğun fəaliyyət proqramı hazırlanaraq təsdiq olunması, yerlərdə mütəmadi dezinfeksiya işləri aparılması, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələrinin praktik fəaliyyətə cəlb edilməsi, gənc əməkdaşların işə götürülməsi, kurslar təşkil olunması, mütəmadi olaraq yoluxucu və parazitar xəstəliklərin profilaktikasının aparılması, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin müvafiq ixtisasının Gigiyena və Epidemiologiya Mərkəzinə hamiliyə verilməsi ilə bağlı tapşırıqlar vermişdir. Sonra 2-si Gigiyena və Epidemiologiya Mərkəzi, 7-si rayon şöbələri, 1-i Naxçıvan Şəhər Bələdiyyəsi üçün olmaqla, 10 avtomobilin təqdimatı olmuşdur. Ali Məclisin Sədri avtomobillərə baxmış və açarları təqdim etmişdir.
Ulu öndərimiz Heydər Əliyevin böyük səylə qurduğu müstəqil dövlətimiz bu gün güclü orduya malikdir. Bu, ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində bir daha sübut olundu. Zəfərlə sona çatan müharibədə naxçıvanlı igidlərin də qəhrəmanlıq göstərmələri, 30 ilə yaxın davam edən işğala və haqsızlığa son qoyulmasında böyük hünər və rəşadət göstərmələri muxtar respublikada da ordu quruculuğu siyasətinin uğurla reallaşdırıldığını bir daha təsdiq etdi. İyunun 25-də – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ərəfəsində Əlahiddə Ümumqoşun Ordunun hərbi hissələri üçün yeni yaşayış və xidmət kompleksi istifadəyə verilmiş, Əlahiddə Ümumqoşun Ordunun İkinci Qarabağ müharibəsində iştirak edən hərbi qulluqçularına Azərbaycan Respublikası təltiflərinin təqdimatı olmuş, qüsursuz xidmət edən hərbçilərə mənzillər verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edərək demişdir: “Bu gün ölkə Prezidentinin ümummilli liderin yolunu uğurla davam etdirməsinin nəticəsidir ki, müstəqilliyimizin və dövlətçiliyimizin qarantı olan güclü ordumuz vardır. Naxçıvan Muxtar Respublikasında da müdafiə təhlükəsizliyinin təmin olunması, hərbi hissələrin maddi-texniki bazasının gücləndirilməsi, döyüş hazırlığının yüksəldilməsi və hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müstəqillik illərində muxtar respublikada 300-ə yaxın hərbi təyinatlı obyekt istifadəyə verilmiş, hərbi qulluqçuların və ailələrinin sosial-məişət şəraiti yaxşılaşdırılmışdır. Bu gün istifadəyə verilən yeni yaşayış və xidmət kompleksi, eləcə də təqdim olunan mənzillər ordu quruculuğu tədbirlərinin tərkib hissəsidir. Muxtar respublikada hərbi qulluqçuların döyüş hazırlığı da artırılmışdır. Qarşıya qoyulan istənilən vəzifə və tapşırıqlar yüksək hərbi səriştə, peşəkarlıq və vətənpərvərliklə yerinə yetirilir”.
Sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15, 18 və 30 dekabr tarixli sərəncamları ilə 3-cü dərəcəli “Rəşadət”, “Azərbaycan Bayrağı”, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Hərbi xidmətlərə görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına orden və medallar, Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi, general-mayor Fazil Ağalarov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 iyun tarixli Sərəncamı ilə verilən “general-leytenant” ali hərbi rütbəsi təqdim edilmişdir.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara mənzillərin orderlərini də təqdim etmiş, hərbi hissələrdə yaradılan şəraitlə tanışlıq olmuşdur.
Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasının gücləndirilməsi tədbirlərinin davamı olaraq həmin gün Əlahiddə Ümumqoşun Orduya 22 “Mitsubishi L200” markalı xidməti avtomobil təqdim olunmuşdur. Sonra Ali Məclisin Sədri Əlahiddə Ümumqoşun Ordunun Texnika parkına, silah və optik cihazlar anbarına baxmışdır. Baxış zamanı bildirilmişdir ki, parkın dam örtüyü yenilənmiş, fasad hissəsi üzlənmiş, beton örtüyü verilmişdir. Silah və sursatların saxlanılması üçün lazımi şərait yaradılmışdır.
Ali Məclisin Sədri muxtar respublikada ordu quruculuğu işlərinin kompleks şəkildə aparıldığını və əhalinin təhlükəsizliyinin təmin olunduğunu bildirmiş, bu sahədə görülən işlərin əhəmiyyətini vurğulamış, Türkiyə Silahlı Qüvvələrinin ordu quruculuğu tədbirlərindəki fəaliyyətindən bəhs etmiş, Silahlı Qüvvələr Gününün böyük Qələbə ilə qeyd olunduğunu diqqətə çatdırmışdır.
Şəhidlərimizə dərin ehtiram, onların ailələrinin sosial müdafiələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən silsilə tədbirlərin davamı olaraq 26 İyun – Silahlı Qüvvələr Günündə Naxçıvanda şəhid ailələrinə yeni mənzillərin təqdim olunmuşdur. Ali Məclisinin Sədri cənab Vasif Talıbov tədbirdəki çıxışında bildirmişdir ki, İkinci Qarabağ müharibəsində igid oğullarımız torpaqlarımızı işğaldan azad edərək böyük Qələbə qazanmış, qəhrəmanlıq və şücaət göstərərək ən ali məqama – şəhidlik zirvəsinə yüksəlmiş, ailələrinə isə şəhid adının şöhrətini qazandırmışlar. Ali Məclisin Sədri qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmiş, şəhid ailələrinə yeni mənzillərdə xoş və rahat həyat arzulamış, mənzillərin orderlərini şəhid ailələrinə təqdim etmişdir. Şəhid ailələrinə verilən 2 və 3 otaqlı mənzillər Şərur, Babək, Şahbuz və Naxçıvan şəhərlərindəki yaşayış binalarında yerləşir. Tam təmir olunan mənzillərə mebel dəstləri qoyulmuş, lazımi kommunal şərait yaradılmışdır.

Ötən ayın ümumi mənzərəsi bir daha onu deməyə əsas verir ki, muxtar respublikamızda sosial-iqtisadi inkişaf, ordu quruculuğu, müdafiə qüdrətinin artırılması, insanların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində aparılan işlər kompleks və məqsədyönlü şəkildə, uğurla həyata keçirilməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naxçıvana növbəti səfərində dediyi kimi: “Muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir. Əminəm ki, Naxçıvan bu liderliyi bundan sonra da saxlayacaqdır”

 Mehriban SULTAN
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR