Naxçıvan Şəhər İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı çağırış beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarım ilinə həsr olunmuş müşavirədə əvvəlcə şəhər Maliyyə İdarəsinin rəisi Ramil Kərimovun, Vergilər İdarəsinin müdiri Rəşad Əliyevin və Statistika İdarəsinin müdiri Ramil Gülməmmədovun hesabatları dinlənilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov geniş məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə Naxçıvan şəhərində iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,4 faiz çox vəsait yönəldilib. Əsas kapitala qoyulmuş vəsaitin həcminin artması Naxçıvan şəhərinin quruculuq xəritəsini xeyli genişləndirib, 18 müxtəlif təyinatlı obyekt tikilib və ya yenidən qurulub, 40 müxtəlif təyinatlı obyektin tikintisi, yenidən qurulması və ya əsaslı təmiri davam etdirilib. Tikinti-quraşdırma işlərinə qoyulan vəsaitin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artıb.
Qeyd olunub ki, 2021-ci ilin birinci yarısında Naxçıvan şəhərində tələbə yataqxanasının yenidən qurulması, Mərkəzi Hospitalın, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin, Türkiyə-Naxçıvan Dostluq Parkının, aerodrom kompleksinin, təlim meydanının, iki əsgər yataqxanasının, iki anbarın tikintisi başa çatdırılıb, “ASAN xidmət” Mərkəzinin, Kimya-Biologiya Təmayüllü Liseyin, uşaq bağçasının, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Avtomobil parkının, Qeydiyyat Şöbəsinin, “Gənclər Yaşayış Kompleksi”nin, məscidin, uşaq kitabxanasının və bir yaşayış binasının tikintisi, Naxçıvan şəhərində avtomobil yollarının, Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi binasının və 10 yaşayış binasının yenidən qurulması davam etdirilib.
Vurğulanıb ki, sahibkarlığın dəstəklənməsi, yeni istehsal sahələrinin yaradılması məqsədilə 2021-ci ilin ötən dövründə dövlət dəstəyi ilə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 10 layihə üzrə istehsal obyektləri yaradılıb, 7 layihə üzrə istehsal və xidmət obyektlərinin yaradılması isə davam etdirilir. Ötən illə müqayisədə Naxçıvan şəhərində 1 faiz çox sənaye məhsulu istehsal edilib.
* * *
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə keçirilən kollegiya iclasını komitənin sədri Hicran Rüstəmov açaraq bildirib ki, 2021-ci ilin birinci yarısında muxtar respublikada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 70 milyon 835 min manat həcmində inşaat işləri yerinə yetirilib ki, bunun da 66 milyon 657 min manatını və ya 94,1 faizini tikinti-quraşdırma işləri təşkil edib. Cari ilin birinci yarısında da yeni xidmət mərkəzi binalarının tikintisi davam etdirilib.
Komitə sədri bildirib ki, tikinti obyektlərində aparılan inşaat işləri zamanı materialların maya dəyərinin aşağı salınması, daxili bazarın qorunması üçün yerli istehsal materiallarından istifadəyə üstünlük verilib, tikinti-quruculuq işləri aparılarkən tikintidə təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri diqqət mərkəzində saxlanılıb.
Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxışında qeyd edib ki, 2021-ci ilin birinci yarısında Şərur rayonunun daxili avtomobil yollarında cari təmir, Qıvraq-Püsyan-Xanlıqlar avtomobil yolunda asfalt-beton işləri, Çərçiboğan, Xanlıqlar-Aşağı Daşarx-Yuxarı Daşarx, Dərvişlər kənd avtomobil yollarının yenidən qurulması davam etdirilib, Babək rayonunun Göynük kənd avtomobil yolunun yenidən qurulması və rayondaxili avtomobil yollarında cari təmir işləri həyata keçirilib.
Bildirilib ki, cari ilin ötən altı ayı ərzində Culfa şəhərindəki 3 mərtəbəli yaşayış binası ətrafında asfalt-beton işləri, rayondaxili avtomobil yollarında isə cari təmir, Elşad Nağıyev küçəsi və Darıdağ Arsenli Su Müalicəxanasına gedən avtomobil yollarının yenidən qurulması işləri həyata keçirilib, Ordubad rayonunun Aşağı Əndəmic və Vənənd-Pəzməri kəndləri avtomobil yollarının yenidən qurulması isə davam etdirilir. Bundan əlavə, Naxçıvan-Şahbuz avtomobil yolunda asfalt-beton işləri davam etdirilib, əhalinin həmin yollardan rahat istifadəsinə əlverişli şərait yaradılıb. Ümumilikdə, görülən işlərlə yanaşı, Naxçıvan Yol Təmir-Tikinti İdarəsi tərəfindən muxtar respublika ərazisində yolların xətlənməsi, işıqforların quraşdırılması və təmiri, eləcə də Naxçıvan şəhərinin küçələrində asfalt qatının təmiri, Gigiyena və Epidemiologiya Mərkəzi binasının ətrafında asfalt-beton işləri aparılıb.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Xəbərlər şöbəsi