Ölkəmizdə ulu öndər Heydər Əliyevin təməlini qoyduğu quruculuq strategiyası muxtar respublikanın inkişafını da təmin etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə bu qədim yurd yeri hərtərəfli inkişafa qovuşmuşdur. Əsaslı şəkildə yenidən qurulmuş Naxçıvan Muxtar Respublikası bugünkü və gələcək nəsillərə ən böyük töhfədir.
Şəhər və kəndlərimiz abadlaşdırılmış, yeni yollar, körpülər salınmış, məktəblər, xəstəxanalar idman kompleksləri istifadəyə verilmişdir. Bütün yaşayış məntəqələrində müasir standartlara uyğun infrastruktur layihələri həyata keçirilmişdir. Belə müasir, gözəl görüntülər digər incəsənət insanları kimi rəssamların da yaradıcılığından yan keçməmiş, onlar şahidi olduqları bu yeniliyi, gözəlliyi öz əsərlərində əks etdirmişlər. Naxçıvanda yaşayıb-yaradan rəssamların, demək olar ki, hər birinin yaradıcılığında Naxçıvan mövzusuna rast gəlirik.
Hazırda Naxçıvanda yaşayıb-yaradan rəssamlardan Xalq rəssamı, professor Hüseynqulu Əliyevin “Naxçıvan bağları”, Azərbaycan Respublikasının Əməkdar rəssamları Ülviyyə Həmzəyevanın “Bəşəriyyətin beşiyi”, Həsən Qurbanovun yaradıcılığında “Naxçıvan”, “Gənclik parkı”, “Qədimlik və müasirliyin vəhdəti”, Telman Abdinovun “Naxçıvan”, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamları Səyyad Bayramovun “Qədim və müasir Naxçıvan”, Əli Səfərovun “İşıqlı Naxçıvan gecəsi”, Həmzə Sadiqovun “Heydər Əliyev Muzeyi”, “Gülüstan türbəsi (bərpadan sonra), Həbibə Allahverdiyevanın “Çiçəkli eyvan”, “Muxtariyyət yolu”, Cavid İsmayılovun “Naxçıvan-95”, Naxçıvan Muxtar Respublikasının Əməkdar incəsənət xadimi Elman Cəfərovun “Novruz”, istedadlı rəssamlarımızdan akvarel texnikası ilə Naxçıvanın müasir görünüşünə aid çoxlu sayda etüdlərə imza atan Sabir Məmmədovun “Qazançı körpüsü, “Haçadağ qış fəslində, “Saat meydanı”, “Müasir yollar”, “Qarabağlar türbəsi”, “Naxçıvan. Təbriz küçəsi”, “Çiçəklənən Naxçıvan”və sair çoxsəpkili əsərləri, Qəhrəman Tağıyevin “Heydər Əliyev Muzeyinin gecə görüntüsü”, Əlövsət Allahverdiyevin “İnkişaf”, Ləman Məmmədovanın “Bayraq Meydanı” adlı rəng və kompozisiya bitkinliyi baxımından bir-birindən maraqlı, kolorit zənginliyi, üslub texnikası ilə fərqlənən bu əsərlərdə Naxçıvanın keçmiş dövründən bu günədək keçdiyi inkişaf yoluna nəzər yetirilib. Müasir Naxçıvanın görünüşünü əks etdirən əsərlər insanın ruhunu oxşayır, özünəməxsus lirik ahənglərlə, xəfif rəng keçidləri ilə verilən əsərlərdə, sanki tamaşaçı tarixən uzaq keçmişdən bu günə qədər olan dövrü göz önündən keçirir və baş verən inkişafın bir daha şahidi olur.
Hazırda Naxçıvanda yaşayıb-yaradan gənc rəssamlardan Murad Nurlunun, Həbib Allahverdiyevin, Arzu Novruzovun, Fizzə Quliyevanın, Vüqar Mehdiyevin, Şəmsiyyə Zalovanın, Ruslan Zamanovun, Ələkbər Ələkbərovun və başqa rəssamların yaradıcılığında İntibah dövrünü yaşayan Naxçıvan mövzusuna toxunulmuş, əsərləri ilə bir çox ölkələrdə sərgi və beynəlxalq rəsm festivallarında Naxçıvanın təbiətini, tarixini, mədəniyyətini, hərtərəfli inkişafını layiqincə təmsil edirlər.
Dünya rəssamlarının yaradıcılığına nəzər saldıqda müasir dövrdə əcnəbi rəssamların Naxçıvanın həm qədim, həm də müasir görünüşünü öz əsərlərində canlandırdıqlarının şahidi oluruq. Müasir şəhər təsvirlərini isə Türkiyə Respublikasından olan rəssamlardan Ayfər Uzün (1968) “Sivilizasiya”, Nurbiyə Uzün (1973), Nilufər İnaltonqun (1957) “Möminə xatın türbəsi”, Hülya Sezginin (1958) “Naxçıvanqala”, İran İslam Respublikasından isə Cəlaləddin Piraninin (1968) “Naxçıvanqala” əsərlərində Naxçıvanın müasir görünüşünün realist və ideya-məna yüklü avanqard təsvirinin şahidi oluruq.
Naxçıvanda 2012-ci ildən başlayaraq 2014, 2016, 2018-ci illərdə yüksək təşkilatçılıqla keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” adlı beynəlxalq rəsm festivallarında iştirak edən rəssamlar bu diyarın qədim tarixi, mədəniyyəti haqqında öyrəndiklərini və gördüklərini öz əsərlərində canlandırmışlar. Haqqında bəhs etdiyimiz əsərlər bir-birindən müasir üslub xüsusiyyətləri və tarixilik baxımından fərqlənməsi ilə diqqətəlayiqdir. Müasir Naxçıvan təsvirlərinin yerli və xarici ölkə rəssamlarının əsərlərində yer alması, qədim torpağın öyrənilməsi, tanıdılması, təbliği baxımından əhəmiyyətlidir.
Zamanın çətin sınaqlarından keçərək qədim tariximizi, adət-ənənələrimizi, milli dəyərlərimizi özündə əks etdirməklə müasir dövrümüzə gətirib çıxaran, onları yaşadan vətənpərvərlik hissləri ilə yoğurulan, zəngin təbiətimizi, müasir dövrün real mənzərəsini özündə əbədiləşdirən təsviri sənət nümunələrimiz həm də tarixi sənəddir, Naxçıvanın inkişaf tarixinin bədii təzahürüdür.
Tariximizin bədii əksini böyük sənətkarlıqla yaradan rəssamlar da hərtərəfli qayğı ilə əhatə olunublar. Belə ki, son illərdə Naxçıvan Muxtar Respublikasında təsviri sənət sahəsində görülən bir çox işlər bu qayğının bariz nümunəsidir. Rəssamlara fəxri adların, təqaüdlərin verilməsi, onların əsərlərindən ibarət kataloqların nəşri, sənətkarların əl işlərinin satışı və onların sərgilərinin keçirilməsi üçün yaradılan şərait, rəssamlara verilən emalatxanalar, yeni sərgi salonu, gənc rəssam kadrlarının yetişməsi üçün ali təhsil ocaqlarında Təsviri incəsənət və Rəngkarlıq ixtisaslarının yaradılması bunun əyani sübutudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2021-ci il martın 2-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncam isə sənətimizə, Rəssamlar Birliyinin üzvlərinə göstərilən diqqətin daha bir ifadəsidir.
Heç şübhəsiz ki, bu tarixi Sərəncam işığında Naxçıvan təsviri incəsənət tariximiz, diyarımızın rəssamlıq məktəbini özünəməxsus zəngin inkişaf yolu, ayrı-ayrı rəssamlarımızın sənətkarlıq üslubu və yaradıclıq dəst-xətti öyrəniləcəkdir.
Həbibə Allahverdiyeva
Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı