22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Rəyasət Heyətinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasından irəli gələn vəzifələr və 2021-ci ilin I yarım ilinə həsr olunmuş iclası keçirilib.

İclası giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev ölkəmizdə insan hüquqlarının təmin olunması və müasir standartlara cavab verən məhkəmə-hüquq islahatlarının aparılmasının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasını qeyd edərək məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlardan danışıb. Qeyd olunub ki, Naхçıvan Muхtar Rеspublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun birbaşa rəhbərliyi altında muхtar rеspublikamızda hüquq institutlarının təkmilləşdirilməsi və ədalət mühakiməsinin keyfiyyətinin daha da artırılması istiqamətində genişmiqyaslı işlər görülüb.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hüquqi-mааrifləndirmə sаhəsində də bir sırа işlər görmüş, cari ilin müvafiq dövründə də milli qаnunvеriciliyə еdilən əlаvələr və dəyişikliklər barədə müntəzəm olaraq muxtar respublikada yaşayan əhali аrаsındа hüquqi təbliğat və izahat işləri аpаrılmasını diqqət mərkəzində saxlayıb.
Ali Məhkəmənin sədri muxtar respublikanın ixtisaslaşdırılmış və rayon (şəhər) məhkəmələri tərəfindən baxılıb nəticə verilmiş mülki və digər işlər üzrə çıxarılmış qətnamə və qərardadlardan verilmiş apellyasiya şikayətlərinin nəticələrini təhlil edib.
İclasda Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin sədri Hüseyn Məmmədov, Hərbi Məhkəmənin sədri Polad Həsənov, Kommersiya Məhkəməsinin sədri Elşən Salmanov və muxtar respublikanın şəhər və rayon məhkəmə sədrlərinin 2021-ci ilin birinci yarısında görülən işlərə dair məlumatları dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını nazir Rəfael Əliyev açaraq bildirib ki, 2021-ci ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin gəlirləri 62 milyon 916 min 100 manat təyinata qarşı 108,8 faiz icra olunub, büdcəyə nəzərdə tutulandan 5 milyon 549 min 146 manat çox vəsait mədaxil edilib. 2021-ci ilin yanvar-iyun aylarında büdcə gəlirlərinin 74,5 faizi və ya 51 milyon 13 min 612 manatı Vergilər Nazirliyi tərəfindən təmin edilmiş vergi və rüsumlardan, 20,9 faizi və ya 14 milyon 274 min 822 manatı Dövlət Gömrük Komitəsi tərəfindən toplanılmış daxilolmalardan, 3,2 faizi və ya 2 milyon 182 min 428 manatı dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən, 1,4 faizi və ya 994 min 384 manatı isə digər mənbələrdən daxil olub.
Vurğulanıb ki, hesabat dövründə dövlət büdcəsi gəlirlərinin tərkibində mərkəzləşdirilmiş büdcə gəlirləri 111 faiz, Avtomobil Yolları Məqsədli Büdcə Fonduna daxil olan vəsait istisna olmaqla, Naxçıvan şəhəri üzrə104,4 faiz, Şərur rayonu üzrə105,5 faiz, Babək rayonu üzrə 102,3 faiz, Ordubad rayonu üzrə 102,6 faiz, Culfa rayonu üzrə102,7 faiz, Şahbuz rayonu üzrə 103,3 faiz, Kəngərli rayonu üzrə103 faiz, Sədərək rayonu üzrə102,9 faiz icra olunub. 2021-ci ilin birinci yarım ilində Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin xərcləri 260 milyon 793 min 677 manat təyinata qarşı 221 milyon 454 min 234 manat və ya 84,9 faiz icra olunub.
Diqqətə çatdırılıb ki, cari ilin ilk yarım ilində muxtar respublika dövlət büdcəsinin icrasında sosialyönümlü xərclərdən əməyin ödənilməsi, dərman və ərzaq xərcləri, təqaüd və sosial müavinətlərə 142 milyon 940 min 910 manat sərf olunub ki, bu da büdcə xərclərinin 64,6 faizini təşkil edib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*    *   *

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində keçirilən kollegiya iclasını nazir Vüsal Sevdimaliyev açaraq bildirib ki, cari ildə Şərur və Ordubad rayonlarının kəndlərində yeni Rabitə evləri, habelə Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilib. Naxçıvan şəhərində yeni inşa olunan Naxçıvan Qarnizonu Mərkəzi Hospitalına və Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinə rabitə xətləri çəkilib, həmçinin inşası davam etdirilən kənd mərkəzlərinə rabitə xətlərinin çəkilməsi üçün zəruri tədbirlər həyata keçirilib. Dəmirçi kəndində 544 montaj tutumlu, 444 sabit şəbəkə telefon istifadəçisi və 253 internet istifadəçisi olan NGN Avtomat telefon stansiyası Sədərək Rayon Rabitə İdarəsinin balansına verilib, bununla bağlı zəruri dəyişikliklər həyata keçirilib.
Muxtar respublikanın stasionar telefon şəbəkəsinin tamamilə Yeni Nəsil (NGN) Telekommunikasiya sisteminə keçirilməsi, habelə “Naxtel” mobil rabitə şəbəkəsinin abunəçi tutumunun artırılması üçün yeni baza stansiyalarının istifadəyə verilməsi istiqamətində işlər davam etdirilib. Həyata keçirilən tədbirlər 4-cü nəsil “Naxtel” abunəçilərinin sayının artmasına da səbəb olub.
Qeyd olunub ki, hesabat dövründə muxtar respublika ərazisində fiber-optik kabel şəbəkəsinin genişləndirilməsi işinin davam etdirilməsi məqsədilə “Evədək optika” layihəsi uğurla icra edilib. 2021-ci ilin birinci yarısında muxtar respublika üzrə mövcud avtomat telefon stansiyalarının nömrə tutumları artırılıb, ümumilikdə, 1204 yeni telefon nömrəsi abonentlərin istifadəsinə verilib, 4044 abonent internetlə təmin olunub.
Həmçinin telekommunikasiya şəbəkəsinin inkişafına dair layihələr icra olunub, şəhər, rayon mərkəzlərində və kəndlərdə fəaliyyət göstərən avtomat telefon stansiyalarına, ümumilikdə, 182 ədəd 32, 48 və 64 yerlik internet plataları əlavə edilib ki, nəticə etibarılə, muxtar respublika üzrə 6000-ə yaxın internet istifadəçisinin tələbatının ödənilməsinə imkan yaranıb. Hesabat dövrü ərzində 107 elektron imza sertifikatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada hazırlanaraq təqdim edilib.
Nazirlik tərəfindən qeyd olunan dövrdə kadr hazırlığı da diqqət mərkəzində saxlanılıb, kurslarda uğurlu nəticə əldə etmiş nazirliyin 4 əməkdaşı “CISCO” şəbəkə inzibatçılığı üzrə, 2 əməkdaşı analoq və rəqəmli elektronika üzrə sertifikat ilə təmin edilib.
İclas məruzə ətrafında çıxışlarla başa çatıb.

*   *   *

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində keçirilən kollegiya iclasında xidmətin rəisi Müslüm Cabbarzadə geniş məruzə ilə çıxış edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən imzalanmış qərar, fərman və sərəncamlarda qarşıya qoyulmuş tapşırıqlar və qəbul edilmiş Dövlət proqramlarında daşınmaz əmlakın qeydiyyatı və torpaq münasibətlərinin tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələr uğurla icra edilib. 67 ailə təsərrüfatına məxsus qeyri-yaşayış obyekti, həyətyanı təsərrüfat binaları və təsərrüfat fəaliyyəti ilə əlaqədar icarəyə götürülmüş torpaq sahələri üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Qeyd olunub ki, Şərur və Kəngərli rayonlarının kəndlərində torpaqlardan istifadə vəziyyətinə dair monitorinqlər aparılıb, torpaqların qanunsuz istifadəsinin aradan qaldırılması üçün müvafiq tədbirlər görülüb. Şahbuz rayonu üzrə bütün bələdiyyələrin xəritələri və yerquruluşu sənədləri qovluğu hazırlanaraq aidiyyəti üzrə göndərilib. 21 sifarişçi təşkilatın müraciəti əsasında 140-a yaxın müxtəlif miqyaslı xəritə, plan və sxem hazırlanıb.
Diqqətə çatdırılıb ki, 2021-ci ilin 6 ayı ərzində muxtar respublika üzrə 3446 daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə hazırlanan mülkiyyət sənədlərinin sayı 23,6 faiz artıb. Yeni yaranmış 178 daşınmaz əmlak obyektinə ünvan verilib, 2690 texniki sənəd hazırlanıb, 562 torpaq sahəsinin plan-ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb. Səyyar xidmət qrupu tərəfindən muxtar respublika üzrə 46 yaşayış məntəqəsində 169 vətəndaşın müraciətinə baxılıb, 560 vətəndaşa elektron xidmətlər göstərilib.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, polkovnik Mirzə Cəlilov yarım ilin yekunlarına həsr olunmuş iclası açaraq bəhs olunan dövrdə keçirilən komandir hazırlığı üzrə məşğələlər barədə məlumat verib.
Vurğulanıb ki, Silahlı Qüvvələrin cari çatışmazlıq komandalarının hərbi vəzifəlilər və hərbi-nəqliyyat vasitələrilə komplektləşdirilməsinə aid naryadlar icra edilib, hərbi hissə nümayəndələri ilə birlikdə komandalara təyin olunmuş ehtiyatda olan zabit, gizir, çavuş və əsgərlərlə əvəz edilməsi həyata keçirilib.
Qeyd olunub ki, 2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət proqramı çərçivəsində müddətli həqiqi hərbi xidmətini başa vuraraq Silahlı Qüvvələrdən ehtiyata tərxis olunan şəxslərin işlə təmin edilməsi nəzarətdə saxlanılıb. Hərbi xidmətdən tərxis olunan şəxslərin məşğulluğunun təmin edilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon (şəhər) idarə və şöbələrinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə hərbi xidmətdən tərxis olunmuş şəxslərlə Culfa şəhərində Culfa ilə Ordubad rayon şöbələri, Naxçıvan şəhərində Naxçıvan şəhər idarəsi ilə Şahbuz rayon şöbəsi ilə birgə, eyni zamanda Babək rayon idarəsində tədbirlər keçirilib.
Mirzə Cəlilov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri ilə təsdiq edilmiş plana uyğun olaraq hamilik işinin təşkilinə dair məşğələlər keçirilib.
Sonra məruzə ətrafında çıxışlar edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR