22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci sessiyasında irəli gələn vəzifələrə, nazirliyin 2021-ci ilin birinci yarım ilində gördüyü işlərə dair kollegiya iclası keçirilib.
Kollegiyanı Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, baş ədliyyə müşaviri Daşqın Rəhimov açaraq bildirib ki, qanunçuluq prinsipinə daim sadiq qalan nazirlik hesabat dövründə fəaliyyət istiqamətləri əsasında hüquqi maarifləndirmə, təbliğat və profilaktika sahəsində apardığı işləri davam etdirib. Penitensiar sahədə cəza-icra siyasətinin qüsursuz yerinə yetirilməsi, məhkumların hüquqlarının təmin olunması və onların gündəlik təminatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılıb. Yoluxucu xəstəliklərin cəzaçəkmə müəssisələrinə keçməsinin qarşısının alınması, cəzaçəkən şəxslərin sağlamlığının qorunması istiqamətində tədbirlər görülüb, cəzaçəkmə müəssisələrində mütəmadi olaraq kompleks dezinfeksiya işləri həyata keçirilib.

Qeyd olunub ki, Məhkəmə Ekspertizası Mərkəzində müxtəlif ekspertiza sahələri üzrə tədqiqatı aparılan 162 ekspertiza işinin 128-nə rəy, 9-na isə arayış verilib, 13 ekspertiza işi icra olunmadan geri qaytarılıb, 6 işin icraatı vəsatət verildiyindən dayandırılıb, 6 ekspertiza işinin icrası isə hazırda davam etdirilir. Hesabat dövrü məhkəmə və digər orqanların qərarlarının vaxtında icra olunmasına nəzarət artırılıb. Birinci yarım ildə icra və probasiya şöbə və bölmələrinin icraatına 3361 icra sənədi daxil olub, bunlardan 1156 iş tam icra olunub, 1939 iş icraya yönəldilib, 132 iş geri qaytarılıb, 134 iş ərazi aidiyyəti üzrə göndərilib, 104 nəfər borclu barəsində axtarış qərarı verilib.
Diqqətə çatdırılıb ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”yə uyğun olaraq daxil olmuş müraciətlər qeydiyyata alınıb. Dövlət notariat ofisləri tərəfindən 6790 müxtəlif məzmunlu notariat əməliyyatı aparılıb, dövlət büdcəsinə 56093 manat dövlət rüsumu ödənilib. Rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5240 əməliyyat aparılıb və dövlət büdcəsinə 10166 manat dövlət rüsumu ödənilib.
Vurğulanıb ki, nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq və Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələr üçün praktik dərslər və seminarlar təşkil edilib. Hüquqşünaslıq ixtisası üzrə qiyabi təhsil alan tələbələrin bir gün ərzində nazirliyin qeydiyyat, notariat və ekspertiza sahəsində gördüyü işlərlə əyani tanışlığı təmin edilib.
Sonra məruzə ətrafında çıxışlar olub.

*  *   *

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində keçirilən kollegiya iclasında mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək nazir­lik və tabeliyindəki mədəniyyət müəssisələri tərəfindən 2021-ci ilin ilk 6 ayı ərzində keçirilən mədəniyyət tədbirləri haqqında məlumat verib.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı nazirliyin hamiliyinə verilmiş ali və orta ixtisas məktəblərinin müvafiq ixtisaslarının tələbələri üçün, ümumilikdə, 15 tədbir keçirilmişdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə keçirilmiş “Məktəblilərin dram müsabiqəsi”nin muxtar respublika mərhələsinə aprel ayında yekun vurulmuşdur. İyun ayında Naxçıvan Muxtar Respublikası Aşıqlar və Yazıçılar birlikləri ilə birgə Aşıq Ələsgərin yaradıcılığına həsr olunmuş yaradıcılıq müsabiqəsi təşkil edilmiş, 4 ustad dərsi keçilmiş, əsərlərinin biblioqrafik icmalı hazırlanmışdır.
Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış, muxtar respublikanın muzeylərini 105 min 145 nəfər yerli, 3 min 502 nəfər əcnəbi olmaqla, ümumilikdə, 108 min 647 nəfər tamaşaçı ziyarət etmişdir.
Bildirilmişdir ki, 2021-ci ilin birinci yarım ilində 112 kitab müzakirəsi keçirilmişdir. Muxtar respublikanın kitabxanalarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar, ümumilikdə, 281 material hazırlanmış, sosial şəbəkə hesablarında 1278 paylaşım edilmişdir.
Bəhs olunan dövr ərzində rayon mədəniyyət sarayları, o cümlədən klub və mədəniyyət evləri tərəfindən, ümumilikdə, 136 tədbir keçirilmiş, 68 sərgi təşkil olunmuşdur. Vurğulanıb ki, bu ilin may ayından etibarən açıq havada kino nümayişlərinə başlanmış, may-iyun aylarında 5 film nümayişi olmuşdur.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.

*   *  *

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində keçirilən iclasda xidmətin rəisi, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev qeyd edib ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikasının vergi orqanları üzrə müəyyən olunmuş proqnoz 105,1 faiz icra edilib. Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çoxdur. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun büdcəsi üzrə proqnoz 103,0 faiz icra olunub.
Cari ilin ilk altı ayı ərzində sahibkarlıq fəaliyyətinə başlamaq üçün prosedurların və vaxt itkisinin dəfələrlə azalmasına gətirib çıxarmış “Bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 27 kommersiya və 1 publik hüquqi şəxs dövlət qeydiyyatına, habelə 3 qeyri-kommersiya hüquqi şəxs vergi uçotuna, həmçinin bu dövrdə yerli vergi orqanları tərəfindən 1342 fiziki şəxs sahibkarlıq uço­tuna alınıbdır. Qeydiyyata alınan sahibkarlıq subyektlərinin 80,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb ki, bu da sahibkarlığın inkişafına dövlət dəstəyinin daha da artırılmasının, sahibkarlar arasında maarifləndirmə və məlumatlandırma işlərinin aparılmasının nəticəsidir.
Vurğulanıb ki, hesabat dövründə özəl sektorda 47 vergiödəyicisi üzrə 333 işçinin əməkhaqqının ödəniş kartları vasitəsilə ödənilməsi təmin edilib. Nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə 57 ədəd POS-terminal aparatı quraşdırılıb və onların sayı 1467-yə çatdırılıb.
Qeyd olunub ki, muxtar respublika sakinlərinin maarifləndirilməsi istiqamətində vergiödəyiciləri ilə 14 görüş keçirilib, onların elektron ünvanına, ümumilikdə, 87 min 582 ədəd bildiriş və müraciətlər göndərilib.
Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində 2021-ci ilin 6 ayında 3 publik hüquqi şəxs statuslu müəssisədə 10 POS-terminal aparatı quraşdırılıb.
Nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlərin keçirilməsi davam etdirilib, 400 manatdan yuxarı məbləğdə nağdsız ödəniş aparan vətəndaşların ödədikləri məbləğlərə müvafiq olaraq 442 vətəndaşa 25 min manatlıq müxtəlif hədiyyələr təqdim edilib. Cari ildə növbəti tirajın keçirilməsi nəzərdə tutulur.
İclas məruzə ətrafında digər çıxış­larla davam edib.

*   *   *

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasını giriş sözü ilə açan komitənin sədri Ramilə Seyidova bildirmişdir ki, cari ilin ötən dövrü ərzində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin maliyyələşdirdiyi, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra olunan “İcma quruculuğu təşəbbüsləri proqramı” çərçivəsində “Naxçıvan Muxtar Respublikasında qadınların iqtisadi səlahiyyətlərinin artırılması” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində keçirilən təlimlər zamanı sağlamlıq imkanları məhdud və aztəminatlı ailələrdən olan 28 qadının iştirakı təmin olunmuşdur.
2021-ci ilin 6 ayı ərzində “Qadınların Dayanıqlı İnkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi çərçivəsində sərmayə kapitalı alan 23 qadının iş yeri və təsərrüfat sahəsində monitorinqlər keçirilmişdir.
Məlumat verilmişdir ki, hesabat dövrü ərzində komitə tərəfindən təşkil edilən rəsm və əl işlərindən ibarət sərgi-satışlarda 389 şəxsin 28273 manat dəyərində 2904 rəsm və əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
Qeyd edilmişdir ki, muxtar respublika əhalisinin 165288 nəfəri, yəni 35,80 faizi uşaqlardır. Naxçıvan Muxtar Respublikası üzrə 1854 sağlamlıq imkanları məhdud uşağın rayon, şəhər, illər və xəstəliklər üzrə təhlili aparılmışdır.
Həmçinin təhlillər zamanı müəyyən edilmişdir ki, son 10 ildə sağlamlıq imkanları məhdud uşaqların sayı gündən-günə azalmışdır. Belə ki, 2010-cu il təvəllüdlü 142 sağlamlıq imkanları məhdud uşaq olduğu halda, 2020-ci ildə bu rəqəm 0 olmuşdur. Sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası ilə bağlı işlər görülmüş, 3 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilmişdir.
Bildirilmişdir ki, 2021-ci il 24 iyun tarixində 26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə aid təşkilatlarla birgə şəhid və qazi övladları ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə komitə tərəfindən 69 şəhid və qazi övladına hədiyyələr təqdim edilmişdir.
İclas məruzə ətrafında çıxışlarla yekunlaşmışdır.

*   *   *

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzində keçirilən tədbiri mərkəzin sədri İsmayıl Qəribli giriş sözü ilə açaraq bildirib ki, dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 1 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 1 qərarı ləğv etdirilib, 2 dövlət orqanının 4 qərarı isə dəyişdirilib. Dövlət İmtahan Mərkəzinə verilmiş tapşırıqlara uyğun olaraq il ərzində 6-sı işə qəbul, 4-ü attestasiya və 1-i sertifikasiya olmaqla, ümumilikdə, 11 müsabiqə keçirilib. 2021-ci ilin ötən dövrü ərzində dövlət qulluğunda, hüquq-mühafizə orqanlarında, dövlət ümumi təhsil və musiqi təhsili müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrdə, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində vakant vəzifələrin tutulması, attestasiya və sertifikasiya üçün keçirilən imtahanlarda 7468 namizəd iştirak edib, 4604 namizəd keçid balını toplayıb. Hesabat dövründə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda uğur qazanan 166 nəfər müvafiq vəzifələrə təyin olunub. Eyni zamanda ehtiyat kadrlar siyahısından 1 namizəd işlə təmin edilib.
2021-ci ilin 6 ayı ərzində müəllimlərin işə qəbulu və sertifikasiyanın aparılması üçün 5494, tibb işçilərinin dövlət səhiyyə müəssisələrinə işə qəbulu və sertifikasiyasının aparılması üçün 11629, musiqi müəllimlərinin işə qəbulu və sertifikatlaşdırma üçün 350, dövlət qulluğuna qəbulla əlaqədar 100 yeni sual olmaqla, ümumilikdə, 17573 sual test bankına işlənib. Həmçinin musiqi müəllimlərinin işə qəbulu və attestasiyası üçün 2026 sual ekspertiza edilib.
Birinci yarım il ərzində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumilikdə, 192 nəfər, sınaq imtahanlarında isə 594 nəfər iştirak edib.
Diqqətə çatdırılıb ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə müxtəlif mövzularda 4 seminar və universitetin sonuncu kurs tələbələrinin iştirakı ilə “Karyera günü” keçirilib.
Məruzə ətrafında çıxışlar din­lənildikdən sonra tədbirə yekun vurulub.

*   *   *

2021-ci ilin ilk 6 ayının yekunları və qarşıda duran vəzifələrlə bağlı “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətində keçirilən yığıncağı cəmiyyətin direktoru Mahir Əliyev açıb. Bildirib ki, hesabat dövründə Culfa Lokomotiv Deposunda lokomotivlər 141 min 623 kilometr yürüş edib, 24 milyon 160 min ton kilometr brutto yük daşınıb. İlin ilk 6 ayı ərzində 259 vaqon 15 min 540 ton yük daşınıb ki, həmin yüklərin 244 vaqon 14 min 640 tonu “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC-nin, 7 vaqon 420 tonu Naxçıvan Mənzil İstismar Xidmətinin, 8 vaqon 480 tonu isə Texniki İnzibati Binaların Təmir Tikinti İdarəsinin ünvanlarına olub. Bu dövrdə yük-sərnişin qatarları vasitəsilə 71 min 245 sərnişin daşınaraq cəmiyyətin hesabına 22 min 965, 67 min 970 kiloqram poçt-baqaj yükü daşınaraq 1014 manat vəsait daxil olub. Sərnişin daşınmasının həcmi 2020-ci ilin 6 ayı ilə müqayisədə 28 min 264 nəfər olub, daxil olan vəsait isə 8 min 522 manatı keçib.
Qeyd olunub ki, “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” nın icrası ilə əlaqədar “Naxçıvan Dəmir Yolları” MMC üzrə 2021-ci ilin 6 ayında dəmir yolunun ayrı-ayrı sahələrində sağlamlaşdırma işləri aparılaraq qatarların hərəkətinin təhlükəsizliyi təmin edilib. Belə ki, Culfa Lokomotiv Deposunda lokomotivlər 23 dəfə texniki baxışdan keçirilib, onlarda 11 dəfə cari təmir işləri aparılıb. Culfa İstismar Vaqon Deposunda 107 ədəd müxtəliftipli yük və sərnişin vaqonu cari və depo təmirləri edilib. Cari ilin 6 ayı ərzində Culfa Lokomotiv Deposunda 5 ədəd elektrovoz və 3 ədəd teplovozda təmir işləri aparılaraq çatışmazlıqlar aradan qaldırılıb.
Sonra məruzə ətrafında çıxışlar olub.

*   *   *

2021-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələr mövzusunda keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Dövlət Sığorta Xidməti publik hüquqi şəxsin direktoru Bəxtiyar Məmmədov bildirib ki, ötən yarım il ərzində muxtar respublikada sığortanın daha da inkişafı məqsədilə bir sıra işlər aparılıb, təşkil olunan tədbirlərdə icbari və könüllü sığortaların mahiyyəti, vaxtında sığorta müqaviləsi bağlanılmasının faydaları, sığorta ödənişlərinin verilmə qaydaları haqqında geniş məlumat verilib. Nəticədə, Dövlət Sığorta Xidməti tərəfindən 2021-ci ilin birinci yarısında həyat və qeyri-həyat sığorta sinifləri üzrə 6-sı icbari, 12-si könüllü olmaqla, 18 sinif üzrə aktiv sığorta yığımı həyata keçirilib, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə bir çox sığorta növündə artımlar olub. Bildirilib ki, xidmət tərəfindən aparılan sığorta fəaliyyəti üzrə sığorta haqlarının yığımında ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası üzrə 3 faiz, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 5 faiz, könüllü sığortalar üzrə fiziki şəxslərə məxsus əmlakın sığortasında, ümumilikdə, 23 faiz, sahibkarlara məxsus əmlakın yanğın və digər əlavə risklərdən sığortası üzrə 67 ədəd, kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 759 ədəd və yaxud 2,2 dəfə artım olub.
Həyata keçirilən yeni sığorta növlərinə də toxunan direktor qeyd edib ki, cari ildən muxtar respublika sakinləri üçün dövlət sığorta xidməti tərəfindən 7 adda yeni kasko sığorta məhsulu yaradılmış və istifadəyə verilmişdir. Bildirilib ki, gələcəkdə əhali tələbatı nəzərə alınaraq digər sığorta növləri üzrə də yeni məhsulların hazırlanması nəzərdə tutulur.
Sonra şəhər və rayon dövlət sığorta idarələrinin hesabatları dinlənilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR