19 Aprel 2024, Cümə

2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi hər birimizdə milli iftixar, Azərbaycançılıq, vətənpərvərlik duyğuları aşılamaq, milli-mənəvi özünüdərk proseslərini daha geniş şəkildə təbliğ etmək üçün qarşımızda yeni perspektivlər açır. Nizami kimi bir dühanın yubileyinin belə təmtəraqla qeyd olunması ədəbiyyatsevərləri sevindirdi. Bu məsələnin bir də fərqli tərəfi ondadır ki, Azərbaycan 2020-ci ilə öz qılıncı ilə çəkdiyi imza və möhürünü 2021-ci ildə qələmi ilə təsdiq etməkdədir. Elə möhtəşəm qələbə belə sonsuz bir hikmət sahibinin işığı ilə tamamlana bilər.

 Bəli, Nizami Gəncəvi müdrikliyi ruhumuzun yüksək zirvədə bərqərar olması üçün lazımdır. Hələ XV əsrdə Sultan Murad xan oğluna nəsihətində qələm və qılınc tərəzisinin gözünü daim düzgün tutmağı nəsihət edir. Çünki “tərəzini doğru tutsan, Allah-Taala da sənə doğru nəzər edər”, – deyirdi. Məhz qılınc və qələmin tarazlığını qoruya bilən Fateh Sultan Konstantinapolu fəth edib tarixin çarxını dəyişdi. 2021-ci il də Azərbaycan tarixində tərəzinin gözləri arasında “ədaləti” bərpa etmək üçün “Nizami Gəncəvi ili” elan olundu. Əlbəttə, necə ki, sonsuzluğu bir ana sığdırmaq olmur, eləcə də Nizami hikmətini bir illə ehtiva etmək mümkün deyil. Mütəfəkkir haqqında o qədər dəyərli əsərlər, tədqiqatlar var ki, onları oxumağın özünə bir il bəs eləməz. Mən onların bəzilərindən bəhrələnərək Nizaminin hikmət dünyasından qollu budaqlı, həmişəyaşıl ağaca bənzəyən, sadəcə, bir-iki yarpağa diqqət çəkmək istəyirəm. Bələdçim də Şirin olacaq, “Xosrov və Şirin”in qəhrəmanı. Nizami Gəncəvi düşüncə müstəvisində onu tarazlamağa və ədaləti bərpa etməyə çalışır. “Xəmsə”də iki cür qadın obrazı var – kişi obrazını açan, bir növ onun bəzəyi olan və qadın kimliyini, qadınlıq hikmətinin öz dərinliyini açan obrazlar. Buna gözəl nümunə kimi Şəkər və Şirini göstərmək olar. Onlardan birinin gözəlliyi də, bacarığı da bu fani dünya qədərdir, digərinin varlığı isə insanlığın tən yarısıdır.

Nizaminin poemalarında qadın obrazları məhz kamilləşmə prosesinin əhəmiyyətli tərəfi, aparıcı qüvvəsidir. Görkəmli nizamişünas Həmid Araslının qənaətinə görə, Şirin dahi Nizami tərəfindən son dərəcə məharətlə, hərtərəfli işlənmiş, dünya ədəbiyyatı tarixində xüsusi yeri olan bir obrazdır. Belə yüksək ağıllı və müsbət təsvir edilən qadın obrazlarına Qərbi Avropada sonrakı əsrlərdə Şekspirdə təsadüf edirik:

Mən gövhərəm, neçin gərək əksiləm,

Çağrılmamış gedəm, məgər mən yeləm?

İki misrada şair qadının həm dəyərini vurğulayır, həm də iradə və hökm sahibi olduğunu bəyan edir. O, şəxsiyyəti, məqsədi və mənəviyyatı bəlli olan yüksək bir insan obrazıdır.
“Xosrov və Şirin” də ön planda iki dövlət var. Bir tərəfdə hökmdar Hörmüzün ölkəsidir ki:

Ədalətdə onun qüsuru yoxdur,
Gözlər kədərsizdi, könüllər toxdu.
Oldu ədalətlə yer üzü abad,
İnsanlar oldular zülmdən azad.

Digər tərəfdə isə

Dərbənd dənizinin bir sahmanında
Bir gözəl ölkə var dağlar yanında.
Şahzadə qadındır orda hökmran,
Yayılmış qoşunu İsfahanacan.

Biri kişinin, digəri isə qadının –“cürətdə kişidən heç geri durmayan, böyük olduğundan Məhin Banu” nun idarə etdiyi dövlət. Hər ikisinin varisi var. Hörmüzün taxt-tacı Xosrova, Məhin Banununku isə Şirinə mirasdır. Onu da əlavə edək ki, söhbət məhz iki eyni səviyyəli dövlətdən gedir və bunu Məhin Banu öz nəsihətində də vurğulayır:

Əgər o, aydırsa, biz afitabıq,
O, Keyxosrov, bizsə Əfrasiyabıq.

Bəli, dahi şair incə bir yanaşma ilə həm də iki qonşu milləti müqayisə edir və bir növ, onların inkişaf istiqamətlərini izləmək üçün kökdən, təməldən başlayır. Hər iki millətin hökmdarı özünə layiqli, dövlətin, xalqın gələcəyini, firavanlığını təmin edəcək bir varis yetişdirməyə çalışır, nəsihətlər verir. Yəni poema ədalətin bərqərar olduğu iki fərqli məkandan başlayır. Elə bu başlanğıc məqamda da hər ikisində müəyyən yoldan çıxma, düşüncəsizliyin, hisslərin ağır gəlməsi halı baş verir. Xosrov kəndliyə zülm edir və atası tərəfindən cəzalanır. Şirin isə Şapurun sözlərinə uyub bir anlıq həvəs ilə Xosrovun yanına qaçır. Gəncliyin səhvini hər ikisi edir və məhz bu nöqtədən başlayaraq yollar açılır. Xosrov yoluna düzəlmir və eyş-işrətə aludə olur, Şirin isə haqq yolundan çıxmır və kamilliyə yönəlir. Əslində, Xosrovun hikməti məhz Şirindən öyrənməsi bir təsadüf deyil. Fəlsəfə tarixinə baxanda şahid olursan ki, bir əzəmətli ideyanın formalaşmasında və yeni təkanla irəli getməsində qadın təfəkkürünün mahiyyəti böyükdür. Üstəlik, nəzərə almaq lazımdır ki, bir sıra görkəmli filosofun ustadları arasında qadın filosofların da rolu böyük olmuşdur.
Burada maraqlı bir haşiyə çıxmaq istərdim. Müdrik qadın öz dövrünün, mühitinin simasıdır. Vurğulanmalı olan daha bir əhəmiyyətli məqam isə belə müdrik qadının məhz Azərbaycan torpağının övladı olmasıdır. Şirin hökmdardır, qadındır, deməli, bəzilərinə görə zəifdir, aldatmaq, yoldan çıxartmaq olar. Lakin Məhin Banunun nəsihətləri, Şirinin ona cavabları və bütün sonrakı proseslər göstərir ki, söhbət adi bir qadından deyil, bəşəriyyətin yarısı olmağa layiq olan qadından gedir. Nəhayət, bir şeyə də diqqət yönəldək ki, məhz orta əsrlərdə, İslam sivilizasiyasının qurulduğu bir çağda Azərbaycan müdrikləri, sənətkarları, alimləri əvəzedilməz rol oynayıblar – istər Vətənimizin öz ərazisində, istərsə də başqa ölkələrdə fəaliyyət göstərməklə. Orta əsrlər İslam düşüncə tarixinin qızıl dövründə yaşamış Nizami bunu, təbii ki, gözəl bilirdi və Azərbaycanın mənəvi qüdrətini belə nümayiş etdirir. Dahi şair Şirini Xosrovun eşqinin obyektindən daha çox, öz cəmiyyətinin siması kimi təsvir edir. Məhz buna görə, Şirin hamımız üçün doğmadır, əzizdir.
Yeri gəlmişkən, tədqiqatçıların belə bir əhəmiyyətli fikrini qeyd edək ki, “Xosrov və Şirin”dən ilhamlanaraq yazılmış, lakin milli heysiyyətin ağır gəldiyi poemalarda Fərhad obrazı ön planda durur. Bunu düşünən oxucuda istər-istəməz sual yaranır: nə üçün Şirin Fərhadı yox, Xosrovu seçdi?! Axı bununla o həm də öz milləti üçün bir yaxşılıq etmiş olardı?! Məsələ burasındadır ki, Şirin Fərhadı görəndə, artıq ürəyində Xosrovun eşqini daşıyırdı. Lakin Şirin Fərhada belə bir xəyanəti rəva görmədi – ürəyində başqasının sevgisini daşıdığı halda onun hisslərinə cavab vermədi. Şirin Xosrova deyil, öz mənliyinə, öz mənəviyyatına sədaqətini qoruyub saxladı. Belə ümumiləşdirmə aparsaq, poeziya dünyasının dahisi Nizami Gəncəvinin ölməz ədəbi irsi təkcə humanizm, insana məhəbbət, yüksək əxlaq, estetik zövq, tərbiyə və bilik mənbəyi, heç vaxt qiymətini, etik təsirini itirməyən əlvan söz, dərin fəlsəfi fikir, hikmət xəzinəsi olmaqla bərabər, həm də canlı tariximizdir, keçmişimizin ən qaranlıq guşələrinə işıq salan sönməz məşəldir. Mütəfəkkir şairin ədəbi irsinin təbliği bütün dövrlər üçün öz aktuallığını qoruyur, ədəbiyyatşünasların qarşısında onun araşdırılıb daha sanballı mənbələrin ortaya qoyulmasını bir tələbə çevirir. Bu mərhələ orta məktəbdən başlasa da, onun geniş miqyasda inkişaf etdirilməsi üçün hər kəs üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməlidir.

 Aytac CƏFƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR