22 Dekabr 2024, Bazar

1921-ci ildən Naxçıvanda nəşrə başlayan, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixli Sərəncamı ilə yüzillik yubileyi muxtar respublika ictimai-siyasi həyatında mühüm hadisə kimi qeyd olunan “Şərq qapısı” qəzetinin ilk müxbirlərindən biri də Seyid Səbri Mirsadıq oğlu Əsədli (1896-1974) olmuşdur. S.Səbrinin “Şərq qapısı” qəzetinin 50 illiyi münasibətilə həmin qəzetin 1971-ci il 2 iyul tarixli nömrəsində çap etdirdiyi “Yaddaşımdan bir neçə söz” adlı məqaləsində qəzetin nəşrə hazırlanma şəraiti, böyük çətinliklər bahasına varlığını qoruya bilməsi, bu işdə fəallıq göstərən şəxslərin xidmətləri və özünün müxbirliyi haqqında maraqlı məlumatlar verilmişdir.

 İndiyədək “Şərq qapısı” qəzetinin nəşri tarixi haqqında xeyli xatirə materialları və məqalələr yazılmış, hətta bu mövzuda xüsusi monoqrafiya da çap olunmuşdur. Lakin buna baxmayaraq, S.Səbrinin həmin mövzuya aid məlumatları bu gün də öz orijinallığını və elmi dəyərini itirməmişdir. Odur ki, bu məlumatlar “Şərq qapısı”nın nəşri tarixinə dair araşdırmaların nəticələrinə yeni faktlar əlavə etmək baxımından əhəmiyyətlidir.

S.Səbrinin verdiyi məlumata görə, “Şərq qapısı” qəzetinin ilk mətbəəsi naxçıvanlı Məşədi Hüseynalı Budaqovun mehmanxanası (çayxanası) olmuşdur. “Abbas Gülməmmədov redaktor təyin olunduqdan sonra (A.Gülməmmədov 1925-ci ildə redaktor təyin edilmişdir.) Köy birliyinə məxsus tikilmiş bina boşaldılaraq mətbəə və redaksiyanın ixtiyarına verilmişdir”. Əvəz Sadığın redaktor olduğu zaman (1926-1927) redaksiya ölkə partiya komitəsinin binasına yerləşdirilmiş, 1928-ci ildə isə mətbəə redaksiyadan ayrılaraq sonralar Cəlil Məmmədquluzadənin adı verilən küçəyə köçürülmüşdür.
S.Səbrinin “Şərq qapısı”nın ilk texniki heyəti və müxbirləri haqqındakı məlumatları da maraqlı və əhəmiyyətlidir. Onun yazdığına görə, qəzeti buraxmaq üçün mürəttib olmadığından bu işi icra etmək və mürəttiblik işini yerli kadrlara öyrətmək üçün İrəvandan iki mütəxəssis – Xəlil Rəhimov və Xəlil Hüseynov Naxçıvana dəvət olunmuşdur. Onlar “mətbəəni sahmana salmaqla” yanaşı, Abbas Məmmədquluyev, Hacı Həşimov, Lətif Hüseynzadə, Əmir Məmiyev, İslam Orucov kimi gənclərə “şriftləri yerlərinə yığma və dağıtma qaydaları”nı da öyrətmişdilər. Yeri gəlmişkən, S.Səbrinin bəhs etdiyi məsələyə toxunan “Şərq qapısı”nın idarəsi hələ 1924-cü ildə oxuculara belə bir məlumat vermişdi: “O zaman (1921-ci il – F.X.) məmləkət yalnız mətbəə məsailindən tək bir Amerikanka, bir cüzi də hürufata malik idi. Söz yox ki, qəzetə nəşri çətin olardı. Nə etməli, heç olmamışdansa, genə nöqsanlı idi, deyə qəzetə nəşrinə şüru edildi”.
S.Səbri qəzetin ilk müxbirlərindən olan Sadıq Bağırov, Məmmədəli Əsədullazadə, Molla Mahmud Çakər, Əkbər Abbasov, Həsən Səfərli və Müseyib Mehdiyevin də adlarını çəkir. Ən maraqlısı isə budur ki, o, 1925-ci ilin avqust ayında Naxçıvanda birinci müxbirlər qurultayının keçirildiyini bildirir. Bu məlumatın izi ilə gedib “Şərq qapısı” qəzetinin 23 avqust 1925-ci il tarixli 44-cü nömrəsində həmin qurultayın çağırılması və gedişinə dair ətraflı məlumat verən “Birinci ümumnaxçıvan müxbirlər qurultayı” sərlövhəli yazını aşkara çıxardıq. Yazıdan aydın oldu ki, avqust ayının 15-də çağırılan və iki gün davam edən bu qurultayın, S.Səbrinin çox doğru olaraq qeyd etdiyi kimi “gündəliyindəki əsas məsələ kütlə arasında qəzetin (“Şərq qapısı”nın – F.X.) qiymətləndirilməsi, onun geniş yayılması, oxunub izah olunması və müxbirlər hərəkatının genişləndirilməsi idi”.
Qurultayda çıxarılan qərarlardan biri belə idi: “Qəzetimizin tirajını artırmaqdan ötrü abunə işinin genişlənməsi yolunda çalışmağı bütün müxbirlərə tapşırmaq”.
Naxçıvan müxbirlərinin birinci qurultayının qarşıya qoyduğu vəzifələri digər həmkarları kimi işgüzarlıqla yerinə yetirən S.Səbrinin də “nüsxəsi bir qəpiyə olan qəzetin” əhaliyə, idarə və təşkilatlara satılmasında və yayılmasında özünəməxsus xidmətləri olmuşdur. Araşdırmalar göstərir ki, bu səlahiyyət S.Səbriyə rəsmi şəkildə də verilmişdir. Bunu təsdiq edən sənəddə yazılır: “Şəhadətnamə. İş bu Şəhadətnamə verilir “Şərq qapısı” qəzetinin idarəsi tərəfindən yoldaş Seyid Səbriyə ol barədə necə ki, qəzetimizin müxbir və müvəkkili olduğu üçün qəzetimizə borclu olan müəssisələrdən və şəxslərdən borc pullarını (abunə haqlarını) yığmaq məzkura həvalə olunur. Ona binaən hər bir hökuməti müəssisədən və xüsusi yoldaşlardan öz borclarını yoldaş Seyid Səbriyə vermələrini xahiş edirik. “Şərq qapısı” qəzetinin müdiri Əvəz Sadıqov. № 63. 23/VIII –1926-cı il”.
1925-ci ilədək S.Səbrinin “Şərq qapısı”nda dərc olunan heç bir yazısına rast gəlməmişik. Bəlkə, ona görə ki, qəzetin həmin ilədək bütün nömrələri ortada yoxdur. Əldə olan nadir nüsxələrin bir qismi isə yararsızdır: ya cırılıb, ya da solduğu üçün oxunmur. İnanmaq olmur ki, “Şərq qapısı”nın nəşr­olunma prosesini detallarınadək izləyən və bilən, onun əməkdaşları ilə yaxından tanış olan S.Səbri 1925-ci ilədək bircə yazısını da bu qəzetdə dərc etdirməsin. Lakin fakt faktlığında qalır. S.Səbrinin “Şərq qapısı”nda hələlik bizə bəlli olan ilk yazısı qəzetin 22 fevral 1925-ci il tarixli 15-ci nömrəsində dərc edilən “Darülmüəllimin” sərlövhəli yazıdır. Yazının sonunda “S.S.” imzası qoyulmuşdur. Qəzetin 1925-ci il nömrələrində bu imza ilə daha 5 yazıya da rast gəlmişik. Bu imzaların S.Səbriyə aid olması qənaətindəyik. Çünki S.Səbri 1952-ci ildə Bakıda nəşrə başlayan “Kirpi” jurnalında çap olunmaq üçün göndərdiyi “Məsləhət” adlı şeirində həmin imzanın ona məxsus olduğunu özü açıq şəkildə etiraf edir: “Müxlisinizdir yazan “Sin” ilə “Sad”dır (yəni “S.S”. – F.X.) adım”. Bundan başqa, o, “Seyid Səbri” və “Səbri” imzalarından da istifadə etmişdir.
1925-1927-ci illərdə S.Səbrinin “Şərq qapısı” qəzetində 25-dən çox məqaləsi dərc olunmuşdur. “Darülmüəllimində”, “Hansı vasitələrlə qəzetəmiz intişar tapar”, “İt boğuşdurmaq”, “Axşam texnikumu lazımdır”, “Oğurluq”, “Quyulu dağ”, “Kooperativ lazımdır”, “Tədqiq və Tətəbbö Cəmiyyətində”, “Bu gün”, “Ordubad qəzasında asari-ətiqə”, “Yeni klub açıldı”, “Kəndli əkinləri mühafizə olunmalıdır”, “Qarababa kəndinin vəziyyəti”, “Naxçıvan ölkəsində yeni əlifba işləri” və digər məqalələrində o, yeni quruluşun tərənnümü, maarif, elm və mədəniyyətin təbliği, gerilik, xurafat və nadanlığın tənqidi, qadın hüququnun müdafiəsi, müəyyən neqativ hallar və muxtar respublikanın bəzi şəhər və kəndlərinin problemlərindən bəhs etmişdir.
S.Səbrinin “Şərq qapısı”nda dərc olunan yazılarının təhlili göstərir ki, o, fəal bir müxbir kimi dövrü üçün aktual olan problemləri gündəmə gətirmiş və özünəməxsus bir tərzdə oxuculara təqdim edə bilmişdir.
1927-ci ildə Bakıya təhsil almağa getdiyi üçün S.Səbrinin “Şərq qapısı”ndakı müxbirlik fəaliyyəti başa çatmışdır. Lakin sonralar o, artıq müxbir kimi yox, yaradıcı bir şəxs kimi həm “Şərq qapısı”nda, həm də digər qəzet və jurnallarda yazılarını dərc etdirmişdir.

Fərman Xəlilov
AMEA Naxçıvan Bölməsi
Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR