07 Dekabr 2024, Şənbə

 16 iyul 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” uğurla başa çatıb. Yekun tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov iştirak ediblər.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov yekun tədbirdə çıxış edərək bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin STEAM təhsil metodunun muxtar respublikada tətbiqi ilə bağlı verdiyi tapşırığın icrası məqsədi ilə 2020/2021-ci tədris ilindən muxtar respublikamızda STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır.

 Bir neçə məktəbdə STEAM kabinələri və “STEAM Tədris Mərkəzi” yaradılmış, mərkəz və kabinələr müasir dizaynda mebel avadanlıqları, kompüter, 3D printer, öyrədici STEAM qurğuları, dəftərxana ləvazimatları, kiçik elekronik komponentlər, təlim dəstləri ilə təmin olunub, hər birində elektron lövhələr quraşdırılıb, dərsliklər və tədris proqramları nəşr edilmişdir. 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” imzaladığı Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir.

Şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində keçirilən “STEAM yay məktəbi” bu istiqamətdə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə ilk dəfə keçirilən “STEAM yay məktəbi”nə 6 iyul tarixində start verilmişdir. 6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə keçirilən yay məktəbində ümumtəhsil məktəblərindən ümumilikdə 60 şagird iştirak etdi. 4 günlük təşkil olunan yay məktəbində şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndiriblər.

STEAM təhsili üzrə şagirdlərdə zəruri bilik və bacarıqların möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə keçirilən yay məktəbi şagirdlərin dünyagörüşünün və intellektual səviyyələrinin düzgün istiqamətləndirilməsi, biliyinin zənginləşdirilməsi ilə yanaşı, onların şəxsiyyət kimi formalaşması, fiziki, psixoloji, idraki və sosial inkişafı, potensial imkanlarının üzə çıxarılması, müstəqillik, yaradıcılıq, təşəbbüskarlıq kimi keyfiyyətlərinin formalaşması və asudə vaxtlarının səmərəli təşkil edilməsi baxımından da əhəmiyyətlidir.

Təhsil naziri “STEAM yay məktəbi”ndə fəal iştirakına görə şagirdləri və təlimləri yüksək səviyyədə təşkil etdikləri üçün müəllimləri təbrik etmiş, təhsildə innovasiyaların tətbiqi üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonra Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bildirdi ki, muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında yeniyetmə və gənclərin fəal iştirakı, onlar üçün müxtəlif layihələrin, tədbirlərin, yay məktəblərinin keçirilməsi yeniyetmə və gənclərimizə göstərilən diqqət və qayğıdan xəbər verir. Yetişməkdə olan gənc nəslin öz bilik, savad və bacarıqlarının, böyük potensialının effektli reallaşdırılması, cəmiyyətdə özünə layiqli yer tutması və onların hərtərəfli inkişafı ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Azərbaycanın hər yerində olduğu kimi muxtar respublikamızda da yeniyetmə və gənclərin xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi prioritetlər müəyyənləşdirilmiş və kompleks tədbirlər mütəmadi olaraq həyata keçirilməkdədir. Bu tədbirlər sırasına Ağbulaq istirahət Mərkəzində ilk dəfə olaraq keçirilən “STEAM yay məktəbi” də əlavə olunub.

Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov qeyd etdi ki, muxtar respublikamızın ictimai həyatında əhəmiyyət daşıyan tədbirlərin həyata keçirilməsi həmkarlar təşkilatlarının qarşısında duran ümdə vəzifələrdən biridir. Yetişməkdə olan gənc nəslin inkişafına müsbət təsir edən “STEAM yay məktəbi” də gələcəyə - insan kapitalına yatırım kimi əhəmiyyətli layihədir. O, yay məktəbini uğurla başa vuran şagirdləri təbrik etmiş, təhsildə uğurlar arzulamışdır.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən tədris mövzularına uyğun olaraq hər gün səhər idmanı ilə günə başlayan şagirdlər yeməklərini yedikdən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak etmiş, birinci gün STEAM metodologiyaları, ikinci gün 3D modelləşdirmə və 3D çap, üçüncü gün lego modellerindən robotların hazırlanması, elektrik mühəndisliyi, sonuncu gün isə layihələrin hazırlanması proqramlaşdırma modulu, mikrobit platforması və mühəndislik dizayn dərsləri tədris olunmuşdur. Dərslər bitdikdən sonra şagirdlərin dünyagörüşünün formalaşması üçün əyləncəli intellektual oyunlar keçirilmişdir. Bunlarla yanaşı şagirdlərin istirahət vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman oyunları təşkil olunmuş, hər gün sənədli filmlərin nümayişi şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlimi uğurla başa vuran şagirdlərə təşkilatçılar tərəfindən “STEAM yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatlar verildi. Sonra şagirdlərin hazırladıqları layihələrin təqdimatı keçirilib. Şagirdlər qrup şəklində hazırladıqları layihələr haqqında tədbir iştirakçılarına məlumat veriblər. Sonra xatirə şəkli çəkilib. 

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR