30 Oktyabr 2024, Çərşənbə

Naxçıvanın bərəkətli torpaqlarında ərsəyə gələn nemətlər min bir dərdin dərmanı hesab olunur. Qədim diyarın təmiz havasından, saf suyundan, münbit torpağından qidalanan hər bir məhsul məxsusi dəyərə malikdir və bazar-dükanlarda əl-əl axtarılır. Adətən, insanlar istirahət etməyə üz tutarkən, yaxud da bir yerə qonaq gedərkən  yolüstü ərzaq və digər məhsullar alıb pay aparırlar. Bu il də Naxçıvan-Culfa-Ordubad magistral yolunun kənarlarındakı satış obyektlərinə bol məhsul çıxarılıb. Yolboyu piştaxtalar üzərinə səliqə ilə düzülmüş qarpızlar, yemişlər buradan ötənlərin diqqətini çəkir. Sürücülərin əksəriyyəti avtomobilini saxlayıb torpaq mülkiyyətçilərindən məhsulların qiymətini soruşur, istədiklərini münasib qiymətə aldıqdan sonra yollarına davam edirlər. 

 Biz də piştaxtalara yaxınlaşıb satıcılarla söhbətləşirik. Torpaq mülkiyyətçisi Cəmşid Həsənovla söhbət zamanı öyrənirik ki, buradakı satıcıların, demək olar ki, hamısı bostançılıqla məşğul olan ailələrin üzvləridir. Onlar bu sahədən yaxşı qazanc əldə edir, ailəsinin ehtiyaclarını öz halal zəhmətlərinin bəhrəsi ilə ödəyirlər. Müsahibim təsərrüfatçılığa başladığı ilk illərdən Naxçıvanda adı və dadı ilə tanınan Nehrəm qarpızı becərib. Daha sonra təsərrüfat sahəsini genişləndirmək üçün torpaq icarəyə götürüb, digər əkinçilik sahələri ilə də məşğul olub. İki hektara yaxın sahədə meyvə bağı salıb. 20 ildən çoxdur ki, qarpız, yemiş yetişdirməklə məşğul olan mülkiyyətçi bostanında yetişdirdiyi məhsullardan ağızdolusu danışır:

– Atalar yaxşı deyib ki, sən torpağa tər tök, o sənə zər verəcək. Doğrudan da, torpaq kəndli üçün ən yaxşı iş yeri, dolanışıq mənbəyidir. O, insanı heç vaxt barsız-bəhrəsiz qoymaz. Biz də ailəliklə torpağa bağlıyıq. Əzəldən dolanışığımız torpaq hesabına olub. Nehrəmin bərəkətli torpaqlarında hektarlarla sahədə bostan-tərəvəz məhsulları əkib-becərmişik. Ölkəmiz müstəqillik əldə etdikdən sonra kənd təsərrüfatı sahəsində çalışanlara xüsusi diqqət göstərildi. Təsərrüfat sahiblərinə güzəştli kreditlər, texnika və texnoloji avadanlıqlar, gübrələr, subsidiyalar verilməyə başladı, kənd əməkçilərinə mütərəqqi əkin və suvarma metodlarının yolları izah edildi. Görülən işlər bir məqsədə xidmət edirdi: məhsul istehsalını artırmaq və beləliklə, ərzaq təhlükəsizliyini təmin etmək. Bir məsələni də, xüsusilə qeyd etmək istəyirəm ki, Naxçıvanda yaradılan bu şəraitdən istifadə edənlər həqiqi sahibkar və ailə təsərrüfatçısı adını qazanıblar. Muxtar respublikada mütəmadi olaraq təşkil olunan satış yarmarkaları, festivallar imkan verir ki, istehsal etdiyimiz məhsulları tez bir zamanda sata bilək. Təsərrüfatımda ailə üzvlərimlə birgə bibər, pomidor tomatları, badımcan və qovun mürəbbələri, turşular, quru meyvələr, qovun, qarpız, alça, göycə, ərik araqları, üzüm çaxırı hazırlayaraq satışa çıxarıram. Muxtar respublikadakı əksər marketlərdə bizim təsərrüfatın 23 çeşiddə məhsulu satışdadır. Babək şəhərində yeni istifadəyə verilən bazar kompleksində də biz ailə təsərrüfatçıları üçün yaxşı şərait yaradılıb. Orada bir manat belə, yer pulu ödəmədən məhsullarımızı sata bilirik. Onu da qeyd edim ki, yerli bazarla yanaşı, paytaxt Bakı və ölkə­nin digər rayonlarına da məhsul ixrac edirəm. Əlavə olaraq 2 hektara yaxın ərazidə badam, ərik, alça, göycə, tut ağaclarından ibarət bağ salmışam. Sözümün canı budur ki, aqrar sahədə əldə etdiyim bütün bu uğurların təməlində dövlət qayğısı dayanır. Bu gün dövlət kənd əməkçilərinin əməyini də yüksək qiymətləndirir, onlara fəxri ad və ordenlər verir. Bildiyiniz kimi, ölkə rəhbərinin imzaladığı Sərəncama əsasən 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif edildim. Bu mənim üçün olduqca qürurvericidir. Uzun illərdir, çəkdiyim əziyyətin belə yüksək mükafatla qiymətləndirildiyi üçün ölkə başçısına dərin minnətdarlığımı bildirirəm. İndi Naxçıvanda mənim kimi yüzlərlə nümunəvi ailə təsərrüfatına rəhbərlik edən sahibkarlar vardır. Ən böyük hədəfim təsərrüfatı böyüdüb iri sahibkarlıq subyektinə çevirməkdir. Düşünürəm ki, bunun üçün hər cür şərait var və sadəcə, zəhmət çəkmək lazımdır.
Təbii ki, qarpızdan danışıb, qovundan danışmasaq olmaz. Özü də adı və dadı ilə məşhur olan Şahtaxtı qovunundan. Adına, dadına şeirlər qoşulan Şahtaxtı qovununun dad-tamı nə qədər gözəldirsə, onu əkib-becərmək də bir o qədər zəhmət tələb edir. Buna görə də bu gün Şahtaxtı kəndində müəyyən təsərrüfatçılar tərəfindən yetişdirilən bu qovun növü haqqında elə həmin təsərrüfat sahiblərindən məlumat ala bildik. Belə təsərrüfatçılardan biri də zəhmətkeş insan Rövşən Həsənovdur. Həyətyanı sahəsində uzun illərdir ki, Şahtaxtı qovunu yetişdirən Rövşən kişi bu qovun sortu barədə bunları söylədi:
– Hər il may ayının sonlarından etibarən əkilən tutma qovunun yetişdirilib ərsəyə gətirilməsi bir neçə mərhələdə həyata keçirilir. Əvvəlcə, kərdilər hazır vəziyyətə gətirilir və suvarma işləri görülür. Sonra bir-iki gün öncədən isladılan toxum ocaqlara basdırılır. Hər ocağa beş-altı toxum salınır. Həmin toxumlar bir həftə ərzində cücərməyə başlayır. Sonra kollar seyrəldilir və bu kollardan ən irisi və şux olanı saxlanılır. Əkildikdən, təxminən, 40 gün sonra ona ikinci su verilir. Suvarıldıqdan sonra kollar çiçək tökməyə başlayır və həmin çiçəklərdən balaca qıralar əmələ gəlir, buna isə el arasında “gülburnu” deyilir. Həmin gülburnular ağız suyu ilə isladılır, bu da “dahangirləmə” adlanır. İsladılan gülburnular torpaqlanaraq açıq şəkildə 2-3 gün saxlanılır. Qurdlanıb-qurdlanmaması yoxlanıldıqdan sonra öz yarpağına bükülərək yerə basdırılır. Buna el arasında “bələnmə” ya da “quylama” deyirlər. Bu proses quylama adlandırılır. 30-40 gün aralığında torpağa basdırılmış şəkildə qalan bitkini mütəmadi olaraq nəzarətdə saxlamaq isə ən vacib işlərdəndir. Bu müddət tamam olduqdan sonra bitki torpaqdan çıxarılır və daha 15-20 gün açıq şəkildə saxlanılır. Bu müddətin sonunda isə qovun tam yetişmiş hesab olunur. Bu bostan bitkisini alarkən diqqət yetirməli olduğumuz bəzi məqamlardan da danışan zəhmət adamı bildirdi ki, qovunlar təzə, təmiz, sağlam, rəngi və forması öz təsərrüfat-botaniki sortuna müvafiq olmalıdır. Alıcıların əksəriyyəti hamar qovunların şirin olduğunu güman edirlər. Əslində isə üstü torabənzər, qəhvəyi şaxələri olan qovunlar daha şirin olurlar. Bu məhsulu alarkən onun təzəliyinə, saxlanma şəraitinə, səthinin vəziyyətinə diqqət yetirilməlidir. Onun insana rahatlıq gətirən özünəməxsus iyinə bu torpaqların bərəkəti, saf suları, insanlarının zəhməti hopub. Faydaları isə saymaqla bitmir. Mütəxəssislərin fikrincə, qovun həzm orqanlarını təmizləyir və xəstəliklərini aradan qaldırır. Şəkər, zülal və nişasta ilə zəngin olduğu üçün onu asanlıqla qida əvəzi kimi istifadə etmək mümkündür. Qovunda A vitamini, brom və yod daha çox olduğundan sinirləri sakitləşdirir, yuxu gətirir, qanı zəhərli maddələrdən təmizləyir. Revmatizm zamanı da faydalıdır. Xalq təbabətində qovunun dənələrini qaynadıb suyunu içmək məsləhət görülür. Çünki o, tənəffüs yolu problemlərinin qarşısını alır. Qaraciyər xəstəliklərinə də qovun dənəsinin suyu yaxşı təsir edir. Lakin gündə 1 stəkandan çox içmək məsləhət deyil. Qovun dərinin təravətli qalmasına, orqanizmin xərçəng xəstəliyindən qorunmasına kömək edir. Qarpızdan sonra ən faydalı tərəvəz sayılan qovunun limonla birlikdə şirəçəkən maşından keçirilərək alınan qarışığı güclü antioksidant təsiri yaradır. Xüsusilə infarktdan əziyyət çəkənlərə hər səhər mütəmadi olaraq bu qarışıqdan qəbul etmələri məsləhət görülür. Bu, xərçəng xəstəliyinin yaranma riskini də azaldır.
Bir daha əminliklə deyə bilərik ki, muxtar respublikamızda dadlı və keyfiyyətli məhsullar yetişdirmək üçün hər cür şərait var. İnsanların torpağın əsl sahibinə çevrilməsi, sahibkarlara kreditlərin verilməsi, su anbarlarının yaradılması, meliorasiya sistemlərinin yüksək səviyyədə təkmilləşdirilməsi buna imkan verir. Bu şəraitdən bəhrələnən halal zəhmət adamlarımız isə necə deyərlər, qollarını çırmalayıb, zəhmətdən qorxmayıb hər mövsümdə bizləri min bir dərdin dərmanı, ekoloji təmiz məhsullarla təmin edirlər.

 Aytac CƏFƏRLİ

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR