22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən iyun ayında müxtəlif istiqamətlər üzrə işə qəbul və attestasiya imtahanlarının keçirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət davam etdirilib.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2021-ci il 3 may tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib. Buna uyğun olaraq iyunun 3-də Dövlət İmtahan Mərkəzi tərəfindən 37 dövlət orqanını təmsil edən nümayəndələrin iştirakı ilə “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları” mövzusunda seminar keçirilib. Əvvəlki qaydalardan fərqli olaraq hazırda dövlət qulluqçusu ilin əvvəlində qoyulmuş tapşırıqlar, peşə fəaliyyəti zamanı və iş prosesində bacarıqlarını dəyərləndirmək üçün əsas götürülən meyarlar və əmək intizamına əməletmə vəziyyətinə əsasən qiymətləndirilir. Qiymətləndirilmənin nəticəsinə əsasən dövlət qulluqçusu dövlət orqanının rəhbəri tərəfindən mükafatlandırıla, dövlət qulluqçusuna vaxtından əvvəl ixtisas dərəcəsi verilə və ya aşağı inzibati vəzifəyə keçirilə bilər.

İyunun 7-də dövlət orqanlarında altıncı təsnifat üzrə vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün 11 mart 2021-ci il tarixdə elan olunmuş müsabiqənin test mərhələsinə start verilib. Müsabiqəyə çıxarılmış 59 vakant vəzifənin tutulması üçün 729 müraciət qeydə alınıb. İyunun 22-nə qədər davam edən test imtahanlarının nəticələrinə əsasən 662 namizəd imtahanda iştirak edib, 285 namizəd isə müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
İyunun 10-da Dövlət İmtahan Mərkəzi tərəfindən Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib. 213 vakant vəzifənin çıxarıldığı müsabiqəyə sənəd qəbulu iyulun 12-nə qədər davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər iyulun 12-nə qədər Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.dim.nmr.az) “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər.
İyunun 16-da dövlət orqanlarında vakant mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi vəzifələrinin tutulması üçün keçirilən esse imtahanında namizədlərə müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Milli Qurtuluş Günü dövlətçiliyimizin və müstəqilliyimizin xilas tarixidir” mövzusu təqdim edilib. Esse imtahanında iştirak etmək üçün sənəd təqdim etmiş 13 namizəddən 12 nəfəri imtahanda iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli Qərarına əsasən iyunun 10-dan başlayaraq musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiya imtahanlarının müsahibə mərhələsi keçirilib. Müsahibə mərhələsi iyulun 1-dək davam edib.
İyunun 24-də Ədliyyə Nazirliyi əməkdaşlarının attestasiya imtahanı keçirilib. Yerli icra və probasiya qurumlarında çalışan 5 namizədin iştirak etdiyi attestasiya imtahanında iştirakçıların hər biri müəyyən olunmuş keçid balını toplayıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR