Neçə illərdir ki, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün “Yay məktəbi” təşkil olunur.
Qeyd edək ki, xüsusi qayğıya ehtiyacı olan ailələrin, şəhid və çoxuşaqlı ailələrin övladları, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, o cümlədən tək valideyn himayəsində yaşayan uşaqlar olmaqla, Ağbulaq İstirahət Mərkəzində, ümumilikdə, 49 uşağın “Yay məktəbi”ndə iştirakı təmin edilib. Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri Ramilə Seyidova və Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov çıxış edərək artıq ənənə halını almış “Yay məktəbi”nin uşaqlar üçün əhəmiyyətinə toxunublar. Bildiriblər ki, dövlətimiz tərəfindən onların layiqli vətəndaş kimi yetişmələri, milli ruhda tərbiyə olunmaları, bilikli, bacarıqlı, yüksək intellektli insanlar kimi formalaşmaları üçün bütün mümkün tədbirlər həyata keçirilir. Ümumiyyətlə, “Yay məktəbi”nin təşkil edilməsinin uşaqların mənəvi inkişafında çox böyük əhəmiyyətinin olduğu vurğulanıb.
Şəhid Ruzi İbrahimovun qızı Gülay İbrahimova onlara bu imkanı yaradan Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədrinə uşaqlar adından minnətdarlıq edib.
Sonra uşaqlar Ağbulaq İstirahət Mərkəzində onlar üçün ayrılmış otaqlarda yerləşdirilib. “Yay məktəbi”nin ilk günündə uşaq hüquqları ilə bağlı maarifləndirici seminar keçirilib. Sonra uşaqlar nahar ediblər.
Nahardan sonra uşaqlar üçün əyləncəli oyunlar təşkil olunub. Məlumat üçün bildirək ki, “Yay məktəbi”nin proqramına uyğun olaraq uşaqlara hər gün səhər gimnastikası təşkil edilib. Ağbulaq kəndinə ekskursiyaya aparılıblar. Onlar müxtəlif idman və əyləncəli oyunlarda, intellektual yarışlarda, diskussiyalarda, oxunması zəruri olan kitabların mütaliə və müzakirəsində iştirak ediblər. “Yay məktəbi”ndə Azərbaycan filmlərinin nümayişi və Şahbuz Rayon Kolanı kənd Uşaq Musiqi Məktəbinin şagirdlərinin iştirakı ilə konsert proqramı da maraqlı qarşılanıb. İstirahət müddətində müsabiqə və yarışlar da keçirilib.
Qeyd edək ki, “Yay məktəbi”nə cəlb edilmiş uşaqlara nəzarət etmək üçün komitənin 4 nəfər əməkdaşı və istirahət müddətində onların sağlamlıqlarının qorunması, onlara ilkin tibbi yardımın göstərilməsi məqsədilə 1 həkim təhkim olunub.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin
mətbuat xidməti