Gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin şagirdi Nicat Əlizadə və Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, şahmatçı Nazlı Hümbətovanın adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazıldı və onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görüldülər. Qeyd edim ki, “Qızıl kitab” 2012-ci ildə istedadlı gənclərə dövlət qayğısını daha da artırmaq, onların intellektual və yaradıcılıq potensialını inkişaf etdirmək üçün təsis edilib. Təqaüd təhsil, idman, mədəniyyət, bədii yaradıcılıq və digər sahələrdə fərqlənən 25 yaşadək gənc istedadlara verilir. Bunun sayəsində də gənc nəsil üçün yeni maddi-mənəvi imkanlar, karyera istiqamətləri yaranır. Nəticədə, müxtəlif sahələri əhatə edən sağlam rəqabət mühiti formalaşır, onlar hədəf və məqsədləri yolunda əlavə motivasiya əldə edirlər.
Karyera mühiti
Haqqında məlumat verəcəyimiz şahmatçı Nazlı Hümbətova Naxçıvan Şahmat Federasiyasının ən perspektivli yetirmələrindən biridir. Muxtar respublikamızda şahmatın inkişafı istiqamətində görülən işlər, tətbiq olunan yeniliklər və uğurlar nəticəsində belə istedadlar üzə çıxır. İdmançıların ölkə və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir, 2019-cu ildə federasiyanın sədri Seymur Talıbovun təşəbbüsü ilə yaradılan mükafat fondu isə məşqçi və idmançı heyəti üçün böyük stimula çevrilib. Bu il Naxçıvanın şahmat üzrə Azərbaycan çempionatına ilk dəfə olaraq ev sahibliyi etməsi yüksək etimad, böyük uğur kimi qiymətləndirilir. Nazlı ilə birgə daha iki şahmatçımızın belə bir nüfuzlu yarışda iştirakı, sözsüz ki, onların təcrübə artımına səbəb oldu.
Qazanılan uğurlar
Yeniyetmə şahmatçımızın uğurlarına xronoloji ardıcıllıqla nəzər yetirək: Nazlı 2014-cü ildə Gürcüstanda keçirilən yoldaşlıq görüşündə I, “Naxçıvan-2014” beynəlxalq şahmat festivalında II, 2015-ci ildə Yunanıstanın Kovala şəhərində keçirilən beynəlxalq yarışda III, Azərbaycan çempionatının seçmə yarışlarında I, Manisa şəhərində keçirilən beynəlxalq yarışda I, 2016-cı ildə Ordu şəhərində keçirilən beynəlxalq yarışda II, “Naxçıvan - 2016” beynəlxalq şahmat festivalında III, 2017-ci ildə Türkiyənin Ankara şəhərində keçirilən beynəlxalq yarışda qızlar arasında I, Malatya şəhərində keçirilən beynəlxalq yarışda qızlar arasında II, Ordu şəhərində keçirilən beynəlxalq yarışda II, Azərbaycan çempionatına seçim mərhələsində I, 2018-ci ildə Türkiyənin Malatya və Hatay şəhərlərində keçirilən beynəlxalq turnirlərdə II, III, “Naxçıvan-2018” beynəlxalq şahmat festivalında II, 2019-cu ildə Türkiyənin Ankara və Sivas şəhərlərində keçirilən beynəlxalq turnirlərdə III, II, Azərbaycan birinciliyində III, 2020-ci ildə Azərbaycan birinciliyinin seçmə yarışlarında II yerlərin sahibi olub, dəfələrlə muxtar respublika səviyəli yarışlarda qalib adını qazanıb.
Həyat hekayəsi
16 yanvar 2007-ci ildə Naxçıvan şəhərində dünyaya gəlib. Ailənin yeganə övladıdır. Birinci sinifdən etibarən hazırkı məktəbində orta təhsilini davam etdirir. Anası Günel Hümbətovanın dediklərinə əsasən qızı 6 yaşından etibarən şahmat məşğələlərinə qoşulub və zaman keçdikcə oyun fəlsəfəsinin xarakteri ilə bütünləşdiyinin fərqinə varıb. Çünki böyüdükcə ağıllı, məntiqli düşüncə və davranışları, məqamında göstərdiyi reaksiyalar onu bir çox həmyaşıdından fərqləndirirdi.
Adı qədər nazlı bir qız olsa da, görünür, qətiyyət və cəsarət kimi xüsusiyyətləri də şahmatla kəşf edib. Ümumi yanaşsaq, şahmat nə qorxaqların, nə də güclülərin oyunudur. Üstün zəkası olanların səhnəsidir. Əyləncəvi xüsusiyyətləri isə yalnız oyunçunun beynində yaratdığı düşüncələrin harmoniyasına bağlıdır. Bəlkə də, şahmatın elit məşğuliyyət kimi insan həyatına daxil olmasına başlıca səbəb məhz budur. Anası etiraf edir ki, təhsilə daha çox vaxt ayırması üçün onu şahmatdan bir müddət uzaqlaşmağa razı salmaq istədim. Doğrusu, gələcəkdə qızımı həkim peşəsində görmək arzum da var idi. Gəl ki, Nazlının qəlbindəki bu sevda onu israrla öz fikrində saxladı. Üzərindən illər keçdikcə müşahidə etdim ki, şahmatla məşğuliyyəti onu lazımi işlərdən qətiyyən yayındırmır. Əksinə, yeni biliklər əldə etməsinə kömək edir. Hazırda rus və ingilis dillərində öz biliklərini daha da təkmilləşdirir. Əlavə olaraq üzgüçülüklə məşğuldur. Şahmatçı karyerasını uzun müddətə sığdırmaqla fərqli mədəniyyətlərlə tanış olmaq, dünyagörüşü və biliklərini zənginləşdirmək niyyətindədir.
Söhbətimizin sonunda göstərilən diqqət və qayğıya görə Ali Məclis Sədrinə minnətdarlığını ifadə edən Günel xanım əminliyini bildirdi ki, bu yüksək etimad qızının gələcək həyat və fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
1 söhbətdən 3 nəticə...
Nazlı ilə bağlı düşüncələri birbaşa valideynindən öyrənmək cəhdim ortaya bəzi maraqlı nüansları çıxardı. Birincisi, şahmat ixtisasca həkim olan və qızını bu peşədə arzulayan Günel xanımı bir pasiyenti kimi sağaltdı. Yəni hazırkı vəziyyət onu qətiyyən narahat etmir. İkincisi, bir azyaşlının ilkin məşğuliyyət mexanizmi onun xarakterik xüsusiyyətlərinə də təsir edir. Deməli, övladlarımıza bu işdə ya dəstək, ya da istiqamət olmalıyıq. Üçüncüsü və ən əsası, bir ananın sevinc və qürur dolu səsini eşitmək, minnətdarlıq duyğularından agah olmaq hadisənin əsas mahiyyətindən xəbər verirdi: “İnsan əməyinə verilən dəyər, qiymətləndirmə bəzən bütün uğurların cəmindən üstün olur”.
Emil SƏMƏDOV