22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamına əsasən Naxçıvanın hərtərəfli tədqiqi məqsədilə yaradılan Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin çox sayda yerli və beynəlxalq əhəmiyyətli konfranslara ev sahibliyi etməsindən, keçirilən tədbirlərin beynəlxalq səviyyəli əlaqələrin inkişaf etdirilməsindəki önəmindən bəhs edib. Qeyd olunub ki, Türkiyə Cümhuriyyətinin Ərzurum Atatürk Universiteti, Samsun 19 Mayıs Universiteti, Qars Qafqaz Universiteti, Azərbaycan Milli Elmlər Akademiyasının müxtəlif elmi-tədqiqat institutları, Bakı Dövlət Universiteti, muxtar respublikadakı ali təhsil müəssisələri və AMEA Naxçıvan Bölməsi əməkdaşlarının iştirak etdiyi “Naxçıvan: tarixi, mədəniyyəti, təbii sərvətləri və müasir inkişafı” mövzusunda onlayn beynəlxalq konfrans tədqiqatçıların Naxçıvanla bağlı araşdırmalarının beynəlxalq səviyyədə təhlilinə xidmət edir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli konfransda “Müstəqillik dövründə Naxçıvan Muxtar Respublikasında ədəbi proses” mövzusunda məruzə edib. Məruzədə qeyd olunub ki, Naxçıvanda müstəqillik illərində həyatın bütün sahələrində inkişaf təmin olunmuşdur. Bu inkişaf və yüksəliş ədəbiyyat və mədəniyyətimizin zənginləşməsinə, təkmilləşməsinə də, şübhəsiz, öz təsirini göstərmişdir. Alim 100 illik inkişaf yolu keçmiş “Şərq qapısı” qəzetinin Naxçıvan ədəbi mühitinin formalaşmasında və ədəbi prosesin inkişafında xüsusi rolu olduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, Naxçıvanda ənənəvi yaradıcılıq nümunələri ilə yanaşı, yeni üslub təmayülləri də formalaşmışdır. Bu isə ədəbi proses və ədəbi mühit məsələlərinin yüksək inkişaf səviyyəsində olduğunu göstərir ki, bu da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin elm və mədəniyyətin inkişafına göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.
Ərzurum Atatürk Universitetinin professoru Hüseyn Yurttaş “Naxçıvan Qarabağlar türbəsi və Anadoluda əksi” adlı məruzəsində zəngin memarlıq ənənələrinə malik Naxçıvanın tarixi abidələri haqqında ətraflı məlumat verib, bu ənənələrin Anadolu abidələri ilə oxşarlıq və eyniyyət təşkil edən məqamlarını təqdimat vasitəsilə konfrans iştirakçılarına nümayiş etdirib. Olduqca maraqlı mövzunu əhatə edən məruzədə Azərbaycan və Türkiyə arasında mənəvi və mədəni bağların mənşəyinə nəzər salınıb.
Sonra AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin “Naxçıvan şəhəri qədim və orta əsrlər dövründə Azərbaycanın mühüm mədəniyyət mərkəzlərindən biri kimi” və Ərzurum Atatürk Universitetinin professoru Kərəm Karabulutun “Qarabağ zəfəri və Qars-İqdır-Naxçıvan dəmir yolunun önəmi”, AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin “Azərbaycanın dövlətçilik tarixində Naxçıvanın yeri və roluna dair” mövzusunda məruzələri dinlənilib.
Məruzələrdə möhtəşəm Qarabağ Zəfəri, bu qələbənin Azərbaycan, eləcə də mühüm strateji mövqeyə malik Naxçıvan üçün önəmindən, yaxın gələcəkdə fəaliyyətə başlayacaq Qars-İqdır-Naxçıvan dəmir yolu xəttinin hər iki qardaş ölkə üçün mühüm iqtisadi əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov tərəfindən uğurla davam etdirilməsi nəticəsində muxtar respublikanın hərtərəfli inkişafına nail olunmuşdur. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir.
Plenar iclasın ardından konfrans bölmə iclasları ilə öz işini davam etdirib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR