İyulun 17-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə görkəmli ədib Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev Muzeyi və Xatirə Kompleksində ev muzeyinin yaradılmasının 40 illiyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə şair-dramaturqun və onun ailə üzvlərinin uyuduğu məqbərəni ziyarət etmiş və buraya gül qoymuşlar. Dahi şairin Naxçıvan şəhərindəki ev-muzeyində keçirilən tədbirdə giriş sözü ilə çıxış edən Naxçıvan Muxtar Respublikasının Mədəniyyət naziri Natəvan Qədimova böyük söz ustadının bəşəri ruhlu, həmişəyaşar yaradıcılığından, Cavid şəxsiyyətinə və irsinə dövlət qayğısından söhbət açıb.
Vurğulanıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Cavid irsi ölkəmizdə geniş tədqiq olunmağa başlamış, əsərləri kütləvi tirajla nəşr olunmuş, pyesləri teatrlarda səhnəyə qoyulmuş, xatirəsini əbədiləşdirmək üçün mühüm işlər həyata keçirilmişdir. Belə tədbirlərdən biri də xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə1981-ci il iyul ayının 21-də “Hüseyn Cavidin 100 illiyi haqqında” qəbul olunan qərardan sonra böyük şair və dramaturqun Naxçıvan şəhərində bir zamanlar uşaqlıq və gənclik illərini yaşadığı evdə ev muzeyinin yaradılması olmuşdur. Hüseyn Cavidin Naxçıvan şəhərindəki Ev Muzeyi və Xatirə Kompleksi ölkəmizdə sənətə və sənətkara göstərilən qiymətin ən gözəl nümunəsidir.
Qeyd olunub ki, doğma diyarımızda da Cavid irsinin yaşadılması, öyrənilməsi və təbliğ olunması xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ədibin yubileyləri ilə bağlı imzaladığı Sərəncamlar və təsdiq etdiyi Tədbirlər Planına əsasən, qədim diyarımızda da böyük sənətkarın yubiley tədbirləri yüksək səviyyədə təşkil olunmuş, elmi konfranslar və simpoziumlar keçirilmiş, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Hüseyn Cavidin “Şeyx Sənan”, “Xəyyam” və “İblis” əsərləri tamaşaya hazırlanmışdır. Şair-dramaturqun ev muzeyi və xatirə kompleksində əsaslı təmir-bərpa işlərinin aparılması, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2007-ci il 15 may tarixli Sərəncamına əsasən hər il oktyabrın 24-nün - ədibin anadan olduğu günün qədim diyarımızda “Hüseyn Cavid Poeziya Günü” kimi qeyd olunması böyük sənətkara dərin sayğının və ədibin ümumbəşəri yaradıcılığına məhəbbətin bariz ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na Hüseyn Cavidin “Azər” poemasının daxil edilməsi isə ədibin zəngin irsinin gənc nəslə çatdırılması sahəsində atılan mühüm addım kimi dəyərləndirilir. 2019-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamına əsasən keçirilən dahi ədibin oğlu Ərtoğrol Cavidin 100 illik yubiley tədbirləri də Cavid irsinə göstərilən qayğının bariz nümunəsidir.
Bildirilib ki, bu gün yaradılmasının 40 illliyi qeyd edilən, 1984-cü il iyun ayının 9-da rəsmi açılışı olan Hüseyn Cavidin Ev Muzeyi cəmi 150 eksponatla fəaliyyətə başlamışdır. 2015-ci ildən ev muzeyinin yaxınlığında Cavidlər nəslinin uyuduğu məzarüstü məqbərə də daxil olmaqla “Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksi” adlandırılan ev-muzeyi və xatirə kompleksində bu gün 10 minə yaxın eksponat mövcuddur. Fəaliyyət göstərdiyi illər ərzində muzey böyük şairin irsinin təbliği baxımından mühüm rola malik olmuşdur.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyevin “Hüseyn Cavidin həyat və yaradıcılığı”, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosentRamiz Qasımovun “Ulu Cavid xatirəsini yaşadan ocaq: Cavidin ev muzeyi”, Hüseyn Cavidin Ev Muzeyi və Xatirə Kompleksinin direktoru Tünzalə Dilanovanın “Hüseyn Cavid irsinin təbliğində muzeyin rolu”mövzularında çıxışları olub.Çıxışlarda ulu öndər Heydər Əliyevin Cavid şəxsiyyətinə, irsinə, ailəsinə göstərdiyi qayğıdan geniş söhbət açılıb, böyük sənətkarın xatirəsinin əbədiləşdirilməsi üçün dövlət səviyyəsində görülən işlər qeyd edilib, Cavid irsinə göstərilən diqqətə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ifadə edilib.
TədbirdəC.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında Hüseyn Cavidin əsərləri bədii qiraət olunmuş, sonda tədbir iştirakçıları Hüseyn Cavidin Ev Muzeyinin ekspozisiyası ilə tanış olmuşlar.
Naxçıvan Muxtar Respublikasının
Mədəniyyət Nazirliyinin mətbuat xidməti