26 Aprel 2024, Cümə

Mən yesiligdir.com saytında “Naxçıvanın yeni siması” sərlövhəli məqalə də yazmışdım. Həmin məqalədə xüsusilə vurğulamışdım ki, Azərbaycanın ayrılmaz parçası olan Naxçıvan bölgənin inkişaf edən yeni simasıdır. Həqiqətən də Naxçıvan Muxtar Respublikası blokada şəraitində yaşamasına baxmayaraq, sosial-iqtisadi sahədə sürətlə inkişaf edib. Naxçıvandakı genişmiqyaslı yenidənqurma işləri, inkişaf Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun adları ilə bağlıdır.

 Bu sözləri İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar deyib. O qeyd edib ki, qədim tarixə malik olan diyarda bu gün bütün sahələrdə geniş quruculuq işləri aparılıb, yeni yollar salınıb, kəndlə şəhər arasındakı fərq aradan qaldırılıb, müasir standartlara cavab verən məktəblər, səhiyyə müəssisələri inşa olunub, ən son avadanlıqlarla təmin edilərək əhalinin istifadəsinə verilib. Tarixi abidələr bərpa olunub, yeni istehsal müəssisələri yaradılıb, insanların maddi rifah halı yaxşılaşdırılıb.

Onun sözlərinə görə, 1992-ci ildə “Ümid” körpüsü açıldığı zaman “Kiçik körpünün böyük insanları” adlı məqalə yazıb. Məqalədə Naxçıvanın düşdüyü ağır vəziyyətdən vətəndaş narahatlığını ifadə edib. Belə bir vəziyyətdə Türkiyədən və Naxçıvandan yüzlərlə insan böyük sevinclə körpünün üzərində qovuşublar. Bu körpü iki ölkə arasında bir əsrlik həsrəti aradan qaldırmaqla bərabər, eyni zamanda Naxçıvanın son illərdəki iqtisadi inkişafını da sürətləndirib. Bu gün muxtar respublikanın sosial sahədə əldə etdiyi nailiyyətlər isə sadalamaqla bitməz. İllər keçdikdən sonra qədim diyarı bu şəkildə görmək insanı sevindirir, fərəh bəxş edir. Bugünkü Naxçıvana biz qürurla “modern Naxçıvan” deyirik. Bütün bunlar aparılan düzgün quruculuq, inkişaf siyasətinin məntiqi nəticəsidir.

“Azərbaycan ilə Türkiyə ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət”dir. Mustafa Kamal Atatürkün vurğuladığı “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimiz” sözləri bu gün Türkiyə dövlətinin xarici siyasətinin əsasını təşkil edir. Biz bir olduqda, həmrəy olduqda nələr edə bilərik, bunu artıq bütün dünya gördü”, - deyən Ziya Zakir Acar bildirib ki, Azərbaycanın qüdrətli Prezidentinin əmrini yerinə yetirən müzəffər Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsi ilə işğal altındakı torpaqları azad etməklə bütün dünya azərbaycanlılarına böyük sevinc bəxş etməklə bərabər, necə deyərlər, bütün dünya azərbaycanlılarının üzünü ağ etdi. Biz bu gün təkcə işğal və faciə tarixini yad etmirik, həm də Qələbə, Zəfər tariximizi böyük sevinclə, qürurla qeyd edirik.

İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri vurğulayıb ki, Azərbaycanın əldə etdiyi böyük Zəfərlə birlikdə Türk dünyasının tarixində də yeni bir səhifə açılmış oldu. Vətən müharibəsindən sonra Zəngəzur dəhlizinin açılması istiqamətində işlərin davam etdirilməsi Naxçıvanın, həmçinin bütün Türk dünyasının, bölgə ölkələrinin gələcəyi üçün çox böyük imkanlar vəd edir. Məlumdur ki, Naxçıvan Türk dünyasının torpaq əlaqəsini yaratmaq üçün yeganə məkandır. Ona görə də Naxçıvana “Türk qapısı” da deyirlər. Həmin dəhliz fəaliyyətə başladıqdan sonra muxtar respublika beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Bununla Türk dünyası arasında da nəqliyyat imkanları artacaq, yük daşımaları, ticarət, iqtisadi əlaqələr yeni məcrada inkişaf edəcəkdir. Naxçıvanın inkişafı da yeni mərhələyə qədəm qoyacaq. Muxtar respublika Qafqazın parlayan ulduzu olan Azərbaycanın yüksələn bölgəsi kimi daha böyük nailiyyətlər əldə edəcəkdir.

Ziya Zakir Acar İqdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin fəaliyyəti barədə də danışaraq bildirib ki, dərnək ötən əsrin 80-ci illərindən etibarən mədəniyyətimizi yaşatmaq və inkişaf etdirmək naminə fəaliyyətini davam etdirir. O deyib: “Bu il Azərbaycanda Aşıq Ələsgərin 200 illiyi qeyd edilir. Biz fəaliyyətimizi həm də bu istiqamətdə davam etdiririk. Aşıq Ələsgərlə bağlı tədbirlər keçirməklə yanaşı, qədim milli mədəniyyətimizin tərkib hissəsi olan sazın, tarın gənc nəslə öyrədilməsi, onlar arasında təbliği istiqamətində də işlərimizi davam etdirəcəyik”.

Rauf KƏNGƏRLİ

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR