Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən 9 iyul Azərbaycan Diplomatlarının Peşə Bayramı Günü elan edilmişdir.
Müstəqil xarici siyasət, beynəlxalq arenada önəmli mövqe, qüdrətli ordu, güclü iqtisadiyyat və qalib ölkə – bu ifadələr tarixinin ən şanlı dövrlərindən birini yaşayan Azərbaycanın müasir reallıqlarını ən gözəl şəkildə təsvir edir. Prezident cənab İlham Əliyevin dərin siyasi bilikləri, təcrübəsi və diplomatiya elminə mükəmməl bələd olması hesabına qazanılmış həmin reallıqlar nəticəsində bu gün Azərbaycan diplomatları peşə bayramlarını müzəffər xalqın qalib diplomatları olaraq qeyd edirlər.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən və ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, diplomatiya sahəsində də mühüm uğurlar əldə olunmuşdur. Ümummilli liderin rəhbərliyi ilə ölkəmizin tarazlaşdırılmış xarici siyasətinin həyata keçirilməsi Azərbaycanı beynəlxalq birliyin nüfuzlu üzvünə çevirmişdir. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olmuş, bu sahənin inkişafına xidmət edən mühüm qərarlar qəbul edilmişdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin xarici siyasətinin mahiyyət və vəzifələrini müəyyənləşdirərək demişdir: “Xarici siyasət, ilk növbədə, Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəldilməlidir. Əsas vəzifəmiz dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı surətdə əlaqələr yaratmaq və inkişaf etdirməkdən, bu əlaqələrdən həm Azərbaycan Respublikasının beynəlxalq mövqelərini möhkəmləndirmək üçün, həm də respublikanın iqtisadiyyatını, elmini, mədəniyyətini inkişaf etdirmək üçün səmərəli istifadə etməkdən ibarətdir”.
Yeni siyasi kursun uğurla həyata keçirilməsi tezliklə öz bəhrəsini vermiş, dünyanın müxtəlif dövlətləri ilə ikitərəfli və çoxtərəfli münasibətlər yaradılmış, Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmışdır. Bu dövrdən etibarən Azərbaycanın geosiyasi vəziyyətinin və beynəlxalq siyasətə təsiretmə imkanlarının dərin nəzəri təhlili aparılmış və buna uyğun olaraq xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin mənafelərinin qorunmasına yönəlmiş əməli dəyişikliklər edilmişdir. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, xarici ölkələrlə əlaqələrinin yaxın dövr üçün prioritetləri, əsas istiqamətləri müəyyənləşdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin varisi və onun uğurlu davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyəti illərində də məqsədyönlü və milli maraqlara cavab verən xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş və ciddi uğurlara imza atmışdır. Hazırda BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq və regional təşkilatlarla səmərəli əməkdaşlıq aparılır. 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Son zamanlar Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərini müəyyən edir və səmərəliliyin artırılmasında mühüm rol oynayır. Prezident cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurası və Qoşulmama Hərəkatının COVID-19 pandemiyasına qarşı mübarizəyə həsr olunan Zirvə görüşləri, eləcə də BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi, həmçinin ötən il Azərbaycanın Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi ölkəmizə və dövlətimizin başçısına beynəlxalq arenada olan böyük hörmətin göstəricisidir.
Azərbaycanın təşəbbüsü və yaxud dəstəyi ilə reallığa qovuşmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi kimi beynəlxalq layihələr ölkəmizin iqtisadi potensialını gücləndirmişdir. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilmişdir. TAP layihəsi ilə bağlı işlərin yekunlaşması ərəfəsində “Əsrin müqaviləsi” 2050-ci ilə qədər uzadılmışdır.
Öz xarici siyasətində humanitar və mədəni diplomatiya kursuna xüsusi əhəmiyyət verən Azərbaycan Respublikası “Bakı prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu kimi beynəlxalq layihələrin təşəbbüskarı və mühüm iştirakçısı olmaqla, multikulturalizmin, mədəniyyətlər və dinlərarası dialoqun inkişafına töhfə verməkdə davam edir.
“Hücum diplomatiyası” kimi xarakterizə olunan yuxarıdakı səylər və Prezident cənab İlham Əliyevin bütün səfərləri, keçirdiyi görüşlər, mötəbər tribunalarda etdiyi çıxışlar ancaq bir amala – Azərbaycanın dövlətçiliyinə, əlbəttə onun milli maraqlarına və son 30 ilin ən ağrılı hadisəsi olan torpaqlarımızın işğalının və onun acı nəticələrinin aradan qaldırılmasına hesablanmışdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ümummilli lider Heydər Əliyevin “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü təmin etməliyik” fikirləri rəhbər tutulmuş və ordumuz ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etmişdir. Məğlubiyyətini dərk edən işğalçı Ermənistan Prezident cənab İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul edərək 10 noyabr 2020-ci il tarixli kapitulyasiya sənədini imzalamışdır. Beləliklə, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası sayəsində qorunub saxlanılan dövlət müstəqilliyimiz, onun layiqli davamçısı cənab İlham Əliyevin diplomatik məharəti sayəsində ərazi bütövlüyümüzün bərpa edilməsi ilə nəticələnmiş və Azərbaycan xalqı özünün keşməkeşli diplomatiya tarixinin daha bir şanlı səhifəsini yazmışdır. Dövlət başçısı demişdir: “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır”.
Xüsusi qeyd olunmalıdır ki, istər 10 noyabr Bəyannaməsi, istərsə də cari ilin 15 iyun tarixli Şuşa Bəyannaməsi Azərbaycanın xarici siyasətində Naxçıvanın mühüm əhəmiyyətini bir daha sübut etmişdir. Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutan Zəngəzur dəhlizinin reallaşdırılması bütün bölgə ölkələri üçün mühüm iqtisadi faydalar gətirməklə bərabər, muxtar respublikanın təhlükəsizliyinin təmin olunmasına geniş imkan yaradacaqdır. Şuşa Bəyannaməsində isə Naxçıvanın muxtariyyət statusunu müəyyənləşdirən Qars müqaviləsinin 100-cü ildönümünün xatırlanması da rəmzi məna daşıyır.
Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da tarixən diplomatik əlaqələrin mühüm ənənələri formalaşdırılmışdır. X əsrdə Naxçıvan şahlığının, XII əsrdə qüdrətli Atabəylər dövlətinin, XVIII əsrdə Naxçıvan xanlığının, 1918-ci ildə Araz-Türk Respublikasının paytaxtı olmuş beşminillik şəhər mədəniyyətinə malik Naxçıvan Azərbaycan dövlətçiliyinin, siyasi və diplomatik münasibətlər sisteminin formalaşmasına böyük töhfələr vermişdir. Naxçıvan xanlarından Heydərqulu xan, Abbasqulu xan və Cəfərqulu xan xanlığın xarici siyasətinə bilavasitə rəhbərlik etmiş, Kalbalı xan isə XVIII əsrin nüfuzlu siyasi lideri və diplomatı kimi məşhurlaşmışdır. Naxçıvanın Azərbaycan Xalq Cümhuriyyəti ilə birləşməsi üçün böyük səylər göstərən Araz-Türk Respublikasının Xarici İşlər naziri Bəhram xan Naxçıvanski, Naxçıvan SSR-in Təbrizdəki ilk konsulu – mühacir diplomat İsmayıl bəy Camalbəyov, mahir diplomat bacarığı ilə Moskva və Qars müqavilələrinin xalqımızın milli maraqlarına uyğun şəkildə bağlanmasında mühüm xidmətləri olan Behbud ağa Şahtaxtinski, İbrahim Əbilov və Rza Təhmasib kimi görkəmli diplomatlar Naxçıvanın diplomatiya tarixində silinməz izlər buraxmış şəxslərdir.
Naxçıvan Muxtar Respublikasına səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərə və onların muxtar qurumlarına nümunə kimi göstərilir. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran Xarici İşlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan Müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi muxtar respublikanın xarici siyasət müstəvisindəki əhəmiyyətinin mühüm göstəricisi olmuşdur.
Muxtar respublikanın qonşu dövlətlərlə, xüsusilə Türkiyə və İran ilə əlaqələri inkişaf edir. COVID-19 pandemiyasının beynəlxalq münasibətlər sistemində çətinliklər yaratmasına baxmayaraq, 2020-2021-ci illər ərzində Türkiyə Respublikasının sabiq Baş Naziri Binəli Yıldırımın, İnsan Hüquqları üzrə müvəkkili (Baş Ombudsman) Şərəf Malkoçun, Ticarət nazirinin müavini və Gömrük İdarəsinin rəisi Rza Tuna Turaqayın, İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin, İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin, Yollar və Şəhərsalma naziri M.Eslaminin rəhbərlik etdiyi nümayəndə heyətlərinin muxtar respublikaya rəsmi səfərə gəlməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovla görüşməsi, həmçinin bu dövrdə Türkiyə, İran, Fransa, Yaponiya və İsveç səfirlərinin muxtar respublikaya səfərləri xarici əlaqələrin yüksək səviyyədə olduğunun göstəricisidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2005-ci il oktyabrın 31-də Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır. İdarə yarandığı gündən öz səlahiyyətləri daxilində Naxçıvan Muxtar Respublikasını xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərdə layiqincə təmsil edir. Naxçıvan Muxtar Respublikasında dövlət protokolunun həyata keçirilməsini təmin edən idarə muxtar respublikada fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, eləcə də Naxçıvana səfər edən xarici nümayəndə heyətlərinin dövlət hakimiyyəti orqanları ilə münasibətlərini və fəaliyyətlərini əlaqələndirir, bu əlaqələrdə daim iştirak edir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirir. Pandemiya ilə əlaqədar idarə diplomatları ötən dövr ərzində xarici ölkələrdə təşkil olunan, eləcə də ADA Universitetinin təşkilatçılığı ilə keçirilən bir çox kurslarda onlayn şəkildə iştirak edərək təcrübə, bilik və bacarıqlarını artırmışdır. Hazırda Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərində idarənin 22 əməkdaşı ezamiyyədədir. Onlar ölkəmizin İran, Malayziya, Hindistan, Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, Belarus, Yunanıstan və Ukraynadakı səfirliklərində, eləcə də Təbriz, İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Azərbaycan Respublikasının maraqlarını layiqincə müdafiə edirlər. Vaxtilə idarədə çalışmış diplomatlardan bir nəfəri səfir, iki nəfəri isə baş konsul kimi yüksək vəzifələrdə təmsil olunur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlətlər siyasi səhnədən silinməyə məhkumdurlar...” Bu fikirləri əldə rəhbər tutan idarənin kollektivi bundan sonra da peşəkar kadr kimi yetişəcək, ölkəmizin milli və siyasi maraqlarının qorunmasında yorulmadan fəaliyyət göstərəcəkdir.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin mətbuat xidməti