Muxtar respublikada həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsi olaraq aqrar sektorun bütün sahələrində ciddi irəliləyişə nail olunmuş, bütün növ kənd təsərrüfatı, o cümlədən heyvan mənşəli məhsulların istehsalı davamlı artmış, məhsul bolluğu yaradılmışdır. Baytarlıq təbabəti sahəsində görülən işlər, yeni heyvandarlıq təsərrüfatlarının yaradılması, əlverişli yem bazası və ixtisaslı kadrlarla təminat heyvandarlığın inkişafına yeni imkanlar yaratmışdır.
Cari ilin yanvar-may aylarında 14 heyvandarlıq təsərrüfatının yaradılması, 5 heyvandarlıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış, 10 heyvandarlıq təsərrüfatının yaradılması, 1 heyvandarlıq kompleksinin yenidən qurulması və 3 heyvandarlıq təsərrüfatının genişləndirilməsi davam etdirilmişdir. Bank və kredit təşkilatları tərəfindən cari ilin yanvar-may aylarında bu sahəyə 6 milyon 11 min 700 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 55,8 faiz çoxdur.
Muxtar respublikada süni mayalanma işlərini günün tələbləri səviyyəsində təşkil etmək və mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 21 sentyabr tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Süni Mayalanma Mərkəzi yaradılmış və mərkəzdə yeni infrastruktur obyektlərinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
2021-ci ilin yanvar-may aylarında muxtar respublikada heyvandarlıq təsərrüfatlarında 5219 baş inək, düyə və camış süni yolla mayalandırılmış, ötən ildə mayalandırılmış inək, düyə və camışlardan 5095 baş sağlam bala alınmışdır.
Həyata keçirilən dəstəkləyici tədbirlər iribuynuzlu və xırdabuynuzlu heyvanların baş sayının dinamik artımını təmin etmiş, 1 aprel 2021-ci il tarixə muxtar respublikanın bütün təsərrüfat kateqoriyalarında iribuynuzlu mal-qaranın sayı 125 min 305 baş, xırdabuynuzlu heyvanların sayı isə 784 min 27 baş olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəriciləri 16,6 və 20 faiz üstələmişdir.
Daxili bazarda yerli istehsalın həcminin artırılması məqsədilə cari ilin yanvar-may aylarında 1 quşçuluq təsərrüfatının yaradılması və 1 quşçuluq təsərrüfatının genişləndirilməsi işləri davam etdirilmişdir. Bundan əlavə, arıçılığın inkişafı istiqamətində müvafiq tədbirlər görülmüş, 6 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi başa çatdırılmış və 3 arıçılıq təsərrüfatının yaradılması davam etdirilmişdir. Cari ilin yanvar-may aylarında quşçuluğun və arıçılığın inkişafına, ümumilikdə, 346 min 400 manat kredit verilmişdir ki, bu da bir il öncəki göstəricidən 24,9 faiz çoxdur.
Muxtar respublikada əhalinin keyfiyyətli və təhlükəsiz heyvandarlıq məhsulları ilə təminatını qoruyub saxlamaq məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 17 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında baytarlıq təbabətinin inkişafı üzrə Dövlət Proqramı”nın icrası üzrə cari ilin yanvar-may aylarında müvafiq tədbirlər həyata keçirilmiş, Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində istifadəyə verilən kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraiti yaradılmışdır. Hazırda inşası davam etdirilən digər kənd mərkəzlərində baytarlıq məntəqələri üçün müasir iş şəraitinin yaradılması və Kəngərli Rayon Baytarlıq İdarəsinin binasının tikintisi davam etdirilir.
Əldə olunmuş uğurlu nəticə kimi, 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-may aylarında diri çəkidə ət istehsalı 43,6 faiz artaraq 9788,4 ton, süd istehsalı 15,9 faiz artaraq 37521 ton, yumurta istehsalı 41,6 faiz artaraq 55973,6 min ədəd təşkil etmişdir.
Əsas heyvandarlıq məhsulları istehsalı
(yanvar-may ayları üzrə)
2021-ci ilin yanvar-may aylarında 52 milyon 274 min 200 manatlıq heyvandarlıq məhsulları istehsal edilmişdir ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 63,3 faiz çoxdur.
Heyvandarlığın inkişafı əhalinin keyfiyyətli yerli məhsullarla təminatına və özünüməşğulluğun artırılmasına yeni imkanlar yaratmışdır. Aqrar sahənin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan Ali Məclisin Sədri demişdir: “Bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin etmişdir. Kənd təsərrüfatının inkişafında əsas sahələrdən biri də baytarlıq təbabəti və baytarlıq xidmətinin təşkilidir. Çünki bu sahədə lazımi şəraitin yaradılması, müasir avadanlıqların alınması, eləcə də kadrlarla təminat heyvandarlığın, quşçuluğun və arıçılığın inkişafına şərait yaradır”.
Naxçıvan Muxtar Respublikası Dövlət
Statistika Komitəsinin mətbuat xidməti