22 May 2024, Çərşənbə

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun başçılıq etdiyi nümayəndə heyəti mayın 18-də muxtar respublikamıza səfər edib. Qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra nümayəndə heyəti Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli liderimizin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıblar. Qonaqlar Naxçıvan Dövlət Universitetində də olub, ali təhsil ocağında keçirilən görüşdə fransız dilinin tədrisi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonra ali təhsil ocağının Xarici dillər fakültəsində  fəaliyyət göstərən “Fransız dili” mərkəzində olan qonaqlara məlumat verilib ki, mərkəzdə tələbələrlə  dərsdən kənar məşğələlər, diskussiyalar,tədbirlər keçirilir. Dil mərkəzi bədii əsərlər, professor-müəllim heyətinin elmi nailiyyətləri, dərs vəsaitləri ilə təchiz olunub ki, müəllim və tələbələr istədikləri vaxt bu vəsaitlərdən həm tədris həm də elmi-tədqiqat üçün yararlana bilərlər.

Mayın 18-də Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanışlıq qədim diyarımızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə nümayəndə heyətində dərin təəssürat yaradıb.

Mayın 19-da Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qrosun başçılıq etdiyi nümayəndə heyəti Duzdağ Fizioterapiya Mərkəzi ilə də yaxından tanış olub. Daha sonra Şıxmahmud kənd tam orta məktəbinə gələrək pedaqoji kollektivlə görüşən qonaqlara məlumat verilib ki, məktəbdə hazırda 448 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 64 müəllim məşğul olur. Burada 42 ildir ki, əsas xarici dil kimi Fransız dili tədris olunur. Məktəbin mövcud 24 sinif komplektində 4 ixtisas müəllimi tərəfindən Fransız dilinin tədrisi həyata keçirilir, 2019-cu il məzunlarından 1-i Naxçıvan Dövlət Universitetinin Fransız dili ixtisasına, ötən tədris ilki məzunlardan 12-si respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub.

Fransalı nümayəndə heyəti I Kültəpə yaşayış yerinə də səfər edib,  burada ötən illər ərzində aparılan arxeoloji tədqiqatlarla tanışlıq olub, ərazidən aşkarlanan qədim məişət əşyalarına baxılıb. Məlumat verilib ki, 2013-2016-cı illərdə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birlikdə I Kültəpə yaşayış yerində tədqiqat işlərinə başlayıb, müəyyən fasilələrlə proses sonrakı illərdə də davam etdirilib. Ekspedisiyanın əsas məqsədi, Neolit dövrünün sonuna aid olan I Kültəpə yaşayış yerində məskunlaşmanın tarixi və qədim Naxçıvan sakinlərinin ətraf aləmlə əlaqələrini öyrənmək, köçmə maldarlıqla bağlı abidələri tədqiq etməkdən ibarət olub. Aparılan araşdırmalar ölkəmizin qədim sakinlərinin miqrasiyasının arealını, onların qədim Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrini öyrənməyə imkan verib.

Suni Mayalanma Mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, ölkə başçısının 2018-ci ilin fevralında imzaladığı “Naxçıvan Muxtar Respublikasında heyvandarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” və 2019-cu ilin noyabrında imzaladığı “Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncamlarına əsasən yaradılan mərkəzin tikintisi 2 hektar ərazidə aparılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində istifadəyə verilən mərkəzdə inzibati bina, karantin binası, baytarlıq klinikası, laboratoriya otağı, toxumalma sahəsi, tövlə, yem anbarı, açıq havada yemsaxlama sahəsi yaradılıb. Mərkəzin fəaliyyətə başlaması yeni iş yerlərinin yaradılmasına da geniş imkanlar açıb. Bu da Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələri kimi, kənd təsərrüfatının inkişafının da daim diqqət mərkəzində saxlanılmasının nəticəsidir.

Ağbulaq İstirahət Mərkəzi və Batabat iqlim kurort zonası ilə tanışlıq qonaqlarda muxtar respublikanın turizm potensialı barədə dərin təəssürat yaradıb.

Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zakari Qros “Şərq qapısı” qəzetinə müsahibəsində səfərin məqsədi barədə danışıb, birgə əməkdaşlıq əlaqələrindən söhbət açıb, muxtar respublika ilə bağlı təəssüratlarını bölüşüb: - İlk olaraq onu deyim ki, səfərimizin əsas məqsədi Fransa ilə muxtar respublika arasında əlaqələri daha da möhkəmləndirmək, həmçinin də iki ölkə arasında Fransanın aktiv olduğu sahələrdə təmsil olunmaq və bu gözəl diyarı kəşf etməkdir. Bildiyimiz kimi hazırda naxçıvanlı tələbələr Fransanın Anje şəhərində təhsil alırlar və istərdik ki, bu tələbələrin sayı daha da çoxalsın. Digər bir istəyimiz isə ondan ibarətdir ki, Naxçıvanda təhsil alan tələbələr təqaüd proqramından bəhrələnsin. Həmçinin Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetində də naxçıvanlı tələbələri görmək arzusundayıq.

 Naxçıvanla tanışlığım barədə isə onu deyə bilərəm ki, bura çox gözəl, sakit diyardır, abadlıq-quruculuq işləri yüksək səviyyədədir. Səfər çərçivəsində Ali Məclis Sədri ilə görüşdən çox məmnun qaldım, şəhərdə olan bütün fəaliyyət növləri ilə yaxından tanışlıq zamanı aydın oldu ki, hər bir sahənin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Naxçıvan Dövlət Universiteti, ali təhsil ocağının gözəl, dinamik şəhərciyi marağımı çəkdi. Şəhərdə müasirliklə yanaşı tarixi zənginlik də göz qabağındadır. Burada olduğumuz  müddətdə Cənubi Qafqazın ən qədim yaşayış məskəni sayılan Kültəpəyə də getdik, Azərbaycan və Fransa arxeoloqlarının birgə həyata keçirdikləri arxeoloji qazıntılarla yaxından maraqlandıq. Sevindirici haldır ki, bu istiqamətdə birgə əməkdaşlıq 15 ildir davam edir. Fransa şirkətinin avadanlıqları ilə təchiz edilən Suni Mayalanma Mərkəzində, eləcə də Ağbulaq İstirahət Mərkəzində də olduq. Düşünürəm ki, Ağbulaqdakı xizək mərkəzinin köməkliyi ilə qış idman növü tqrizm sahəsində əlaqələrimizi inkişaf etdirə bilərik. Gördüyünüz kimi, həm iqtisadiyat, həm təhsil, həm də kənd təsərrüfatı sahəsində burada yaşayan insanlar üçün gözəl perspektivlər mövcuddur. Çox şadam ki, Fransa konkret olaraq Naxçıvanda fəaliyyət üçün maraqlıdır və inanırıq ki, gələcəkdə birgə əməkdaşlıq daha da inkişaf etdiriləcək.   

  

 Nail ƏSGƏROV

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR