22 Dekabr 2024, Bazar

Mayın 28-i tariximizin ən şanlı günlərindən biridir. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin öz müstəqilliyini bəyan etdiyi tarixdir. 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti özünün dövlətçilik əsasları və demokratik islahatları ilə böyük bir coğrafiyanın siyasi həyatında mühüm rol oynamış, dövlətçilik tariximizin əsaslarını daha da zənginləşdirmişdir.

Birinci Dünya müharibəsində çar Rusiyasının ağır vəziyyətə düşməsi, eyni zamanda imperiya mərkəzində baş vermiş inqilab imperiyanın müstəmləkələrində yaşayan xalqların azadlıq uğrunda mübarizəyə qalxması ilə nəticələnmişdi. 1918-ci ilin fevralında yaradılmış Zaqafqaziya seymi həmin il may ayının 25-də dağıldıqdan sonra mayın 27-də seymin 44 nəfərlik müsəlman fraksiyası Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk milli hökuməti yaratmaq üçün Tiflisdə toplaşmışdı. Fraksiya ölkəmizin idarə olunmasını öz üzərinə götürə­rək Azərbaycan Milli Şurasını yaratdı. Milli Şuranın mayın 28-də keçirilən tarixi iclasında qəbul edilən 6 maddədən ibarət İstiqlal Bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olundu. Bəyannamədə Azərbaycanın tamhüquqlu müstəqil dövlət, onun idarə forması isə xalq cümhuriyyəti olaraq göstərilirdi. Elə həmin gündə Milli Şuranın tapşırığı, Fətəli xan Xoyskinin başçılığı ilə 9 nəfərdən ibarət cümhuriyyətin ilk hökumət kabineti təşkil edildi. 1918-ci il iyunun 4-də Batum müqaviləsi bağlandıqdan sonra Osmanlı dövləti Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət oldu. Lakin həmin dövrdə Bakı şəhəri Xalq Komissarları Sovetinin nəzarətində olduğu üçün 1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və müvəqqəti hökumət Tiflisdən Gəncəyə köçmüşdür. Bir gün sonra Gəncədə Milli Şura öz fəaliyyətini müvəqqəti olaraq dayandırmış və Müəssislər Məclisi çağırılanadək bütün hakimiyyəti Fətəli xan Xoyskinin sədrliyi ilə yaradılmış ikinci hökumətə həvalə etmişdir. Həmin vaxt milli hökumətin qarşısında duran ilk və ən böyük vəzifə Bakını işğalçılardan azad etmək idi. Bunun üçün isə milli orduya sahib olmaq lazım idi. Məhz milli hökumətin bəyan edildiyi gündən, təxminən, 1 ay sonra – iyunun 26-da müsəlman hərbi korpusunun ayrıca Azərbaycan Korpusuna çevrilməsi ilə ölkəmizdə ilk Milli Ordu yaradılmasının əsası qoyulmuşdur. Təxminən, iki ay yarımlıq bir müddətdən sonra 1918-ci il sentyabrın 15-də Azərbaycan Xalq Cümhuriyyətinin birləşmiş hərbi qüvvələrinin mübarizəsi sayəsində Bakı azad edilmiş, sen­tyabrın 17-də Azərbaycan hökuməti Bakıya köçmüşdür.
Azərbaycan Xalq Cümhuriyyəti çox çətin dövrdə fəaliyyət göstərmişdir. Parlamentli respublika idarəçiliyinin hüquqi norma və qaydalarına uyğun olaraq hökumət tərəfindən Müəssislər Məclisinin çağırılması üçün bir sıra tədbirlər həyata keçirilsə də, ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət parlamentə seçkilər keçirməyi çətinləşdirirdi. 1918-ci il noyabrın 16-da toplanan Milli Şura mövcud fövqəladə şəraitdə Müəssislər Məclisinin çağırılmasının qeyri-mümkünlüyü ilə əlaqədar olaraq ali hakimiyyət orqanı kimi “Azərbaycan Parlamentinin yaradılması haqqında” Qanun layihəsini hazırlamış və həmin il noyabrın 19-da bu qanunu qəbul etmişdir.
Parlamentin təntənəli açılışı 1918-ci il dekabrın 7-də Hacı Zeynalabdin Tağıyevin Qızlar məktəbinin binasında baş tutmuşdur. Böyük çətinliklərlə Azərbaycan Parlamenti davamlı olaraq fəaliyyət göstərdiyi dövrdə müstəqil dövlət quruculuğu istiqamətində misilsiz işlər görmüşdür. Belə ki, Şərqdə ilk dəfə olaraq Azərbaycanda qadınlara seçmək və seçilmək hüququ verilmiş, parlamentin işində Azərbaycanın ziyalı və ictimai fəal qadınları iştirak etmişlər. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyətinin Paris Sülh Konfransında uğurlu diplomatik fəaliyyəti sayəsində 1920-ci il yanvarın 11-də Azərbaycan müstəqil dövlət kimi tanınmışdır. Xalq Cümhuriyyəti fəaliyyət göstərdiyi dövr ərzində 20-dən çox dövlətlə diplomatik əlaqələr yaratmışdır.
Həmin dövrdə ən böyük problemlərdən biri də Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etmək idi. O vaxt qədim Zəngəzur, Qarabağ və Naxçıvan torpaqları əsassız erməni iddiaları və təcavüzü ilə üz-üzə qalmışdı. Lakin Naxçıvan əhalisi bu diyarın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə aparırdı və milli qüvvələrin səyi nəticəsində 1918-ci il noyabrın 18-də burada Araz-Türk Respublikası yaradılmışdır. Bu respublikanın ərazisi Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və Sürməli qəzalarını, Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Sahəsi 8,7 min kvadratkilometr, əhalisi isə 1 milyon nəfərə yaxın olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası Naxçıvanın daşnak hücumlarından qorunmasında böyük rol oynadı. Eyni zamanda milli hökumət də Naxçıvanı qorumaq üçün imkan daxilində köməklik göstərir, siyasi dəstək verir, hərbi, iqtisadi və mədəni cəhətdən yardımlar edirdi. Naxçıvan məsələsi bir neçə dəfə Azərbaycan Parlamentində müzakirə edilmiş, erməni təcavüzünün qarşısını almaq üçün əməli tədbirlər görülmüş, Naxçıvanı Ermənistanın müvəqqəti idarəçiliyinə vermək istəyən ingilis və amerikalılarla danışıqlar aparılmış, kəskin etiraz bildirilmişdi. Azərbaycan hökuməti Naxçıvan əhalisinin iradəsini ifadə edərək bildirmişdir ki, Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir və milli hakimiyyət orqanları tərəfindən idarə olunacaqdır. Azərbaycan Xalq Cümhuriyyətinin Baş nazirləri olmuş Fətəli xan Xoyski və Nəsib bəy Yusifbəyli Naxçıvanın Azərbaycan ərazisi kimi qorunub saxlanılması üçün bütün vasitələrdən istifadə edir, qəhrəman naxçıvanlıların fəaliyyətini yüksək qiymətləndirirdilər.
Fətəli xan Xoyski parlamentin iclasında Naxçıvan bölgəsinin qəhrəman əhalisinin Vətənə qovuşmaq üçün öz həyatları və ailələri ilə risk edərək mübarizəyə qalxıb azadlığa çıxdıqlarını söyləmişdi. Nəsib bəy Yusifbəyli 1919-cu il dekabrın 22-də parlamentdəki çıxışında Naxçıvanın öz qüvvələri ilə istilaçıları devirərək, Azərbaycanla birləşməyə hazır olduğunu bildirərək demişdir: “İgid naxçıvanlılar, şərurlular bu məsələni özləri həll ediblər; onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da hökumətin işini asanlaşdırdılar. Güman edirəm ki, haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar...”
Beləliklə, ölkədə yaranmış mürəkkəb ictimai-siyasi və hərbi vəziyyət bəzi hallarda hökumətin öz məqsədlərinə tam çata bilməməsinə səbəb olsa da, naxçıvanlıların igidliyi və qəhrəmanlığı sayəsində bu qədim diyar Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 23 ay fəaliyyət göstərsə də, xalqımızın öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirmişdir. Bu qısa tarixi dövr Azərbaycan xalqının dövlətçilik ənənələrinin bərpasına və milli mənlik şüurunun güclənməsinə böyük təsir göstərmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev ilk demokratik respublikanın fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində həyata keçirdiyi ciddi tədbirlər sayəsində bütün dövlətçilik atributları – öz parlamenti, ordusu və pul vahidi olan müstəqil, suveren bir dövlətə çevrildi. O, bütün dövlətçilik göstəricilərinə və prinsiplərinə görə Şərqdə ilk demokratik respublika idi”.
Xalqımız üçün çox ağır və mürəkkəb dövr olan Cümhuriyyət dövrü, təəssüf ki, bir sıra milli planların həyata keçirilməsinə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edərək özünün müstəqillik mübarizəsi üçün böyük potensial yaratdı və bunun məntiqi nəticəsi kimi ötən əsrin sonlarında Azərbaycan əsrin əvvəllərində itirdiyi müstəqilliyini yenidən bərpa etdi. Lakin bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarix də sübut edir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, ölkəmizin müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. Ötən əsrin sonlarında yaranmış mürəkkəb ictimai-siyasi vəziyyətdə də eyni amillər yenidən baş qaldırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə yaranmış gərgin vəziyyəti belə xarakterizə etmişdir: “Bütün tarixboyu xalqımızın müstəqillik arzusu ilə yanaşı, bu istəyə qarşı həyata keçirilmiş faciə və soyqırımı hadisələri də heyrətamiz şəkildə təkrar olunmuşdur. Xalqımızın bəxti onda gətirmişdir ki, ötən əsrin sonlarında nail olduğumuz ikinci dövlət müstəqilliyi üçün real təhlükə yarandığı bir dövrdə Heydər Əliyev kimi qüdrətli şəxsiyyət yenidən ali hakimiyyətə qayıtmış, Azərbaycan Xalq Cümhuriyyəti ilə başlanan milli dövlətçiliyi arzudan reallığa çevirmişdir”.
Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Dahi şəxsiyyətin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuşdur. Həmin qərarlara əsasən müstəqilliyimizin əsas atributlarından olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul olunmuş və bu bayraq ilk dəfə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclas salonunda qaldırılmışdır. Dahi şəxsiyyət Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində rolunu həmişə yüksək qiymətləndirmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Azərbaycan Xalq Cümhuriyyətinin 75 illik yubileyi ilk dəfə Naxçıvanda qeyd olunmuşdur.
Görkəmli dövlət xadimi Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkəmizdə təntənəli şəkildə qeyd olunması, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi, dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə bir sıra şəxslərin bu medalla təltif olunması varislik ənənələrinin uğurla davam etdirilməsinin göstəricisidir.
Ölkə başçısının Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün möhkəmləndirilməsində atdığı ən böyük addım isə 2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu 44 gün ərzində düşmən üzərində qələbə qazanaraq onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. XXI əsrin ən möhtəşəm qələbəsi sayılan bu Qələbənin digər möhtəşəmliyi isə ölkəmizin əsas əraziləri ilə Naxçıvan arasındakı əlaqələrin qədim Azərbaycan torpağı olan Zəngəzur vasitəsilə bərpa olunmasıdır.
Vurğulamaq lazımdır ki, Naxçıvan Muxtar Respublikası müstəqilliyimizin bərpasında çox böyük rol oynamışdır. SSRİ-nin saxlanılması ilə bağlı referendum məhz ilk dəfə burada boykot edilmiş, ulu öndər Heydər Əliyev tərəfindən müasir Azərbaycanın dövlətçilik əsasları, ordu quruculuğunun təməli bu qədim diyarda qoyulmuşdur. Ötən əsrin sonlarından blokadaya alınan Naxçıvan bütün çətinliklərə baxmayaraq inkişaf etmiş, blokadada inkişafın yeni nümunəsini yaratmışdır. Tarix üçün çox qısa dövr olsa da, Naxçıvan Muxtar Respublikası ötən dövrdə əsrə bərabər bir yol keçmişdir.
Dayanıqlı iqtisadi inkişafın nəticəsidir ki, bu ilin yanvar-aprel aylarında muxtar respublikada 758 milyon 840 min 800 manatlıq ümumi daxili məhsul istehsal olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Bəhs olunan dövrdə sənaye üzrə 344 milyon 811 min 500 manatlıq, kənd təsərrüfatı sahəsində isə 44 milyon 297 min 500 manat dəyərində məhsul istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,1 və 3,3 faiz çoxdur. Yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
Naxçıvan Muxtar Respublikası həm də mədəni yüksəliş dövrünü yaşayır. Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm kimi sahələrdə əldə olunan uğurlar Naxçıvanın simasını tamamilə dəyişib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına hər səfərində görülən işləri yüksək qiymətləndirir, muxtar diyarın uğurlarından qürurla bəhs edir. Bu il mayın 10-da Naxçıvana növbəti səfərində də ölkə başçısının təəssüratları zəngin idi: “Təəssüratlarım çox müsbətdir. Hər zaman Naxçıvanda olanda, burada inkişafı görəndə çox sevinirəm. Bu mənim Naxçıvana 15-ci səfərimdir və hər səfər çərçivəsində bir çox obyektlərin açılışında iştirak edirəm…Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir… Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb. Kənd təsərrüfatı ilə bağlı görülmüş işlər nəticəsini verməkdədir”.
Ümummilli lider Heydər Əliyev həmişə Naxçıvanın inkişaf etməsini, abadlaşmasını istəyirdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimizin müəyyən etdiyi quruculuq xəttinin ölkəmizin hər bir yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxardığını xüsusi qeyd edərək demişdir: “Biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.
Bu gün güclü ordusu, güclü iqtisadiyyatı və ən əsası güclü lideri olan Azərbaycan öz müstəqilliyinin 103-cü ildönümünü böyük qürur və fəxarət hissi ilə qeyd edir. Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi varisi olan müasir Azərbaycanın bundan sonrakı gələcəyi isə daha parlaqdır. Ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!”

“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR