22 Dekabr 2024, Bazar

    1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 76-cı ildönümü Naxçıvan Muxtar Respublikasında qeyd olunmuşdur.

      Mayın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə Kompleksinə gəlmiş, veteranlarla görüşmüş, onları qələbə münasibətilə təbrik etmişdir.

       Sonra Ali Məclisin Sədri abidə önünə gül dəstəsi qoymuş, müharibədə həlak olmuş azərbaycanlıların xatirəsinə ehtiramını bildirmişdir.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri də müharibədə həlak olanların  əziz xatirəsini ehtiramla yad etmişlər.

       Naxçıvan Hərbi Qarnizonunun nümunəvi Hərbi Orkestrinin ifasında marşlar səslənmişdir.

    Faşizm üzərində qələbənin əldə olunmasında Azərbaycan xalqının böyük xidmətləri olmuşdur. 1941-1945-ci illər müharibəsində igid Azərbaycan oğulları xalqımıza xas qəhrəmanlıq və hərbi şücaət nümunəsi göstərmişlər. Xalqımızın sarsılmaz iradəsi və inamı ön və arxa cəbhəni birləşdirmiş, faşizm üzərində qələbəyə mühüm töhfə vermişdir. Müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə azərbaycanlı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Bu şanlı Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salmış, onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmamışlar. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilmişdir. Azərbaycanlı çağırışçılardan və könülllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər.

      402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınmışdır. Həmyerlilərimiz Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçərək göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazmışlar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”,   29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşlar.

     Ölkəmizdə 1941-1945-ci illər veteranlarına daim qayğı göstərilmişdir. “Azərbaycanın qəhrəman oğulları Böyük Vətən müharibəsində şücaət göstərmiş, xalqımızın qəhrəmanlıq nümunələrini dünyaya nümayiş etdirmişlər və alman faşizmi üzərində çalınan qələbədə Azərbaycan xalqının da böyük payı vardır”, - deyən ulu öndər Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra 9 May Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının imtiyazları və statusları bərpa olunmuşdur. Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.

     Qələbə bayramı ərəfəsində ölkə Prezidenti cənab İlham Əliyevin müharibə veteranlarına qayğının artırılması, onların sosial müdafiəsinin daha da möhkəmləndirilməsi ilə bağlı sərəncamlar imzalaması ənənə halını almışdır. Ölkə Prezidentinin “1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2021-ci il 29 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının daha bir ifadəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası muxtar respublikada həyata keçirilmişdir.

       Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır. Hər il muxtar respublikada faşizm üzərində qələbə günü qeyd olunur. Müharibə veteranlarının sosial müdafiəsi gücləndirilir, onlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar.

      Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də 1941-1945-ci illər müharibəsində faşizm üzərində qazanılan tarixi qələbənin 76-cı ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR