AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və tarix elmləri doktoru Abbas Seyidovun həmmüəllifliyi ilə nəşr olunan “Qədim Culfa” kitabının təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq muxtar respublikada elm adamlarına göstərilən dövlət qayğısından bəhs edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən kitab məhz bu qayğının nəticəsidir.
Akademik söyləyib ki, “Qədim Culfa” kitabı uzunmüddətli tədqiqatların bəhrəsidir. Əsər həm elmi əhəmiyyəti, həm də zövqlü tərtib xüsusiyyətlərinə görə fərqlənir. Kitabda verilən rəngli fotoşəkil və qrafik təsvirlər elmi faktların oxuculara daha anlaşıqlı olması üçün xüsusilə faydalıdır.
Vurğulanıb ki, tanınmış arxeoloq Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan beynəlxalq və respublika əhəmiyyətli ekspedisiyaların əsas icraçısı olmuş, arxeologiyamızın yeni elmi faktlarla zənginləşdirilməsində misilsiz xidmətlər göstərmişdir. Təcrübəli alimin aşkar etdiyi elmi yeniliklər sayəsində ədəbiyyatlarda mövcud olan bir sıra faktların, əslində, daha da qədim dövrlərə məxsus olması təsdiqlənmişdir. Vəli Baxşəliyev Naxçıvan ərazisində ən qədim insanların yüz min illər əvvəl yaşadığını, Oğlanqala yaşayış yerinin tarixən Urartu dövlətinin tərkibində olmadığını, əksinə, bu dövlətə qarşı fəal mübarizə apardığını sübuta yetirmişdir. Dünyada mədən üsulu ilə duz çıxarılan ən qədim abidənin Naxçıvanda mövcudluğu, I Kültəpə abidəsinin qədim Neolit dövrü abidəsi olması və başqa mühüm əhəmiyyətə malik tarixi faktların aşkara çıxarılması, beynəlxalq elmi ictimaiyyətə çatdırılması məhz professor Vəli Baxşəliyevin yorulmaz fəaliyyətinin nəticəsidir.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Azərbaycan arxeologiya elminə dəyərli töhfə” mövzusunda məruzə edib. Məruzədə bildirilib ki, “Qədim Culfa” kitabı mündəricat, “Ön söz”, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Kitabın ön səhifələrində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2014-cü il 11 fevral tarixli “Culfa rayonundakı “Əlincə qala” tarixi abidəsinin bərpa edilməsi haqqında” və 7 oktyabr 2015-ci il tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” sərəncamlarının mətnləri verilmişdir.
Yeni nəşrdə rayondakı abidələrin ötən əsrdən başlayan arxeoloji öyrənilmə tarixi haqqında məlumat verilmiş, tədqiqatlardan əldə edilən elmi nailiyyətlər ümumiləşdirilmiş, mühüm faktlar əks olunmuşdur.
Təqdimat mərasimində bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Hacıfəxrəddin Səfərli və institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək kitabın Azərbaycan və dünya arxeologiya elmi üçün əhəmiyyətindən bəhs ediblər.
Sonda çıxış edən müəllif Vəli Baxşəliyev alimlərə göstərilən qayğıya və kitabın nəşrinə olunan dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, yaradılan hərtərəfli şərait muxtar respublika alimlərini gələcəkdə də elmə daha sədaqətlə xidmət etməyə sövq edir.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti