Naxçıvan Dövlət Universitetinin sonuncu kurs tələbələrinin iştirakı ilə keçirilən “Karyera günü”nü giriş sözü ilə universitetin rektoru Elbrus İsayev açaraq dövlət qurumları ilə əməkdaşlığın möhkəmləndirilməsinin tələbələrin ixtisasları üzrə dövlət müəssisələrində təcrübə keçmələri və işlə təmin olunmaları baxımından əhəmiyyətindən danışıb.
Rektor bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi məzunların gələcək karyera inkişafında xüsusi əhəmiyyət daşıyır. Tələbələrlə mütəmadi görüşlərin keçirilməsi onlara karyera planlama fikrini aşılayır, karyeralarını inkişaf etdirmələrinə köməklik göstərir, tələbələrin praktik təcrübələrini inkişaf etdirir və dünyagörüşlərini artırır.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli deyib ki, muxtar respublikamızda gənclərin məşğulluğu üçün hər cür imkan yaradılır, onların işə qəbulu diqqət mərkəzində saxlanılır. Hazırda Dövlət İmtahan Mərkəzi tərəfindən 33 istiqamət üzrə işə qəbul, attestasiya, sertifikasiya və qiymətləndirmə imtahanları keçirilir.
Sonra Dövlət İmtahan Mərkəzinin baş məsləhətçisi Məmməd Babayev slayd vasitəsilə “Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət orqanlarına və digər müəssisələrə işə qəbulu qaydaları” haqqında tələbə-gənclərə ətraflı məlumat verib, suallar cavablandırılıb.
Tədbirin sonunda tələbələrə imtahanların keçirilməsi qaydaları və digər məlumatları özündə əks etdirən bukletlər paylanılıb.
Naxçıvan Muxtar Respublikası Dövlət
İmtahan Mərkəzinin mətbuat xidməti