Hər gün səhər də, axşam da yolum oradan keçəndə illər öncə yaşadıqlarımız xəyalımda canlanır:
– Bir vaxtlar biz hələ uşaq idik, rayonumuzda bircə əyləncə yerimiz var idi. Yaxşı xatirimdədir, bu salxım söyüdlər təzə əkilmişdi. Oradakı yelləncək, qatarlar biz uşaqların əylənməyə üz tutduğu yerlər idi.
Boynumuzda qırmızı pioner qalstuku, əlimizdə güllər Ana heykəlinin qarşısına gəlib, böyük Vətən uğrunda həlak olanların xatirəsini yad edəndə haradan bilərdik ki, o “böyük Vətəni” yaradan və bizi 70 ildir, əsarətdə saxlayan sovet imperiyasının sayəsində sevinib, deyib – güldüyümüz bu yerləri anamız Azərbaycanın müstəqilliyi naminə, torpaqlarımız uğrundan canından keçən igidlərimizin məzarlarının yan-yana düzüldüyü xiyabana çevirəcək. Hansı ki həmin oğulların babaları sovetlər dağılmasın deyə, canından keçmişdi. Bizə “qardaş” kimi qələmə verdikləri ermənilər özləri kimi vəhşi faşistlər qarşısında zağ-zağ əsib, qaçıb gizlənəndə, bizim ər oğullarımız çiyin-çiyinə döyüşüb, “böyük Vətəni” xilas etmişdilər. Həmin ermənilər illərdir, onlara ocağımızdan od, süfrəmizdən çörək, buz bulaqlarımızdan su vermişdik. Amma onlar bir qarın yemək üçün qapımızda fəhləlik etdikləri torpaqlarımıza sahib olmağa çalışdılar. Sovetlər dağılan kimi havadarlarından güc alıb ocağımıza od saldılar.
1990-cı il yanvar ayının 16-dan dərin bir sükut çökmüşdü hər kəsin gözlərinə, indiyə kimi əyləncə yerimiz olan bu salxım söyüdlü park yeni bir ünvana çevrilmişdi... Şəhidlər xiyabanına... İlk şəhidləri yaxın dostlarımızın ataları Məhərrəm Seyidov və Mirhəşim Seyidov oldu. Fikrət Əliyev, Əhəd Seyidov və onlar kimi yüzlərlə oğlumuz səngərdə bir ovuc torpaq düşmənə əsir düşməsin deyə, canından keçdi. Ən çətini isə o idi ki, məktəbli yoldaşlarımız üçün də burada məzar qazıldı. Nəcəf Əliyev, Elşən Rzayev kimi məktəblilər elə təhsil aldıqları məktəbin yaxınlığına düşən top mərmisi ilə şəhadətə yüksəldilər.
Onlarla birgə gəzib, oyunlar oynadığımız yerdə dayanmışam indi. Lal baxışlar mənə baxır. Dəfələrlə izləmişəm bu baxışları, amma bu dəfə, sanki dəyişib bu baxışlar. Qürur var bu gözlərdə, buna səbəb isə buranın yeni “sakinlərinin” – Vətən müharibəsi şəhidlərinin gətirdiyi qələbə xəbəridir, Vətən müharibəsi şəhidi Seymurun məzarı üzərindəki yaxın dostlarının Şuşadan dərib göndərdikləri xarıbülbüldür, bir neçə gün öncə Şuşa dağlarına yayılan “Qarabağ şikəstəsi”nin səsidir onları belə qürurlandıran. Xalqımızın vaxtilə başına gətirilən müsibətlərin qisasını alan oğullar da onlarla bir uyuyur indi bu xiyabanda. Bir-bir ziyarət edib baş əyirəm Vətən oğullarının məzarları önündə. Düşünürəm ki, vaxtilə onlar da burada uyuyan igidlərin məzarlarını and yerinə çevirib “qisas qiyamətə qalmayacaq”, – demişdilər. Qalmadı qisasımız qiyamətə. İllər öncə Sədərəkdə canından keçib, günlərlə səngərlərdə ac-susuz qalıb, düşmənə müqavimət göstərib ona torpaq verməyən oğulların yolunu davam etdirdilər. 44 günlük Vətən müharibəsində diyarımızın sərhədlərinə bir güllə belə, atmağa cəsarət etməyən düşməni öz qanında boğmağa tələsən Rüfət, Məmmədhəsən, Həsən, Zülal kimi oğullar Naxçıvandan, igidlər yurdundan Qarabağa yol alıb orada can qoyub, bir olub yurdumuzu – Qarabağımızı düşməndən azad etdilər. Onların dünyaya yumulan gözləri Qarabağımızın gözlərinə işıq verdi. İllərdir, sönən çırağımız alovlandı, azan səsinə həsrət qalan torpağımızın qulağı bu müqəddəs səsi eşitdi. Üçrəngli, ay-ulduzlu bayrağımız Azad, Vüsal, Elton, Adil kimi oğulların əllərində işğaldan azad edilən torpaqlarda dalğalandı. Onlar ən yüksək zirvəyə – şəhidlik zirvəsinə yüksəldilər, o zirvənin başında isə Azərbaycan bayrağını dalğalandırdılar. O bayraq ki enməsin deyə, yüzlərlə igid öz canından keçmişdi. Və bu gün o bayraqlar şəhid məzarlarının başı üstə qürurla şəhidlərimizə keşik çəkir, onların ziyarətçilərini salamlayır.
Rəhbəri olduğum təhsil ocağı and yerimiz olan Şəhidlər xiyabanı ilə üz-üzə yerləşir. Hər bir şagirdimiz gələcəyin əsgəri, qəhrəmanıdır. Hər bir şəhidimizin həyat yolu onlar üçün böyük bir qəhrəmanlıq məktəbidir. Onlar vətənpərvərliyi, Vətən sevgisini burada uyuyan şəhidlərimizin məzar daşındakı Qubadlı, Cəbrayıl, Şuşa kəlmələrindən öyrənirlər. Daş kitabələrdən! Azadlığımızın, qayıdışımızın tarixinin qanla yazıldığı daş kitabələrdən!..
Çingiz RZAYEV
Şərur Şəhər Fizika-Riyaziyyat
Təmayüllü Liseyin direktoru