İlk dəfə olaraq Naxçıvanda təşkil edilən qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatı maraqlı qarşılaşmalarla davam edir. 12 zəka sahibinin mübarizə apardığı yarışda artıq dörd tur geridə qalıb. Keçirilən görüşlərdən sonra mübarizə aparan zəka sahibləri ilə həmsöhbət olduq.
Xəyalə Abdulla – qadınlar arasında beynəlxalq qrossmeyster:
– Uzun zamandır, Naxçıvanda təşkil edilən şahmat festivallarında iştirak edirəm. Pandemiya şəraitində ancaq evdə məşqlər edirdim, canlı oyun üçün çox darıxmışdım. Eşidəndə ki, Naxçıvanda şahmat üzrə Azərbaycan çempionatında iştirak edəcəyəm, çox sevindim. Mənim üçün Naxçıvanda oyunlarda iştirak uğurlu olur. Çünki hər bir şərait yaradılıb, təşkilatçılıq yüksək səviyyədədir. Bu gün IV tur keçirildi. Hələ qarşıda yeddi tur var. Ən yaxşılar oynadığı üçün rəqabət də güclü gedir. Düşünürəm ki, gərgin mübarizəyə görə qalib son tura qədər bəlli olmayacaq. Oyunlar gərgin keçməsinə baxmayaraq, xoşdur. Çox ruh, səy, enerji ilə oyuna davam edirəm. İndiyədək bir turda məğlub, bir turda heç-heçə, iki turda isə qalib olmuşam. Bu gün gənc, perspektivli şahmatçı Nazlı Hümbətova ilə oynadıq. Çətin oyun keçdi, amma sonda qələbə qazandım. Məqsədim, əlbəttə ki, qalib olmaqdır.
Ayan Allahverdiyeva – FIDE ustası:
– Mən 8 yaşımdan Naxçıvanda təşkil edilən şahmat festivallarında iştirak edirəm. Ən son pandemiyadan əvvəl gəlmişdim bura. İndiyədək evdə onlayn olaraq şahmatla məşğul idim. Burada iştirak məni ruhlandırdı. Həmişə Naxçıvanda şahmata olan diqqət yüksək səviyyədə olur. Hələ ki, iştirak etdiyim oyunlar mənim üçün qənaətbəxşdir. Bu turda beynəlxalq usta Səbinə İbrahimova ilə oynadıq və oyun heç-heçə ilə bitdi. Rəqiblərim güclüdür, amma qalib olmaq üçün sona qədər mübarizə aparacağam. Burada təcrübə əldə edirəm, arzum hələ ki, qrossmeyster olmaqdır. Çempionatın təşkilatçılığından çox razıyam, bütün iştirakçılara uğurlar arzu edirəm.
Mələk İsmayıl – ustalığa namizəd:
– Uşaqlıqdan şahmat oynayıram. 2013-cü ildə dünya çempionatında dördüncü, 2014-cü ildə isə Avropa çempionatında birinci yeri tutmuşam. Naxçıvanda təşkil olunan çempionat, mən deyərdim, ən güclü çempionatdır. Artıq dördüncü dəfədir, Naxçıvanda yarışlarda iştirak edirəm. Hər şey yüksək səviyyədə təşkil olunub. Bu gün Nəsrin Babayeva ilə oynadım və qalib ayrıldım. Buradakı məqsədim qalib olmaqdan çox, reytinqimi artırmaq, təcrübə qazanmaqdır. Qalib gəlmək üçün isə çox çalışmaq və vaxtı düzgün idarə etmək lazımdır. Gərək çox səbirli olasan, son anda səngiməklə, oyunu əldən vermək olar. Bugünkü oyunumuz 5 saat çəkdi və rəqibimi üstələyə bildim. Ümid edirəm, bu çempionat mənim üçün uğurlu davam edəcək. Bütün iştirakçılara uğurlar arzu edirəm.
Güntac ŞAHMƏMMƏDLİ