21 May 2024, Çərşənbə axşamı

         Bəzən zaman elə sürətlə irəlləyir  ki, biz zamanın necə ötdüyünün fərqinə belə varmırıq. Amma həyatımızda  elə   tarixlər,  elə anlar var ki,  onları   qürurla xatırlayırıq. 2018-ci ilin may ayı. Tariximizə qızıl hərflərlə yazılan şanlı Azərbaycan əsgərinin zəfər günü.

          Həyatımda ikinci  dəfə bir jurnalist olaraq  hərbi geyimi  qürurla geyinmək şərəfinə  nail olduğum gün mənim üçün də unudulmaz gün idi. Bu dəfə bizi şərəfli və məsuliyyətli  bir səfər gözlüyürdü. Bu səfərin məqsədi “Günnüt zəfəri”ni qazanmış  qəhrəman Azərbaycan əsgəri ilə görüşmək, böyük  qələbənin əldə olunmasında əldə edilmiş strateji yüksəkliklərdən   çəkilişlərin aparılması idi. Bilirəm, bu yola çıxmaq hər bir Azərbaycan vətəndaşının arzusu və hər bir jurnalistin illərlə həyəcanla düşündüyü hisslər idi. Yola həmkarım, tanınmış jurnalist Ruhiyyə Rəsulova ilə birlikdə çıxdım.  Nə xoşbəxt bizə...

      Bizi  26 il sonra Azərbaycan əsgərinin ilk dəfə ayaq basdığı  bu torpaqlara aparan yol sözsüz ki, həyəcanlandırmaya bilməzdi. Uzun, çətin dağlıq şəraitində hərbi avtomobillərdə  irəlilədikcə  igid oğullarımızın  bu çətin reylefə malik ərazidə necə mərdliklə və əzmlə xidmət apardığını, bu yurd yerimizi öz nəzarətlərinə keçirdiyinin  heç də  asan başa gəlmədiyinin şahidi olurduq.  Bəzən hərbi  avtomobillərin belə irəliləyə bilmədiyi bu yerlərdə, ürəyi vətən eşqi ilə yanan qəhrəmanlarımız xidmət edirdi. Burada hər zabitin, hər əsgərin gözündə parıldayan zəfər alovunu görməmək mümkün deyildi. Hər gün addım-addım,  pillə-pillə irəliləyən  qəhrəman  igidlərimiz  bir gecədə düşməni taktiki cəhətdən üstələyib mövqelərini  daha da irəliyə çəkərək strateji  cəhətdən  yüksək mövqelərdə möhkəmlənmişdir. “Qızılqaya” və “Qaraqaya” dağlarında yeni mövqelər ələ keçirilmiş, Dərələyəz mahalının Arpa  kəndində  və Mehridərə vadisində düşmən fəaliyyəti tam olaraq nəzarət altına götürülmüşdü. Ümumilikdə isə 11 min hektara yaxın ərazi nəzarət altına keçmişdi. Dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ələ keçirilməsi ilə    düşmən ərazisindən keçən İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna birbaşa nəzarət etmək imkanı ordumuzun əlində idi.

   Bütün bunlar  hər bir  azərbaycanlı kimi bu yüksəkliklərə qalxanda bizi də qürurlandırırdı.  Axı  bu vətənin hər daşında, hər qayasında  ulu babalarımızın ayaq izi, vaxtı ilə  burda yaşamış günnütlülərin məzarları var.  Bu gün biz  haqlı olaraq fəxr edə bilərik ki, ordumuzun  qorxmaz, igid, cəsur əsgərləri heç zaman düşmənin dovlət sərhəddini  pozub  torpaqlarımızı  nəzarətdə  saxlamasına imkan vermir. Bax budur Azərbaycan əsgərinin gücü.

      Tale elə nəsib etdiki, mən düz bir il sonra yenidən “Günnüt” döyüş bölgəsində xidmət aparan şəxsi heyətlə görüşə bildim. Amma bu dəfə  başqa bir mənzərə bizi qarşıladı. İndi bir il ərzində çəkilmiş  rahat yollar bizi əsgərlərin xidmət etdiyi dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən  Qızılqaya yüksəkliyinə gətirirdi. 

       Xatırladım ki, bu əməliyyat çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri  Cənab Vasif Talıbovun  ordumuzun nəzarətinə keçən  Günnüt kəndinə gələrək burada xidmət keçən əsgər və zabitlərlə görüşü, bu istiqamətdə uğurla başa çatan əməliyyatlara görə onlara təşəkkür etməsi və bu əməliyytada xidməti ilə seçilən əsgər və zabitləri qiymətli hədiyyələrlə mükafatlandırması şəxsi heyəti daha da ruhlandırmışdı.

          Az bir müddətdə Ali Məclis Sədrinin bilavastə tapşırığı ilə postlarda və bölük mərkəzlərində yeni yataqxana və xidmət binaları inşa olunmuşdu. Eyni zamanda əraziyə yeni yollar çəkilmiş, postlar arasında rahat əlaqə təmin edilmişdir. Bölmələrin yerləşdiyi ərazinin relyefinə və iqlim şəraitinə uyğun inşa olunan binalar keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilmişdir. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən bütün mövqelərində şəxsi heyət üçün nümunəvi xidmət şəraiti yaradılmışdır.

  Qısa zaman ərzində  işğaldan azad edilmiş yeni mövqelərdə inşa olunan əsgəri-məişət kompleksləri, ön xətdə xidmətin rahat və etibarlı təşkili üçün yaradılan şərait bir daha ordumuzun qüdrətini nümayiş etdirirdi. 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyev Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi Günnüt əməliyyatını peşəkarlıq və məharətlə həyata keçirilən uğur adlandırıb: “Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi. Azərbaycan hərbçisi bir daha qəhrəmanlıq, rəşadət göstərmişdir. Naxçıvan əməliyyatı bir daha onu göstərdi ki, Azərbaycan Ordusu güclü ordudur”.

Hələ bu ərazilər işğaldan azad olunan zaman hərbi mütəxəssislər bildirirdilər  ki, Əlahiddə Ümumqoşun Ordunun həyata keçirdiyi bu əməliyyat nəticəsində əldə edilən həmin yüksəkliklər, gələcəkdə nəinki Naxçıvan istiqamətində, hətta Qarabağın işğaldan azad edilməsi istiqamətində də mümkün genişmiqyaslı hərbi əməliyyatların gedişatını təyin edə bilər. Və elə deyilən kimi də oldu.

     Cənab Prezidenin Naxçıvana son səfəri zamanı da qeyd etdiyi kimi: “Günnüt əməliyyatı, biz də dediyim kimi, bunun üstünü vurmaq istəmədik. Amma ondan sonra Ermənistanın artıq devrilmiş hakimiyyətinin jurnalist nümayəndələri gedib bizim yeni postlarımızı çəkib, bunu internetdə qoyubdur, paylaşıbdır və ondan sonra Ermənistanda hay-küy qalxdı. Onda mən dedim ki, daha biz də niyə gizlətməliyik? Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədrinə tapşırıq verdim ki, siz də məlumat verin, çəkiliş qrupu göndərin və çəkiliş qrupu getdi, həmin o yüksəklikləri gördü. Yəni, Günnüt əməliyyatı Naxçıvan Ordusunun potensialını göstərdi, Azərbaycan Ordusunun potensialını göstərdi”.

      Bu gün artıq günnütlülər ata-baba yurdlarında  rahat şəkildə ordumuza arxalanaraq öz təsərrüfatlarını genişləndirirlər. Bu yurdun əsl sahibləri indi burda həm  heyvandarlıq, həm də  arıçılıqla məşğul olurlar.

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin uğurla davam etdirilməsinin nəticəsidir ki, hər bir vətəndaşımız rahat, sabitlik şəraitində yaşayır, Azərbaycan əsgərinə güvənərək öz gündəlik fəaliyyəti ilə məşğul olur. Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti qədim hərb ənənələrinə və mübarizə tarixinə malik olan Naxçıvanımızın müdafiəsində cəsarətlə dayanır, ümummilli lider Heydər Əliyevin ideyalarına sadiq qalaraq müstəqilliyimizin qorunmasında və ölkəmizin ərazi bütövlüyünün təmin olunmasında öz vəzifələrini şərəflə yerinə yetirir. Deməli, nə bu gün, nə də gələcəkdə heç bir düşmən əli bu torpaqlara uzana bilməz.

          Bəli, illər öncə Günnüt zəfərində iştirak edən igid oğullarımız 44 günlük  Vətən savaşımızda da, Qarabağımızın azadlığa qovuşmasında da xüsusi şücaət göstərdilər.

    İstər Günnüt, istərsə də Qarabağ zəfəri  zamanı vətənin qəhrəman və igid oğulları düşməni  bir daha vəlvələyə saldı. Düşmən işğal etdiyi ata-baba torpaqlarımızda müvəqqəti yaşadığını, tezliklə bu yurd yerlərini əsl sahiblərinə qaytarmalı olduqlarını  bir daha əyani şəkildə gördülər. Bəli, o gün gəldi çatdı.  Günnüt zəfəri ilə qələbəni ruhunda hiss edən şanlı  Azərbaycan ordusu  işğal altındakı  digər torpaqlarımızda da  üçrəngli bayrağımızı dalğalandırdı. Bu gün qalib Azərbaycan əsgəri  Günnüt dağlarından Şuşaya, Cıdır düzünə “Mübariz” və “Polad” addlımlarla irəlilədi. Qarabağda zəfər savaşında döyüşən, qələbə paradında iştirak edən  igid  Azərbaycan  əsgərim,səninlə qürur duyuruq!

Ramal Məmişov

 Jurnalist

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR