22 May 2024, Çərşənbə


  “...Azərbaycanın bəxti onda gətirib ki, tarixinin ən  mürəkkəb və həlledici məqamlarında ona

dahi şəxsiyyət Heydər Əliyev rəhbərlik  edib”.

Bəşəriyyətin yaşanmış tarixi erası dünyaya xeyli məşhur şəxsiyyətlər, əbədiyaşar simalar bəxş etmişdir. Onların  arasında siyasətçilər, ictimai və dövlət xadimləri, sərkərdələr, diplomatlar vardır. Lakin özündə məşhur siyasətçi, təkrarsız ictimai və dövlət xadimi, mahir diplomat, yenilməz sərkərdə ,tədbirli straterq,böyük iqtisadi layihələrin memarı, mədəniyyətin və incəsənətin hamisi kimi məfhumları birlikdə ehtiva edən şəxsiyyət yox dərəcəsindədir.

Bu baxımdan Azərbaycan xalqının öyünməyə haqqı vardır. XX əsrin ikinci yarısında öz tarixinin keşməkeşli inkişaf dialektikasından doğan və yuxarıda qeyd etdiyimiz ən ümdə xüsusiyyətləri özündə  əxz edən böyük insana-dahi rəhbərə sahib oldu.Bu, Azərbaycan xalqının sıravi bir oğlundan onun ümummilli lideri səviyyəsinədək yüksəlmiş Heydər Əlirza oğlu Əliyevdir.

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində mühüm yer tutan Heydər Əliyev epoxasının hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Onun hər bir səhifəsi, hər bir sətri ümummilli liderimiz Heydər Əliyevin qüdrətli əlləri ilə yazılmışdır. Azərbaycanı bəşər sivilizasiyasının beşiyi olan ölkələrdən biri, xalqımızı isə zəngin və unikal bir mədəniyyətin övladları adlandıran dahi şəxsiyyətin ən böyük xidmətlərindən biri də məhz xalqımızın şərəfli tarixi keçmişini bərpa etməsi, milli-mənəvi irsimizin dəyərlərini, milli adət-ənənələrimizi yaşatması, Azərbaycançılıq məfkurəsinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin hər cür buxovlardan azad olunaraq, öz həqiqi təsdiqini tapması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik arzularımızın reallaşmasına nail olmasıdır.

    Ulu öndərimiz Heydər Əliyevin həyatının mənası Azərbaycan idi. Azərbaycanın inkişafı və tərəqqisi idi. Ümummilli liderimizin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuş, Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsasları və müstəqillik konsepsiyası hazırlanmışdır.

 Xalqımızın böyük oğlu özündən sonra gələcək nəsillər üçün çox zəngin irs qoymuşdur. Bu irs bütöv bir idarəçilik məktəbini, xalqımızın özünütəsdiq, həmrəylik və milli dövlətçilik şüurunu, çağdaş ictimai-siyasi fikrin ən ümdə keyfiyyətlərini özündə ehtiva edir. Milli özünüdərkin yüksək siyasi ifadəsi olan müstəqil dövlət ideyası ən yeni tariximizdə məhz xalqımızın böyük oğlu Heydər Əliyevə məxsusdur. Onun Azərbaycana rəhbərliyinin birinci dövrü ölkəmizdə ictimai-siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində möhtəşəm quruculuq dövrü olmuşdur. Qətiyyətlə demək olar ki, müasir müstəqil Azərbaycan dövləti məhz ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci dövründə – 1969-1982-ci illərdə yaradılmış təməl üzərində qurulmuşdur. Görkəmli dövlət xadimi ilk dəfə respublikaya rəhbər seçiləndən sonra müasir sənaye komplekslərinin yaradılması, kənd təsərrüfatının, sənayenin, elmin, mədəniyyətin, incəsənətin inkişafı istiqamətində qətiyyətli addımlar atılmış, ölkəmiz sürətlə inkişaf edərək Sovet İttifaqında ən qabaqcıl yerlərə çıxmışdır. 
     Ümummilli liderimiz 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində bu barədə deyirdi: “Azərbaycanın müasir tarixində 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji bütün 70-ci illərin bariz əlamətinə çevrildi. 1970-1985-ci illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Bu gün tam əminliklə söyləmək olar ki, Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha dərindən inteqrasiya olunması hələ 1970-1985-ci illərdə təməli qoyulmuş xalq təsərrüfatı potensialına əsaslanır”.

Həmin illərdə ulu öndərin qarşıya qoyduğu prioritet vəzifələrdən biri də elmin və təhsilin inkişafı idi. Kənd yerlərində məktəblərin sayının sürətlə artırılması gənc nəslin maarifləndirilməsində, hərtərəfli biliyə yiyələnməsi istiqamətində böyük əhəmiyyət kəsb edirdi. Həmin dövrdə Azərbaycanın şəhər və kənd­lərində 700-ə qədər məktəb binası istifadəyə verilmiş, ali məktəblərin sayı 12-dən 17-yə, təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırılmışdır. Məhz ulu öndər Heydər Əliyevin gərgin səyi nəticəsində azərbaycanlı gənclər təhsillərini davam etdirmək üçün keçmiş SSRİ-nin qabaqcıl elm və təhsil mərkəzlərinə göndərilmişdir. Həmin gənclər təhsillərini başa vurduqdan sonra yenidən respublikaya dönərək müxtəlif sahələrdə öz fəaliyyətlərini davam etdirmişlər. Bu da sərt sovet rejimində milli kadrların yetişdirilməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. 

 Sovetlər Birliyi dövründə ulu öndərimiz Heydər Əliyevin Azərbaycan naminə həyata keçirdiyi müdrik siyasətə diqqət çəkən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “SSRİ dönəmində Azərbaycanın iqtisadiyyatının, elm və mədəniyyətinin inkişafına, milli kadrların yetişdirilməsinə böyük səylər qoyan Heydər Əliyev nə vaxtsa ölkəmizin müstəqil olacağına inanırdı. Təbii ki, o zamanlar bütün bu işlər görülməsəydi, müstəqil dövlət quruculuğu vəzifəsinin həyata keçirilməsi çox ciddi çətinliklərlə qarşılaşardı”.

1982-ci ildə ümummilli liderimizin SSRİ-də rəhbər vəzifəyə irəli çəkilməsindən sonra Azərbaycanın hərtərəfli inkişafı ilə yanaşı, xalqımızın dünya arenasında tanıdılması və təbliği istiqamətində görülən işlərin miqyası daha da genişləndirilmişdir. 1982-87-ci illərdə Heydər Əliyev şəxsiyyətinə görə keçmiş Sovetlər Birliyində Azərbaycanla hesablaşır, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmirdi. Azərbaycanın inkişafını dayandırmaq, parçalamaq üçün yeganə bir yol vardı – ölkəni Heydər Əliyev inkişaf xəttindən uzaqlaşdırmaq. Nəhayət, 1987-ci ildə bu məkrli plan həyata keçirildi, ümummilli liderimiz rəhbər vəzifədən uzaqlaşdırıldı. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Ölkəmizin suverenliyinə edilən qəsd tarixi torpaqlarımızın 20 faizinin Ermənistan tərəfindən işğalı ilə nəticələndi, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı Xocalı soyqırımı törədildi.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov həmin dövrü təhlil edərək demişdir: “Bu dövr nəyi göstərdi? Onu göstərdi ki, Azərbaycanın nicatı Heydər Əliyev ideyalarında, Heydər Əliyev yolundadır. Xalqın bundan kənarda özünütəsdiqi, ölkənin bundan kənarda inkişafı mümkün deyil”. 

Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, Azərbaycançılıq uğrunda xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq, 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə ozamankı Sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi. Bu kəskin bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtdı. Və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi.

Ulu öndərimizin rəhbərliyi ilə 1990- 1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında tarixi qərarlar qəbul edildi, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması üçün ardıcıl tədbirlər görüldü. Üçrəngli bayrağımızın ilk dəfə olaraq 1990-cı il noyabrın 17-də ulu öndərin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclas zalında qaldırılması, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözlərinin çıxarılması, SSRİ-nin qorunub saxlanması ilə bağlı keçirilən referendumda Naxçıvan Muxtar Respublikasının iştirak etməməsi, aqrar islahatların keçirilməsinə, Azərbaycanda ilk milli ordu quruculuğuna Naxçıvan Muxtar Respublikasından başlanılması müstəqil dövlətçilik yolunda atılan uğurlu addımlar idi.
Ölkəmizdə 1969-cu ildə əsası qoyulan dirçəliş və inkişaf strategiyası nəticəsində yaranmış iqtisadi potensial XX əsrin 80-ci illərinin sonundan başlayaraq dağıdılıb bərbad hala salınsa da, 1993-cü ildən sonra yenə bu müdrik insanın böyük iradəsi və səyləri ilə bərpa edilmişdir. 1993-cü ilin iyununda əldən getməkdə olan dövlət müstəqilliyini Azərbaycana dahi şəxsiyyət Heydər Əliyev qaytarmışdır. Dağılıb məhv olmaq təhlükəsi ilə üz-üzə qalan ölkəmizi məhz ümummilli liderimiz təlatümlər burulğanından xilas etmiş, möhkəm ictimai-siyasi sabitlik yaratmış, Azərbaycanı ötən əsrin 70-ci illərindən başlanan quruculuq xəttinə qaytararaq hərtərəfli inkişaf yoluna çıxarmışdır. 
    Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərimiz Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışının zəruriliyindən danışarkən demişdir: “Millətlərin gücü və yenilməzliyi onların liderlərindən asılıdır. Lideri olmayan ölkə, xalq müstəqillik əldə edə və yaxud əldə olunmuş müstəqilliyi qoruyub saxlaya bilməz. Xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də ulu öndərimizin ikinci dəfə ali hakimiyyətə qayıdışı Azərbaycanı dağılmaq, bir dövlət kimi siyasi xəritədən silinmək təhlükəsindən xilas etdi. 15 iyun ən yeni tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu”.

Belə bir mürəkkəb vəziyyətdə yeni, müstəqil Azərbaycan dövlətini qurmaq missiyasına başlayan ümummilli lider nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə demokratik, hüquqi dövlət yaratmağa müvəffəq olmuşdur. Azərbaycan dövlətinin qurucusu, xalqımızın xilaskarı ulu öndər Heydər Əliyev deyirdi ki, azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, möhkəmləndirmək və inkişaf etdirmək ondan qat-qat çətindir.

Ümummilli lider Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Böyük öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modelini yaratmışdır. İctimai-siyasi sabitlik bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biri kimi çıxış etmişdir. Ulu öndər o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdi: “Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir”.
   Ulu öndərimizin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan vermişdir. 1993-cü ildən sonra ölkəmizdə aparılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik, yerləşdiyi bölgədə lider ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublikasının yaradılmasına səbəb olmuşdur.

Ümummilli liderimizin bütün ömrü mənsub olduğu xalqa təmənnasız xidmətdə keçmişdir. O nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etmişdir, həm də əsasını qoyduğu dövlətçilik xəttini davam etdirməyə qabil böyük bir idarəçilik məktəbi formalaşdırmışdır. Dahi şəxsiyyət özünün qurub-yaratdığı, şah əsəri olan müstəqil Azərbaycanın taleyini Heydər Əliyev məktəbinin layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etmişdir. Xalqımız Heydər Əliyev siyasətini uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi altında daha böyük uğurlar qazanır. Ötən hər gün Azərbaycanı daha böyük tərəqqiyə qovuşdurur.

İllər, qərinələr ötdükcə Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin tarixi xidmətləri, bir insan ömründə yaratdığı xarüqələr daha aydın görünəcəkdir. Zaman keçdikcə ulu öndərimizin böyüklüyünü daha çox hiss edəcəyik. O, Azərbaycanın yalnız bu gününü düşünmürdü, xalqımızın sabahını, dövlətimizin gələcəyini düşünürdü. Mənalı ömrünü öz xalqına həsr etmiş ulu öndərimizin siyasi irsi dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, ümummilli liderimizin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə bundan sonra da faydalanacaqdır.

O, xilaskarlıq üçün doğulmuşdu. Bütün ömrünü bu işə sərf etdi. O, birinci dəfə xalqını gerilikdən çıxarıb yüksəltməklə xilas etdi. İkinci dəfə xalqını parçalanıb məhv olmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. O, xalqı ilə yaşadı, xalqını yaşatdı. Hələ sağlığında xalqın qəlbində özünə əbədi abidə ucaldan, millətin ümummilli liderinə çevrilən Heydər Əliyev Azərbaycan xalqı durduqca onunla yaşayacaqdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Nə qədər Azərbaycan var, Heydər Əliyev də olacaqdır. Biz – ulu öndərin davamçıları onun yolu ilə gedəcəyik, Azərbaycanı gücləndirəcəyik, müstəqilliyimizi qoruyacağıq”. 

Sədaqət RƏSULOVA

Naxçıvan Dövlət Universiteti Xarici Dillər fakültəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR