22 May 2024, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 10-da Naxçıvan Muxtar Respublikasına tarixi səfəri, bir sıra sosial obyektlərin açılışında iştirakı və onlarla tanış olması, görülmüş işlərə yüksək dəyər verməsi blokada şəraitində yaşayan muxtar respublikada həyata keçirilən kompleks quruculuq tədbirlərinə verilən ən böyük qiymətdir. Prezidentin hər səfəri Naxçıvanın yüksəlişindən xəbər verməklə yanaşı, həm də bu bölgənin inkişafında yeni mərhələnin əsasını qoyur.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin dövlətimizin başçısının muxtar respublikaya tarixi səfəri və onun nəticələrinə həsr olunmuş qeydlərini təqdim edirik:

 Zəngin təəssüratlarla yadda qalan ilk səfər

Prezident İlham Əliyev ardıcıl olaraq Azərbaycanın bölgələrinə səfərlər edir, görülmüş işlərlə yerindəcə tanış olur, açılışlar edir, yeni müəssisələrin təməlini qoyur, məsləhət və tövsiyələrini verir. Dövlət başçısı Prezident kimi Naxçıvana 15 səfər edib. Birinci səfər 2004-cü il mayın 12-14-də olub.

Həmin dövrdə də Naxçıvan Muxtar Respublikasında baş verən müsbət dəyişikliklər diqqəti cəlb edirdi. Bu səfər, ilk növbədə, çoxsaylı sosial obyektlərin açılışı, yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması, muxtar respublikanın həyatında müstəsna əhəmiyyətə malik tikinti sahəsi olan Vayxır Su Anbarında aparılan inşaat işləri ilə tanışlıq və ən əsası blokada şəraitində yaşayan sadə naxçıvanlılarla mehriban, səmimi təmaslarla yadda qaldı. Prezident İlham Əliyev Naxçıvan Beynəlxalq Hava Limanının, Əlillərin Bərpa Mərkəzinin, AMEA Naxçıvan Bölməsinin yeni korpusunun, Naxçıvan Üzgüçülük Mərkəzinin, Naxçıvan Dövlət Universitetinin kitabxana binasının, Respublika Xəstəxanasında kompüter tomoqrafiyası kabinetinin açılışlarında iştirak edib, Heydər Əliyev adına Təhsil Kompleksində aparılan tikinti, təmir və bərpa işləri ilə tanış olub, həyata keçirilən quruculuq işlərindən razı qaldığını bildirərək deyib: “Mən üçüncü gündür ki, Naxçıvandayam. Çox sevinirəm ki, bu qədim diyar belə surətlə inkişaf edir. Çətin vəziyyətdə, blokada şəraitində yaşayan Naxçıvan uğurla inkişaf edir. Bu inkişaf bütün sahələri əhatə edir. Naxçıvanda ümumi daxili məhsulun artımı çıx yüksəkdir. Ümumi daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil edir. Deməliyəm ki, bu göstərici Azərbaycan üzrə 75 faizdir. Naxçıvan bu sahədə də liderdir və əminəm ki, bu liderliyi gələcəkdə də əldən verməyəcəkdir”.

2004-cü ildə böyük quruculuq, abadlıq işləri aparılmaqla yanaşı, qazlaşdırma, enerji və bəzi tikinti materialları sahəsində olan problemlərin aradan qaldırılması istiqamətində də işlər görülməkdə idi. Prezident İlham Əliyev qeyd etmişdi ki, “Naxçıvan Azərbaycanda yeganə yerdir ki, buraya təbii qazın verilməsi hələ mümkün deyil. Qışda havalar soyuq keçir. Bəzi hallarda elektrik enerjisinin verilməsində problemlər yaranır. Amma biz bütün bu prosesləri həll edəcəyik”.

Prezidentin 15-ci səfəri də Naxçıvanın

öz nailiyyətlərini daha da artırmasına ciddi təkan verəcək

Prezidentin Naxçıvana 15-ci səfəri də xalqımız, muxtar respublikamızın sakinləri üçün yaddaqalan oldu. II Qarabağ müharibəsində qələbəmizdən sonra ulu öndər Heydər Əliyevin doğum günündə Prezident İlham Əliyev Naxçıvana gəldi, sosial obyektlərin açılışını etdi, görülmüş işlərlə tanış oldu və həmişə olduğu kimi, muxtar respublikada həyata keçirilmiş tədbirlərə yüksək qiymət verdi.

Dövlətimizin başçısı Naxçıvan Beynəlxalq Hava Limanının yeni uçuş-enmə zolağının təqdimatında, Əlahiddə Ümumqoşun Ordunun hərbi aerodromunun açılışında, “Azərxalça” ASC-nin Naxçıvan filialının, Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının, Süni Mayalanma Mərkəzinin, Culfa-Ordubad magistral yolunun, “Ordubad rayon mərkəzi və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin açılışında iştirak etdi, Ordubad Su Elektrik Stansiyasının tikintisi, Ordubad dəmir yolu stansiyası, “Asan xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış oldu, Naxçıvan şəhər qəbiristanlığında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etdi. Sakinlərlə görüşdə dövlətimizin başçısı Naxçıvan Muxtar Respublikasında görülmüş işləri çox yüksək qiymətləndirərək deyib: “Respublika inkişaf edir, çiçəklənir, bütün məsələlər öz həllini tapır-təhlükəsizlik, sosial-iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, infrastruktur layihələri uğurla icra edilir...”.

Prezident Azərbaycan Televiziyasına müsahibəsində də Naxçıvanda görülən işləri yüksək qiymətləndirdi: “Naxçıvan sürətlə inkişaf edir. Bütün sahələr üzrə işlər müsbət istiqamətdə gedir... Qazlaşdırmanın səviyyəsi artıq 100 faizə çatıb. Elektrik enerjisi ilə təchizat 100 faizə çatıb və Naxçıvanda çox böyük enerji potensialı yaradılıb.

Bütün şəhərlər artıq magistral yollarla bir-birinə bağlanıbdır... Yollar çox keyfiyyətlə tikilir. İçməli su layihələri bütün şəhərləri əhatə edir...

Sənaye potensialı inkişaf edir, artır. Naxçıvan Muxtar Respublikası son 20 il ərzində iqtisadi artımın templərinə görə rekordsmen bölgədir. Ümumi daxili məhsul 10 dəfədən çox artıb...

Bir sözlə, muxtar respublika hərtərəfli inkişaf edir və bu gün Naxçıvan ölkəmizin ən inkişaf etmiş bölgələrindən biridir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına hər səfərində olduğu kimi, 15-ci səfəri də muxtar respublikanın öz nailiyyətlərini daha da artırmasına ciddi təkan verəcəkdir.

Naxçıvana ən müasir hərbi texnikanın gətirilməsi

onun etibarlı müdafiəsini təmin edir

Məlumdur ki, Naxçıvan Muxtar Respublikasının sərhədləri üç tərəfdən düşmən ölkə Ermənistanla əhatə olunub. Bunu nəzərə alan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində bu gün muxtar respublikanın ərazisi etibarlı şəkildə qorunur. Bunun üçün də dövlətimizin başçısının qeyd etdiyi kimi, burada Əlahiddə Ümumqoşun Ordu yaradılıb və ordu ən müasir silah və texnika ilə təchiz edilib. Bir neçə il bundan əvvəl Naxçıvanda keçirilən hərbi paradda silah və texnikaların bir qismi nümayiş etdirilib. Naxçıvana ən müasir, ən son texnologiyaya əsaslanmış texnika gətirilir. Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində də qeyd edildiyi kimi, “Azərbaycan Ordusuna xaricdən gətirilmiş texnikaların böyük əksəriyyətinin nümunələri Naxçıvan Muxtar Respublikasında mövcuddur”. Hətta İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunda olan silah və sursatların bir hissəsindən uğurla istifadə edilib və düşmənə layiqli cavab verilib. Ümumiyyətlə, Naxçıvan Muxtar Respublikasına ən müasir, ən son texnologiyaya əsaslanmış hərbi texnikanın gətirilməsi onun etibarlı müdafiəsini təmin edir.

Muxtar respublikaya son səfərində ölkə rəhbəri hərbi hospitalın açılışında da iştirak edib. Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin təmin edilməsində, hərbçilərin xidmət və məişət şəraitinin yaxşılaşdırılmasında bu obyektin böyük önəmi var. Son illərdə ölkəmizdə ordumuzun formalaşması və inkişafına böyük diqqət və qayğı göstərilir. Hərbi səhiyyə müəssisələrinin yaradılması, onların müasir cihaz və avadanlıqlarla təchiz edilməsinə çox böyük diqqət yetirilir. Məhz bu qayğı nəticəsində Naxçıvan Qarnizonunun Mərkəzi Hospitalı istifadəyə verildi və 290 çarpayılıq bu hospital muxtar respublikanın ən böyük tibb müəssisəsidir. Xəstəxananın fəaliyyətə başlaması, 2021-2022-ci tədris ilindən Naxçıvan Dövlət Universitetində Hərbi tibb ixtisası üzrə kadr hazırlığına start verilməsi muxtar respublikada hərbi tibbi xidmət səviyyəsinin də yüksəlməsinə öz töhfəsini verəcək.

Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş qabiliyyətini bir daha göstərdi

Günnüt əməliyyatı Azərbaycan Ordusunun döyüş qabiliyyətini əyani şəkildə göstərdi. 2018-ci ildə Günnüt əməliyyatı nəticəsində 11 min hektar ərazi düşməndən azad edildi. Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı və yüksəklikləri Azərbaycan Ordusunun nəzarətinə keçib. Günnüt ərazisinin əhəmiyyətindən bəhs edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində deyib: “Günnüt əməliyyatı nəticəsində bir çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi”.

Ümumiyyətlə, Günnüt əməliyyatı bir neçə cəhətlə xarakterizə olun bilər. İlk növbədə, ərazi düşməndən təmizləndi, heç bir itkiyə yol verilmədi, bu da Əlahiddə Ordunun nəyə qadir olduğunu göstərdi. Strateji yüksəkliklər əldə edildi və bu, imkan verdi ki, Azərbaycan Ermənistandan Dağlıq Qarabağa gedən yola tam nəzarət edə bilsin. Strateji yüksəkliklərin geri qaytarılması İkinci Qarabağ müharibəsində bir çox informasiyaların əldə edilməsində mühüm rol oynadı. Əlbəttə, buna digər xüsusi məqamları da əlavə etmək olar. Lakin ümumilikdə, yuxarıda qeyd olunanlar Günnüt əməliyyatının tarixi əhəmiyyətini vurğulamaq baxımından kifayət edər.

Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun hissələri

qəhrəmanlıqları ilə yadda qaldı

İkinci Qarabağ müharibəsində tarixi Zəfərin qazanılması bir çox amillərlə bağlıdır. Qələbə, ilk növbədə, Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəlik məharəti, diplomatik bacarığı, Azərbaycan Ordusunun qələbə əzmi və hakimiyyət-xalq-ordu birliyi nəticəsində əldə edildi. Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun müharibəyə cəlb edilmiş hissələri də öz qəhrəmanlıqları, böyük fədakarlıqları ilə diqqəti cəlb etdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri - həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”. O da məlumdur ki, müharibənin davam etdiyi günlərdə Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Həmin qruplar bir sıra ərazilərin düşməndən azad edilməsində, xüsusilə Şuşanın alınmasında qəhrəmanlıq göstərmələri ilə yadda qaldılar.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri zamanı Naxçıvan şəhər qəbiristanlığında uyuyan Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət etməsi də əsl sərkərdənin daxili mənəvi tələbatından irəli gəlirdi. Şəhidlərə dərin ehtiram Ali Baş Komandanın şəhid ailələrinə göstərdiyi nümunənin ifadəsi idi.

“Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”

İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları 10 noyabr Bəyanatının 9-cu bəndi Zəngəzur dəhlizi ilə bağlıdır. “Zəngəzur” sözü türkdilli “zəng tayfasının adından yaranıb və tarixi Azərbaycan ərazisidir. Naxçıvanı Azərbaycandan ayrı salmaq üçün 1920-ci ilin dekabrında Sovet Rusiyası Qərbi Zəngəzuru (Mehri, Gorus, Qafan və Sisian rayonları, təqribən 3400 kvadratkilometr) Ermənistana verib. Faktiki olaraq 46 kilometr ərazi Ermənistan-İran sərhədinə çevrilib və bu ərazidən sonradan Naxçıvana, eyni zamanda, İrəvana dəmir yol xətti çəkilib. 1990-cı il hadisələrində Ermənistan bu yoldan Naxçıvana gələn qatarların hərəkətinə mane olub, sonradan isə həmin dəmir yolunu dağıdıb. 30 ilə yaxındır ki, qatarlar Naxçıvana gələ bilmir. Bəyanatda Zəngəzur dəhlizinin açılması nəzərdə tutulsa da, ermənilər hələlik buna mane olmaqda davam edirlər.

Prezident İlham Əliyev Horadiz-Ağbənd dəmir yolunun çəkilməsinə göstəriş verib, həmin dəmir yolunun inşası aparılır. Bu dəmir yolunun bərpasından sonra dəmir yolu xətti Ordubad dəmir yolu stansiyası ilə birləşdiriləcək. Prezident İlham Əliyev Naxçıvana səfərində Ordubad dəmir yolu stansiyası ilə tanış olub və bununla əlaqədar deyib: “Mən təsadüfən Ordubad dəmir yolu stansiyası ilə tanışlığa gəlməmişəm. Çünki bunun da çox böyük rəmzi mənası var. Bu yaxınlarda buradan təqribən 50-60 kilometr uzaqlıqda yerləşən Mincivan qəsəbəsinin ermənilər tərəfindən dağıdılmış dəmir yolu stansiyasında baxış keçirdim. Orada dəmir yolu mövcud deyil. Mənfur düşmən bütün dəmir yolu infrastrukturunu dağıdıbdır, talan edibdir. Orada bir mərkəz olacaq, burada bir mərkəz olacaq. Zəngilanı Naxçıvanla ayıran cəmi 40 kilometrlik Zəngəzur dəhlizidir, hansı ki, açılmalıdır və açılacaqdır”.

Ulu Öndərin səyi nəticəsində 57 dövlət ermənilərin Naxçıvana basqın etməsinə etirazını bildirmişdi

Tarixə nəzər salaq. Ulu öndər Heydər Əliyev həm Sovet Azərbaycanına, həm də Müstəqil Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə onun hərtərəfli inkişafına və ərazi bütövlüyünün qorunmasına çalışıb. Bugünkü Zəfərin əldə edilməsində Ümummilli Liderin hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinə rəhbərlik etdiyi dövrün böyük əhəmiyyəti olub. İlk dəfə 1992-ci ilin avqust-sentyabr aylarında rus qoşunları silah, sursat, əmlak və tikintiləri yeni yaranmaqda olan Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə təhvil verərək Naxçıvanı tərk ediblər. Sərhədlər öz sərhəd qoşunlarımız tərəfindən qorunmağa başlanılıb. 1992-ci ilin oktyabr ayının 9-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 1-ci ildönümü münasibəti ilə hərbi parad keçirilib. Azərbaycanda ilk ordu hissələri Naxçıvanda yaradılıb. Naxçıvanın qorunmasında, müdafiə olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub, ermənilərin Naxçıvana basqın etmələrini beynəlxalq səviyyədə bəyan edib və bununla əlaqədar 57 dövlətin etirazı olub.

Bəzi ölkələrin başqalarının daxili işlərinə qarışmağa

cəhd göstərməsi qəbuledilməzdir

SSRİ hökumətinin məkrli siyasəti nəticəsində Azərbaycanın ayrılmaz parçası olan Qarabağın dağlıq hissəsində ermənilər yerləşdirilib (XIX əsr boyu), 1921-ci ildə isə onu Ermənistana birləşdirmək istəyiblər. Lakin Azərbaycan XKS-in sədri Nəriman Nərimanovun qətiyyətli mövqeyi sayəsində bu, baş tutmayıb. Belə olan halda 1923-cü il iyulun 7-də Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilib. Bununla da gələcək faciələrin əsası qoyulub. XX əsr boyu Dağlıq Qarabağı Ermənistana birləşdirmək üçün ermənilər dəfələrlə cəhd göstəriblər. Ermənipərəst M.Qorbaçovun hakimiyyəti dövründə ermənilər Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu da işğal edə biliblər. Azərbaycan parlamenti 1992-ci ildə Dağlıq Qarabağın statusunu ləğv edib və bu gün də belə status yoxdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müsahibə və çıxışlarında bu məsələyə qəti mövqeyini bildirib. Bir sıra ölkələr, xüsusilə Fransa və Kanada məsələyə yenidən qayıtmaq, status məsələsini gündəmə gətirmək istəyirlər. Ermənipərəst mövqeləri ilə seçilən bu dövlətlərin rəhbərləri görünür nəyi və necə həll etməyi bilmirlər. Öz problemlərini qoyub, başqa ölkənin daxili işlərinə qarışmaq heç də düzgün deyil, qəbuledilməzdir. Erməniləri elə çox istəyirlərsə, öz ölkələrində onlara status verə bilərlər.

Prezident İlham Əliyev Naxçıvanda verdiyi müsahibədə Fransa və Kanadanın tutduqları mövqeyə münasibət bildirərək deyib: “Münaqişə həll olunub, bu, bir. Hesab edirəm ki, bu məsələ ilə məşğul olmuş tərəflər və bu məsələ ilə məşğul olmaq istəyən, bilmirəm nəyə görə, ölkələr bunu nəzərə alsınlar. Çünki bəzən buradan dünyanın o başında yerləşən ölkələr bizim münaqişə ilə bağlı, yaxud da ki, Azərbaycanda gedən proseslərlə bağlı bəyanatlar verirlər. Bu, qəbuledilməzdir... Kanadanın Xarici İşlər Nazirliyi Azərbaycanla, bizim daxili işlərimizlə bağlı bəyanat verir. Nə haqqı var? Kim buna belə bir haqq verib? Özünü nə sayır Kanada?

Mən Fransa Xarici İşlər Nazirliyinin bəyanatını rədd edirəm. Bu, qəbuledilməzdir...

O ki qaldı, bəzi siyasətçilər Dağlıq Qarabağın - deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkələrində onlar üçün yaxşı yer seçsin...”.

Ermənistan II Qarabağ müharibəsində biabırcasına məğlub olsa da, yenə də havadarlarının sözlərinə inanaraq bəzi revanşist qüvvələr təxribatlar törətmək, əraziləri geri qaytarmaq xülyaları ilə yaşayırlar. Təəssüf ki, onlar keçmişin acı təcrübəsindən nəticə çıxara bilməyiblər. Lakin “Dəmir yumruq” yerindədir. Əgər hər hansı qüvvə Azərbaycan üçün təhlükə törədərsə, yerindəcə məhv ediləcək.

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR