23 Dekabr 2024, Bazar ertəsi

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr ­tarixli Qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü kimi qeyd olunur.
Kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinin təmin edilməsı hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biridir. Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir.

Azərbaycanda söz, fikir və mətbuat azadlığına ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyəti nəticəsində nail olunmuşdur. Görkəmli dövlət xadiminin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışından sonra müstəqil dövlət quruculuğunda mühüm rol oynayan kütləvi informasiya vasitələrinin cəmiyyətdə ictimai nüfuzunun artması, fəaliyyət dairəsinin genişlənməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi, qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində ardıcıl işlər görülmüşdür. Ümummilli liderin “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərmanı ilə ölkəmizdə senzura ləğv edilmiş, mətbuat cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevrilmişdir. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur. Müdrik dövlət rəhbəri deyirdi: “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”.
Bu gün ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Ölkə Prezidenti söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayaraq demişdir: “Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.
Bu gün muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra muxtar respublikanın bütün mətbuat orqanlarının normal fəaliyyəti üçün əlverişli şərait yaradılmış, onların maddi-texniki bazası gücləndirilmişdir. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması bu sahənin inkişafını keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir. Hazırda muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriyyəliliyi təmin edilmişdir.
2010-cu ildə “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni binanın istifadəyə verilməsi və müasir mətbəə avadanlıqlarının quraşdırılması qəzetlərin günün tələblərinə uyğun nəşrinə şərait yaratmışdır. Bu gün muxtar respublikada bütün qəzet və jurnallar yüksək poliqrafik keyfiyyətlə nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə mətbuat sahəsində çalışanların əməkhaqları artırılmış, əməyi ilə fərqlənən jurnalistlər fəxri adlara layiq görülmüşlər. Hazırda muxtar respublikada “Şərq qapısı” ilə yanaşı, 8 şəhər və rayon qəzeti, universitet televiziya və radiosu da daxil olmaqla, 3 televiziya, 3 radio və 6 nəşriyyat fəaliyyət göstərir, kütləvi informasiya orqanlarında 400-dən artıq əməkdaş çalışır.
Ali Məclis Sədrinin mətbuat orqanlarına olan hərtərəfli qayğısı kütləvi informasiya vasitələrində keyfiyyət dəyişikliyinin yaranmasına səbəb olmuşdur. Bunun nəticəsidir ki, qəzetlərin maddi-texniki bazası mərhələli şəkildə möhkəmləndirilmiş, yaradıcılıq imkanları artırılmışdır. Görülən işlərin davamı kimi 2018-ci ildə “Şərq qapısı”, şəhər və rayon qəzetlərinə, Televiziya və Radio Şurasına ümumi dəyəri 250 min manata yaxın olan müxtəlif avadanlıqlar alınmışdır. Ötən 2 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə dövlət teleradiosuna yeni çəkiliş və efir avadanlıqları alınmışdır. Bu il Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 21 yanvar tarixli Fərmanı ilə Ali Məclisin Sədri yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi yaradılmışdır. Ali Məclis Sədrinin 17 mart 2021-ci il tarixli Fərmanı ilə isə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin əsasında “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradılmışdır ki, bu da televiziya və radio fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsində yeni mərhələnin başlanmasına imkan vermişdir.
Bu gün “Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, o cümlədən “Naxçıvanın səsi” radiosu və “Kanal 35” televiziyası ən müasir rəqəmsal bazaya malikdir. Cəmiyyətin 2016-cı ildə saytı istifadəyə verilmiş və televiziya internet üzərindən yayıma başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 6 fevral tarixli Sərəncamına əsasən “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin saytı hazırlanmışdır. Hazırda “Nuhçıxan” İnformasiya Agentliyi muxtar respublika ilə bağlı ən mühüm informasiya, təhlil və analitik məqalələri, foto və videoinformasiyaları dünyaya çatdırır. Bununla bərabər, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu bu ilin əvvəlindən təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Həyata keçirilən mühüm tədbirlər, o cümlədən internet resurslarından geniş istifadə üçün yaradılmış şərait muxtar respublikada fəaliyyət göstərən mətbu orqanları tamamilə əhatə etmişdir. Ötən dövrdə muxtar respublikanın şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə müasir poçt xidmətlərinin təşkil olunması dövri mətbuatın oxuculara vaxtında çatdırılmasını təmin edir. Həmçinin informasiya cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi muxtar respublikada internet şəbəkəsinin əhatə dairəsini xeyli genişlənmiş, ən ucqar kəndlərdə belə, genişzolaqlı internet, eləcə də IP və rəqəmsal televiziya xidmətləri göstərilməsinə şərait yaradılmışdır. “Naxtel” mobil operatorunun fəaliyyətə başlaması isə Naxçıvanda 4G internetdən istifadəyə geniş imkanlar açmışdır. Nəticədə, ötən əsrin 90-cı illərindən informasiya blokadasına salınan Naxçıvan bu gün dünya informasiya məkanının bir hissəsinə çevrilmişdir. Muxtar respublikada baş verən yeniliklər, sosial-iqtisadi inkişaf, ictimai-mədəni hadisələr, beynəlxalq tədbirlər, diyarımızın turizm potensialı haqqında materiallar geniş tamaşaçı, dinləyici, izləyici və oxucu auditoriyasına çatdırılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2005-ci il 18 may tarixli Sərəncamına əsasən muxtar respublikanın mərkəzi icra hakimiyyəti orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vəzifələrin təsis olunması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında informasiya siyasətinin həyata keçirilməsində yeni mərhələnin əsasını qoymaqla yanaşı, həm də informasiya ehtiyatlarının təhlükəsizliyinin təmin olunması sahəsində konkret istiqamətlər müəyyənləşdirmişdir.
2011-ci ildən etibarən “Şərq qapısı” qəzetinin internet saytı fəaliyyətə başlamış, qəzetin elektron arxiv bazası yaradılmışdır. Sayt 2019-cu ildə tamamilə yenilənmiş, müasir tələblərə cavab verən formaya salınmışdır. Bu gün artıq muxtar respublikada fəaliyyət göstərən bütün kütləvi informasiya vasitələrinin sosial şəbəkə hesabları var. Sürətli internetin təminatı Naxçıvanla bağlı informasiyaların geniş auditoriyaya çatdırılmasına imkan verir. Həmçinin xarici kütləvi informasiya vasitələrinin bu qədim diyara marağını artırır. Son illərdə dünyanın müxtəlif ölkələrindən jurnalistlərin Naxçıvana səfərləri, həmçinin nüfuzlu media orqanlarının muxtar respublika haqqında hazırladıqları materiallar bunu bir daha təsdiq edir. Bütün bunlar isə muxtar respublikada söz və mətbuat azadlığının, demokratik prinsiplərin bərqərar olmasının, kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün yaradılmış şəraitin nəticəsidir.
Bu gün muxtar respublikada jurnalist kadrların hazırlanması, gənc jurnalistlərin işə cəlb olunması da mətbuatın inkişafında mühüm amildir. Naxçıvan Dövlət Universitetində Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrası fəaliyyət göstərir ki, burada təhsil alan tələbələrin gənc jurnalist kimi yetişməsi üçün hər cür şərait var. Belə ki, ali təhsil ocağının media mərkəzində fəaliyyət göstərən “Universitet” televiziyası və “Nuhçıxan” radiosunda gənc jurnalistlər nəzəri biliklərlə yanaşı, ilkin peşə vərdişlərinə də yiyələnir, ixtisaslı kadr kimi Naxçıvan mətbuatına öz töhfələrini verirlər. Ali Məclis Sədrinin bu sahəyə göstərdiyi qayğı sayəsində Universitet Tele­viziyası 2021-ci il fevralın 24-dən etibarən artıq muxtar respublika ərazisində yayıma başlayıb. Həmçinin muxtar respublikada fəaliyyət göstərən kütləvi informasiya vasitələri Jurnalistika ixtisası üzrə təhsil alan tələblərin hamisi rolunda çıxış etməklə, onların peşəkar inkişafında mühüm rol oynayır.
Muxtar respublikada media orqanlarının hərtərəfli fəaliyyəti üçün yaradılmış şərait, jurnalist kadrların hazırlanması sahəsində həyata keçirilən tədbirlər, eyni zamanda gənc kadrların işə qəbul qaydalarında da müasir tələblərin tətbiqini zəruri etmişdir. Belə ki, “Naxçıvan Muxtar Respublikasının dövlət teleradio və mətbuat orqanlarına işə qəbul Qaydaları”nın təsdiq edilməsi ilə media orqanlarında işə qəbul Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müsabiqə yolu ilə həyata keçirilir ki, bu da peşəkar kadr hazırlığı işinə mühüm töhfədir.
Muxtar respublikada son illər mətbuata göstərilən qayğı nəticəsində ona nail olunub ki, bir vaxtlar həm texniki avadanlıq, həm də yaradıcı kadr sarıdan məhdud imkanlara malik Naxçıvan mətbuatı bu gün ölkə və dünya media orqanları ilə qarşılıqlı əməkdaşlıq edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov milli mətbuatımızın 145 illik yubileyində jurnalistlərlə keçirilən görüşdə demişdir: “Mətbuat işçiləri dövrün salnaməsini yaradan və onu gələcəyə daşıyanlardır. Muxtar respublikada jurnalistlərin fəaliyyəti üçün yaradılan şərait qarşıya qoyulan vəzifələri yerinə yetirməyə imkan verir. Bu gün dünyada mövcud olan muxtar qurumların mətbuat sahəsinə nəzər saldıqda, müqayisə etdikdə bir daha aydın olur ki, muxtariyyət statusu bizdən daha çox olanlarda belə, Naxçıvandakı qədər mətbuata qayğı göstərilmir, şərait yaradılmır. Bu da bizi qürurlandırır ki, muxtar respublikamızda vətənpərvər jurnalistlər ordusu formalaşıb. Televiziya, qəzet və digər media qurumları yaratmaq işin bir tərəfidir. Amma əsas məsələ onların səmərəli fəaliyyətinə nail olmaqdır”.
Muxtar respublikanın kütləvi informasiya vasitələri işçiləri mətbuat və söz azadlığı üçün yaradılan imkanlardan istifadə edərək Ali Məclis Sədrinin həmin görüşdə səsləndirdiyi – “Hər bir jurnalist öz qələmi ilə Vətəninə, xalqına xidmət etməlidir”, – tövsiyəsini bundan sonra da əldə əsas tutaraq medianın maarifçilik ənənələrini və milli dəyərlərimizin təbliğatını davam etdirəcək, bu günümüzün tarixini yaratmaqla, ictimaiyyəti düzgün istiqamətləndirməklə vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak edəcəklər.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR