21 May 2024, Çərşənbə axşamı

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında “Şanlı zəfər tariximiz” adlı inşa-yazı müsabiqəsi təşkil edilib.

Gənclər Fondunun şöbə müdiri Arzu Qasımov çıxış edərək bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, 44 gün davam edən İkinci Qarabağ Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Vətən müharibəsində Azərbaycan gənclərinin vətənə bağlılığı, yurd sevgisi, gücü-qüvvəsi, nəyə qadir olduğu açıq şəkildə nümayiş olundu.

Arzu Qasımov vurğulayıb ki, keçirilən “Şanlı zəfər tariximiz” adlı müsabiqənin məqsədi də yeniyetmə və gənclərin milli mənlik şüurunun, vətənpərvərlik və vətəndaşlıq hissinin daha da yüksəldilməsi, Vətənimizin Qarabağ zəfərini gənclərin gözü ilə təqdim etmək, yüksək biliyə malik olan gəncləri üzə çıxarmaqdan ibarətdir. 

Çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş zabiti Nurlan Məhərrəmov bildirib ki, Vətən Müharibəsində Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi. Düşmənin 30 il ərzində qurduğu nəhəng istehkamlar qısa müddətdə darmadağın edildi, müzəffər ordumuzun tətbiq etdiyi savaş strategiyası müasir hərb tarixinə yeni örnək oldu. Müharibədə Naxçıvanın igid zabit və əsgərlərinin göstərdiyi şücaət də dillərə dastan olmaqla yanaşı, qədim diyarımızda gəncliyin necə vətənpərvər və azərbaycançılıq ideallarına sadiq ruhda tərbiyə olunmasından xəbər verdi.

Sonra Nurlan Məhərrəmov müsabiqənin qaydalarını izah edib, iştirakçılara uğurlar arzulayıb və müsabiqəyə start verilib. 50 nəfər kursantın iştirak etdiyi müsabiqədə İnşaların yazılması üçün onlara 2 saat vaxt verilib və bu saat ərzində onlar öz biliklərini kağız üzərinə köçürüblər.

Köçürmə və digər neqativ halların baş verməməsi üçün otaqlara könüllülərdən ibarət nəzarətçilər cəlb edilib.

Qeyd edək ki, müsabiqənin nəticələri may ayının sonlarında elan ediləcək və qaliblər təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq.

Şükufə HƏSƏNOVA

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə

Dövlət Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

 

 

 

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR