20 İyun 2024, Cümə axşamı

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada bir neçə gün əvvəl tariximizin yeni səhifələrinə qürur dolu, duyğu dolu anlar qızıl hərflərlə yazıldı. Qarabağın tacı, zəfərimizin rəmzi, yenilməzlik nişanəsi olan Şuşanın Cıdır düzündə Prezident cənab İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı keçirildi. Bu festival Şuşanın gözəlliyinə daha da gözəllik qatdı, Azərbaycan ruhu qədim şəhərimizi cana gətirdi, ona yenidən nəfəs verdi. İlk dəfə xanəndə Seyid HYPERLINK "https://az.wikipedia.org/wiki/Seyid_%C5%9Eu%C5%9Finski"Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlayan “Xarıbülbül” beynəlxalq musiqi festivalı sonuncu dəfə 1992-ci ilin may ayında keçirilmişdi. Şuşanın rəmzi sayılan xarıbülbül gülünün adını alan bu festival uzun illərdən sonra, 2021-ci ilin may ayının 12 və 13-də təşkil edildi. Festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi kollektivlərinin çıxışı, eyni zamanda Azərbaycanımızın görkəmli mədəniyyət xadimlərinin, sənətkarlarımızın ifasında səslənən xalq və klassik musiqi nömrələri əsl bayram havası yaşatdı bizlərə. Baxdıqca hüsnünə, gözəlliyinə doyulmayan Cıdır düzündə səslənən “Qarabağ” şikəstəsi, “Bayatı-Şiraz” qəlbimizə fərah, dinclik gətirdi. Bütün Qarabağ möhtəşəm Azərbaycan muğamına hakim kəsildi. İllərdir yadelli əlində lal olmuş dağlar-daşlar, yamaclar dilə gəldi, danışdı. Bu yerlərə mədəniyyət, insanlıq yenidən qayıtdı. Konsertdə xalqımızın ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında fikirlərini dinlədikdə, Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasını əks etdirən videoçarxı izlədikdə kövrəldik, fəxr hissləri yaşadıq. Bir daha xalqımızın yetişdirdiyi bu dahi, uzaqgörən şəxsiyyətlərlə qürur duyduq. Bir çoxumuz “kaş mən də orda olaydım” dedik ürəkdən.

 

Bir də ona görə sevinirdik ki, Qarabağın mədəniyyət səhifəsinə doğma Naxçıvanımızın da adı yazıldı. Naxçıvan Dövlət Filarmoniyasının muğam qrupu möhtəşəmliyi ilə yadda qalan “Xarıbülbül” musiqi festivalında sözləri Hüseyn Əzimə, musiqisi Məmməd Cavadova məxsus olan “Naxçıvan” mahnısını yüksək səviyyədə ifa edərək, naxçıvanlıları bir daha qürurlandırdılar. Şuşa səfərindən yüksək təəssüratlarla qayıdan sənət adamları ilə həmsöhbət olduq, o unudulmaz anları bir də onların özlərindən dinlədik.

AzərbaycanRespublikasının Əməkdar artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Zeynalabdin Babayev: – Çox sevindirici haldır ki, biz, muğam qrupu olaraq dörd nəfər “Xarıbülbül”  festivalında Naxçıvanımızı uğurla təmsil etdik. Qeyd etmək istəyirəm ki, tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu və xüsusən Naxçıvan qrupunun ifası tamaşaçılar tərəfindən və möhtərəm Prezidentimiz tərəfindən alqışlandı, qiymətləndirildi.

Bilirsiniz ki, sənət adamları adətən emosional insanlar olur. Şuşada olarkən üç fərqli duyğu hiss etdim. Birincisi kövrəldim. Ona görə ki, adının mənası alınmaz qala olan Şuşa bizim igid oğullarımızın canı, qanı bahasına alınıb. Burada naxçıvanlı igidlərimiz də qəhrəmancasına, son damla qanlarınadək döyüşərək şəhid olublar. İkincisi qürur hissidir ki, xalqımız böyük, tarixi Zəfər əldə edib. İllərdir həsrətində olduğumuz torpaqlarımıza qayıtmışıq, qovuşmuşuq. Ali baş komandan cənab İlham Əliyevin qətiyyəti və eyni zamanda ordumuzun qəhrəmanlığı, rəşadəti sayəsində bu böyük Qələbəni əldə edə bildik. Üçüncüsü sevinc hissidir. Prezidentimiz tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşamıza uzun illər sonra mədəniyyətimiz, musiqimiz qayıtdı. Dünyanın da gözü olan səhnədə “Naxçıvan” mahnısını səsləndirdik, qədim milli musiqi alətimiz olantarda ifa etdim.  Azərbaycanın görkəmli musiqiçiləri ilə bir səhnəni bölüşməyin özü də bir fəxrdir. Mən sovetlər zamanında Şuşada, Laçında, digər bölgələrimizdə qastrol səfərlərində olmuşam. Qarabağ da bizim gözəl və qədim düyarımız Naxçıvan qədər dünyanın ən gözəl guşəsidir, deyərdim. Yaşayış binaları, tarixi abidələri yadelli işğalına məruz qalsa da azad olunan torpaqlarımızda, eləcə də Şuşamızda bu gün sürətlə quruculuq işləri aparılır. Tezliklə hər bir şəhərimiz, kəndimiz yenilənəcək, bərpa ediləcək.

“Naxçıvan” mahnısı festivaldakı ifalar arasında seçildi, hamı tərəfindən bəyənildi. Bir sıra musiqi xadimləri, Xalq artisti, tanınmış xanəndə Alim Qasımov gözəl çıxış münasibətilə bizi təbrik etdi. Konsert qurtarandan sonra qrupumuz canlı çıxış etdi. Şuşa qalasının önündə XX əsrdə yaşamış azərbaycanlı xanəndə Xan Şuşinskinin yazdığı “Şuşanın dağları” mahnısını ifa etdik, maraqla qarşılandı. Onu da bildirim ki, festivalda ölkəmizdə yaşayan talış, ləzgi, malakan, yəhudi və digər xalqların nümayəndələri ilə də həmsöhbət olduq. Onları Naxçıvanımıza dəvət etdik. Festival bizim üçün çox uğurla yadda qaldı.

Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, Prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti Zülfüqar Mahmudov: – Qədim Şuşa şəhərimizə fərqli duyğularla gedirdik. Yolboyu işğaldan azad edilmiş torpaqlarımız – Cəbrayıl, Füzuli və Qubadlıdan, Xocavəndin kəndlərindən keçdik. Həmin yerlərdə bir salamat ev, bir salamat ocaq qalmayıb. Düşmənin torpaqlarımızı tərk edərkən kəsib, yandırdığı ağaclar indi təzədən pöhrələyir, təbiət təzələnir. Maşınımız Şuşa yoluna dönəndə bir çoxumuz göz yaşlarını saxlaya bilmədi. Qarabağ xanı Pənahəli xan tərəfindən əsası qoyulan Şuşa qalası doğrudan da möhtəşəm bir yerdə salınıb. Mövqeyinə görə alınmaz olan bu qala düşmən tərəfindən, o vaxtkı “sapı özümüzdən olan baltalar”ın köməyi ilə alınmışdı. Şükür olsun bu günə ki, Şuşamız artıq öz sahibinə qaytarılıb. Maşından yerə enəndə kimisi əyilib yamyaşıl bitkiləri qoxulayır, kimisi tərtəmiz havanı ciyərlərinə çəkir, kimisi də dizini yerə qoyub, torpaqdan öpür, uca Tanrıya şükür edirdi. Buz kimi havası, yamyaşıl meşələri, çölləri, suları bizi Şuşaya bir daha heyran etdi. Bir vaxtlar Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi, şuşalılar üçün müxtəlif bayram və mərasimlərin keçirilmə yeri olan Cıdır düzü bu dəfə dünyanın da diqqət mərkəzində olan “Xarıbülbül” musiqi festivalına ev sahibliyi etdi. Bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu sayılan xarıbülbül bu dəfə sevincə, xoş anlara şahidlik etdi. Festivalda bütün xalqların nümayəndələrinin musiqiləri dinlənildi. Bu, bütün dünyaya bir mesaj oldu ki, doğrudan da biz sülhsevər xalqıq, hər bir millətin nümayəndəsinə, onun mədəniyyətinə hörmət bəsləyirik. Biz naxçıvanlılar isə burada iştirakdan ikiqat qürur duyurduq. Bilirsiniz ki, Şuşanın alınmasında Naxçıvan xüsusi təyinatlılarının xüsusi rolu olub. Çox şəhidlər vermişik. Allah rəhmət eləsin hamısına. Onların qanları yerdə qalmadı. Cənab Prezidentimiz Şuşada keçirilən festivalı şəhidlərimizin əziz xatirəsinə həsr etdi. Şuşada “Naxçıvan” mahnısının səsləndirilməsi Naxçıvan şəhidlərinin də ruhuna verilən dəyərin ifadəsi idi. Səhnədə “Naxçıvan” mahnısını ifa edəndə bilmədim qaval çalım, oxuyum, ya kövrəlim. Qarabağın gözü Şuşada Naxçıvanımızı layiqincə təmsil edə bildik, çıxışımız alqışlarla qarşılandı. O yerlərə getməyi, milli musiqimizi təmsil etməyi Allah bizlərə bir daha nəsib etsin.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti, nağara ifaçısı Mahir Rüstəmov: – Özümü çox xoşbəxt musiqiçilərdən hiss edirəm ki, mən də  “Xarıbülbül” musiqi festivalının iştirakçısı oldum. Naxçıvan mədəniyyətini Cıdır düzündə layiqincə təmsil etdik. Festival mənim üçün həm sevinc, qəhər hissləri ilə yadda qaldı. Səhnədə duyğulandım. Fikirləşəndə ki, orada canı, qanı bahasına torpaqlarımızı bizə qaytaran şəhidlərimizin ruhu yaşayır. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Həyatımızı, xoş anlarımızı onlara borcluyuq.

Millimusiqimizin, muğamımızın ən yüksək ifadəsini tapdığı festival dostlarımıza sevinc, düşmənə isə göz dağı oldu. Bu festival onu göstərdi ki, Azərbaycanda musiqi mədəniyyəti, ifaçılığı yüksək səviyyədədir, ölkəmizdə milli birlik, bərabərlik, həmrəylik mövcuddur. Azərbaycan tolerantlıq, multikultiralizm məkanıdır. Şuşa Azərbaycanın ruhu, qürurudur. Bir daha bütün dünyaya göstərdik ki, Qarabağ Azərbaycandır! Qarabağ yalnız Azərbaycanla nəfəs ala, yaşaya bilər. 30 illik ayrılıqda düşmən doğma torpaqlarımızı nə hala salıb, insanlığa sığmayan vəhşiliklər törədib. Amma, artıq bunlar keçib, Qarabağımızın yaralarını saracaq, ona məlhəm olacağıq. Burada keçirilən musiqi bayramı da qayıdışımızın bir nişanəsi idi. Cənab Prezidentin də vurğuladığı kimi, bu ildən başlayaq hər il Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu o deməkdir ki, Qarabağımız həm də milli musiqimizdən aldığı mənəvi qida ilə yaşayacaq, inkişaf edəcək.

Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblının solisti, kamança ifaçısı Nurlan Nuriyev:–Mənim arzum idi Şuşanı görmək, ilk dəfə qismət oldu. Oranın çox gözəl havası, yaşıl meşələri vardır. Azərbaycanlılar qayıtdıqdan sonra sanki canlanıb Şuşa. Əlçatmaz bir qaya üzərində ucalan bu şəhər bütün quruluşu ilə ona baxanları heyran edirdi. Orada olarkən  Şuşa məscidindən azan səsini dinləyə bildik. Şuşa qalasını gördük. Sadəcə qürur hissləri keçirdim. Bir daha üçrəngli bayrağımızı torpaqlarımızdadalğalandıranəsgərlərimizlə, hərbçilərimizlə fəxr etdik. Şəhidlərimizin ruhu şad olsun. Onların sayəsində bütün dünyaya qürur, fəxr hissləri ilə bir daha Qarabağın Azərbaycanın olduğunu göstərdik. Festivalda cənab Prezidentin qarşısında çıxış etmək çox böyük məsuliyyət idi. Biz bunun öhdəsindən layiqincə gəldik. Naxçıvanımıza çox yüksək təəssüratlarla qayıtdıq.

Beləliklə, milli birliyimizi, milli həmrəyliyimizi simvolizə edən “Xarıbülbül” musiqi festivalı hamımız üçün yaddaqalan oldu. İllər sonra Şuşamız, doğma Qarabağımız bayram etdi. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi: Şuşanı yenidən görmək bizə nəsib oldu. Bu, böyük xoşbəxtlikdir. Əlbəttə, bir daha görürük ki, Şuşa əsl Azərbaycan şəhəridir. Çünki burada Azərbaycan ruhu hiss olunur. Memarlıq abidələri, bulaqlar, – baxmayaraq ki, ermənilər o bulaqların naxışlarını dəyişmişdilər, yazıları da silmişdilər, – amma yenə də burada hər tərəf, necə deyərlər, Azərbaycan mədəniyyəti ilə qaynayır. Biz əbədi qayıtmışıq, burada əbədi yaşayacağıq...                                                                    

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

 

ARXİV

İyun 2021
Be Ça Ç Ca C Ş B
31 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR