22 Dekabr 2024, Bazar

Bir neçə aydır ki, xalqımız 30 ilə yaxın bir müddətdə həsrətində olduğu torpaqlara qovuşdu – 44 günlük azadlıq mücadiləmiz böyük zəfərlə başa çatdı. Bu zəfər ədalətin qələbəsi, təntənəsidir. Aylardır ki, qələbəmizin sevincini yaşayırıq. O sevinc ötən dövrdə qeyd etdiyimiz əlamətdar və bayram günlərinə də yeni bir ovqat qatıb. Burada, xüsusilə qeyd etmək yerinə düşər ki, xalqımızın tarixi taleyinə qızıl hərflərlə yazılmış əlamətdar hadisələr çoxdur. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir əlamətdar hadisə xalqın tarixidir. Bu sırada 1992-ci il may ayının 28-i isə təqvimimizdə öndə dayanan tarixlərdən biridir. Həmin gün Azərbaycan-Türkiyə sərhədində, Araz çayı üzərində “Ümid” körpüsü açıldı. Həmin tarix iki qardaş хalqı bir-birinə qоvuşdurmaq, yurddan-yurda, könüldən-könülə körpü salmaq və ən nəhayət, ağır blоkada vəziyyətində olan Naхçıvanın yaşaması və inkişafı baхımından özündə bir çох mətləbləri birləşdirir. Bu körpü Türkiyə ilə Azərbaycanı birləşdirməklə Türk dünyasının coğrafi bütünlüyünü də təmin edir. Bu baxımdan çətin ki, dünyanın başqa bir yerində mənəvi cəhətdən bu qədər dəyəri оlan, istifadəyə vеrilməsi bayrama çеvrilən, insanların içindəki ümidi, həsrəti, könül bağlılığını ifadə edən ikinci bir körpü olsun.

 29 il bundan əvvələ ekskurs etsək, görəcəyik ki, o dövrdə Naxçıvan tamamilə təklənmişdi. Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın əsas ərazisi ilə nəqliyyat-kommunikasiya əlaqələri kəsilmiş, iqtisadi böhran dərinləşmişdi. Azərbaycanın ozamankı iqtidarı ölkədaxili vəziyyətə nəzarət edə bilmirdi. Belə bir dövrdə ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlməsi, burada yaşayıb siyasi fəaliyyət göstərməsi muxtar respublikanı işğaldan, naxçıvanlıları ağır blokada şəraitində məhv olmaqdan qorudu.

Görkəmli dövlət xadimi Heydər Əliyev Naxçıvana qayıtdıqdan sonra Qars və Moskva müqavilələri yenidən siyasi müstəviyə çıxarılmış, böyük Atatürkün “Türk qapısı” adlandırdığı bu qədim yurd yerində “Bir millət, iki dövlət!” şüarı reallığa çevrilmişdi. 1991-ci il oktyabrın 29-da Türkiyə ilə Naxçıvan arasında müvəqqəti körpü açılmış, əsas körpünün inşası sürətləndirilmişdi. Bu məsələ dahi rəhbərin 1992-ci il mart ayının 22-dən 24-dək Türkiyəyə səfəri çərçivəsində Ankarada imzalanmış əməkdaşlıq protokolunda da öz əksini tapmışdı. Həmin il mayın 28-də iki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilmişdir.
“Ümid” körpüsünün istifadəyə verilməsi ilə Naxçıvanda blokadanın ağır fəsadlarının tədricən aradan qaldırılmasına, əhalinin maddi-rifah halının yaxşılaşdırılmasına, muxtar respublikanın dünyaya tanıdılmasına, Qərbə inteqrasiyasına başlanılmışdır. Eyni zamanda bu, Türkiyənin şərq vilayətlərinin inkişafına təkan vermiş, nəqliyyat əlaqələrinin inkişafı və beynəlxalq daşımalar üçün yeni istiqamət müəyyənləşdirmişdir. Ümummilli liderimiz Heydər Əliyev körpünün açılması zərurətini belə xarakterizə etmişdir: “Belə bir körpü tikmək bizim bir azərbaycanlı kimi, şəxsən mənim on illərlə qəlbimdə olan arzu idi. Bu fikir mənim qəlbimdə on illərlə yaşayırdı. Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum”.
Bu gün Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin müasir səviyyəsi, Türk dünyasının birlik və bütövlük ideyalarının gerçəkləşdirilməsi istiqamətində görülən işlər şərh edilərkən Sədərək-Dilucu körpüsünün əhəmiyyəti xüsusi vurğulanır. Çünki Sədərək-Dilucu körpüsü Azərbaycan-Türkiyə əlaqələrinin inkişafının başlanğıcı olmuşdur. Ötən 28 ildə qardaş ölkənin yaxın vilayətləri ilə muxtar respublika arasında iqtisadi-ticarət və humanitar əlaqələrin inkişafı davamlı xarakter almışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 26-29 aprel tarixlərində Türkiyə Respublikasına rəsmi səfəri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Respublikası arasındakı münasibətlərin inkişafı baxımından xüsusi mərhələ olmuşdur. Bu gün Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələr dinamik şəkildə inkişaf edir.
Qədim diyarımız Naxçıvanın Türk dünyasının birlik və həmrəyliyində də xüsusi yeri olmuşdur. 2008-ci ildə Türkiyə Baş nazirinin Naxçıvana səfər etməsi, 2009-cu ildə isə Türkiyə Prezidentinin Türkdilli Ölkə­lərin Dövlət Başçılarının IX Zirvə Görüşündə iştirak etmək üçün Naxçıvana gəlməsi qardaş ölkənin Azərbaycanın bu qədim diyarına verdiyi önəmin əyani ifadəsidir. 2010-cu ilin oktyabr və 2018-ci ilin dekabr aylarında Azərbaycan-Türkiyə biznes forumlarının Naxçıvanda keçirilməsi isə iqtisadi əlaqələrin yeni müstəvidə sürətli inkişafı üçün əlverişli imkanlar açmışdır.
Ötən il fevral ayının 25-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfəri və həmin gün Bakıda hər iki ölkə liderinin rəhbərliyi ilə keçirilən Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası təkcə Azərbaycan və Türkiyə üçün deyil, ümumiyyətlə, regionun gələcək inkişafı baxımından əhəmiyyətli idi. İclasda Türkiyənin Qars şəhəri ilə Naxçıvan arasında dəmir yolu nəqliyyat xəttinin və İqdır-Naxçıvan qaz kəmərinin çəkilməsi barədə imzalanan sənədlər bir sıra mühüm iqtisadi və siyasi tərəfləri ilə yanaşı, Naxçıvanın geosiyasi əhəmiyyətini daha da artırmaq baxımından da böyük əhəmiyyət kəsb edir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasındakı əlaqələrin bir çox istiqamətlər üzrə uğurla inkişaf etdirilməsi bu günün reallığıdır. Xüsusilə iqtisadi-ticarət, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əlaqələrin inkişafı məmnunluq doğurur. Türkiyə hökumətinin qəbul etdiyi tənzimləmə qərarına görə Naxçıvan Muxtar Respublikasındakı istehsal müəssisələrinin Türkiyəyə məhsul ixracına güzəştlər tətbiq olunması və muxtar respublikaya sərbəst ticarət imkanı verilməsi isə ikitərəfli münasibətlərin uğurlu inkişafının nəticəsidir.
Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ordu quruculuğu sahəsindəki əməkdaşlıq da ilbəil genişləndirilir. 2013-cü ildən etibarən keçirilən, artıq ənənə halını alan birgə döyüş təlimləri isə uğurlu hərbi əməkdaşlığın unikal nümunəsinə çevrilib. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən 2019-cu il iyun ayının 7-11-də Naxçıvanda keçirilən iki ölkənin silahlı qüvvələrinin “Sarsılmaz qardaşlıq – 2019” birgə döyüş atışlı taktiki təlimləri, 2020-ci il sentyabr ayının 5-də Naxçıvanda iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təliminin birinci mərhələsinin keçirilməsi bu ənənənin uğurlu mərhələləridir.
Bu da xüsusi vurğulanmalıdır ki, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişaf dinamikası, ixrac potensialı, eləcə də qarşılıqlı faydalı əməkdaşlıq imkanları türk iş adamlarının bölgəyə marağını artırır, Türkiyə ilə qarşılıqlı əlaqələr durmadan inkişaf edir. Artıq “Ümid” körpüsünün davamı olaraq Naxçıvanla Türkiyə arasında hava nəqliyyatının fəaliyyət göstərməsi və Bakı-Tbilisi-Qars-Naxçıvan dəmir yolu xəttinin inşası blokada vəziyyətində yaşayan Naxçıvanın qardaş ölkə ilə əlaqələrindəki tarixi rolunun bərpasına hesablanmış məqsədyönlü addımlardır.
Qardaş Türkiyə ilə Naхçıvan arasında digər sahələrdə оlduğu kimi, gömrük işi sahəsində də qarşılıqlı anlaşma şəraitində möhkəm əlaqələr mövcuddur. Sоn illərdə qarşılıqlı münasibətlərin daha da dərinləşməsi, birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır, müхtəlif sahələrdə razılıqlar əldə оlunur. Məhz bunun nəticəsidir ki, gömrük orqanlarımız 24 saat fəaliyyət göstərir. Hazırda hər iki tərəfdən gömrük infrastrukturunun modernləşdirilməsi istiqamətində görülən işlər qarşılıqlı münasibətlərə verilən əhəmiyyətin ifadəsidir.
“Ümid” körpüsünün istifadəyə verilməsi Türkiyə-Azərbaycan, Naxçıvan əlaqələrinin qurulması, inkişafı və dərinləşməsi istiqamətində taleyüklü addım olmuşdur. Bu körpü təkcə Türkiyə ilə Azərbaycanı yox, eyni zamanda Türk dünyasını birləşdirən körpü kimi mühüm əhəmiyyətə malikdir. Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilən tədbirlərin böyük tarixi əhəmiyyətə malik olmasına diqqəti çəkən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bizim bütün əlaqələrimiz qardaşlığımızın və dostluğumuzun əbədi nişanəsi, böyük Atatürkün və ümummilli lider Heydər Əliyevin izləri olan Sədərək-Dilucu körpüsü vasitəsilə həyata keçirilir. Fəaliyyət göstərdiyi dövrlərdə Sədərək-Dilucu körpüsü bizi bir-birimizə daha sıx birləşdirmiş, hər iki tərəfdən insanların həyatının yaxşılaşmasına xidmət göstərmişdir”.
Körpü kəndləri, şəhərləri, ölkələrarası bölgələri, dövlətləri və insanları bir-birinə birləşdirən başlıca nəqliyyat infrastrukturlarından biridir. Dünyanın bugünkü durumunda bu məsələ daha böyük siyasi əhəmiyyət daşıyır. Yaxın tariximizdən bəllidir ki, işğalçı Ermənistanın son 30 il ərzində ölkəmizə qarşı törətdiyi mənəvi, hüquqi, iqtisadi terrorlardan biri də Naxçıvanı ərazi etibarilə Azərbaycandan ayrı salmaq idi. Prezident cənab İlham Əliyev may ayının 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Ordubad dəmiryol stansiyası ilə tanışlıq zamanı yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması məsələlərinə toxunaraq dedi: “Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq”.
Bildiyimiz kimi, 10 noyabr tarixli Bəyanata əsasən həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasına başlanılıb. Zəngəzur dəhlizinin açılması ilə Avrasiyanın nəqliyyat şəbəkəsi daha da genişlənəcək, Naxçıvanı Azərbaycana, Azərbaycanı isə Türk dünyasına birləşdirəcək Zəngəzur dəhlizi Türkiyə üçün Mərkəzi Asiyaya qapı rolunu da oynayacaq. Həyata keçirilməkdə olan Qars-Naxçıvan dəmir yolu layihəsi də Naxçıvanla Türkiyəni birləşdirəcək. Bütün bunlar isə qardaş Türkiyə ilə gediş-gəlişimizin daha da intensivləşdirilməsinə stimul olacaq. Növbəti mərhələdə bu dəmir yolunun Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb bölgələri ilə birləşdirilməsi Naxçıvanın inkişafında daha mühüm rol oynayacaq. Bütün bunlar artıq dünyada humanist ideyaların, sülhsevər layihələrin təşəbbüskarı kimi tanınan və onların reallaşmasını prioritet hesab edən dövlətimizin, ona şərəf və ləyaqətlə, yüksək siyasi iradə ilə başçılıq edən cənab İlham Əliyevin həyata keçirdiyi siyasətdir. “Ümid”lə başlanan bu siyasət isə ölkəmizi, böyük inkişafla addımlayan doğma Naxçıvanımızı daha böyük ümidli sabahlara aparır.


“Şərq qapısı”

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR