Festival iştirakçıları Naxçıvandan bu təəssüratlarla ayrılırlar
Mayın 25-də “Saat Meydanı” Turistik İstirahət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” V Beynəlxalq Rəsm Festivalında iştirak edən rəssamlar tərəfindən çəkilmiş əsərlərdən ibarət sərgi açılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun açılışında iştirak etdiyi sərgidə 40 rəssamın 44 əsəri nümayiş olunub.
Biz də sərgidə əsərləri nümayiş olunan rəssamlarla həmsöhbət olduq. Festivalda ilk dəfə iştirak edən rəssam Təranə Seyid dedi ki, mən Naxçıvanı, xüsusilə çox sevirəm. Çünki buranın tarixi lap qədimdir, bəşəriyyətin əzəli, məncə, bu diyardan başlayır. Festivalda kətan üzərinə “Qoç daşlar” rəsmi işləmişəm Ana adına ucaldılan bitkin bir xatirə abidəsi, Azərbaycan, bütünlükdə Şərq qadınının ləyaqət mücəssəməsi, ismət rəmzi olan Möminə xatın türbəsinin ətrafında rəsm çəkməyimiz bizə unudulmaz anlar yaşatdı. Bu seyrəngah həm də dünyada tanınan böyük memar Əcəminin adı ilə bağlı olduğu üçün bizə yaradıcılıq ecazkarlığı bəxş etmişdi. Bir sözlə desək, Naxçıvan o qədər gözəl şəhərdir ki, buranın qədimliyini və müasir görünüşünü seyr etməklə doymursan, mehriban insanlarından ayrılmaq istəmirsən. Yaradılan şəraitin və göstərilən diqqətə görə minnətdaram.
Burada olduğumuz müddətdə bir nəfərin sənətkarlıq nümunələrini xüsusi maraqla seyr etdiyini görüb ona yaxınlaşdıq. Türkiyə vətəndaşı Alaadin Koral ilə söhbətimiz zamanı bildirdi ki, ilk dəfədir, buraya gəlirəm. Naxçıvan təbiəti, tarixi, coğrafi mövqeyi ilə əhəmiyyətli bir yerdir. Bu gün Saat Meydanını gəzməyə gəlmişdim, təsadüfən çox gözəl bir sərgi ilə qarşılaşdım. Bu sənət əsərlərinin müəlliflərinin heç birini şəxsən tanımasam da onu deyə bilərəm ki, çəkdikləri rəsmlər valehedicidir. Ən çox diqqətimi çəkən məqam isə sənət əsərlərinin hər birində Naxçıvan motivlərinin olmasıdır. Necə deyərlər, sanki bütün rəsmlərdə Naxçıvanın melodiyası səslənir. Təbii ki, qədim tarixi, müasirlik siması, ecazkar təbiəti, tarixi-təbiət abidələri ilə zəngin olan möhtəşəm bir diyarda belə, rəsmləri çəkməmək mümkün deyil. Ümumi təəssüratım belədir ki, Naxçıvanda tarixi keçmişə, milli dəyərlərə, ənənələrə böyük qayğı göstərilir və bu yaşadılaraq gənc nəslə ötürülür.
Azərbaycan Respublikasının Əməkdar Rəssamı Eldar Qurbanov deyir ki, sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirak etməsi bizi çox sevindirdi, rəssamlarda böyük stimul yaratdı. Bu rəssam əməyinə verilmiş dəyərin parlaq nümunəsidir. Bu mənim artıq Naxçıvana festival üçün dördüncü səfərimdir və hər gəlişimdə qədim diyardan xoş təəssüratlarla ayrılıram. Həqiqətən, Naxçıvan insana yaradıcılıq həvəsi verir. Onun füsunkar gözəlliklərini kətan üzərinə həkk etmək isə bizim üçün böyük xoşbəxtlikdir. Mən də bu festivalın ab-havasını elə çəkdiyim “Festival” əsərində əks etdirdim.
Naxçıvan Muxtar Respublikasının Şahtaxtı kəndində doğulan rəssam, pedaqoq Rəna Məmmədova deyir ki, 2012-ci ildə məni ilk festival üçün Naxçıvana dəvət etdikdə çox xoşbəxt oldum, 25 ildən sonra doğulduğum torpağa qayıdırdım. Xoşbəxtliyimin həddi-hüdudu yox idi. Gözlərimdə uşaqlıq xatirələrim canlanırdı. Bu xatirələri sərgi üçün çəkdiyim rəsm əsərində də göstərməyə çalışdım. Əsərimdə Möminə xatın türbəsi fonunda üç çarşablı qadını təsvir etmişdim. Çünki o dövrdə mən uşaq olarkən analarımız başlarına çarşab bağlayardılar. Naxçıvanda keçirilən ənənəvi rəsm festivallarında iştirak etməyimiz bizi bu gözəl yurdun seyrinə tamaşa etməyə, onun əsrarəngiz mənzərələrini yaradıcılığımızda əks etdirməyə imkan verdi. Bu yurda ayaq qoyduğum anda keçirdiyim hissləri dillə ifadə etmək çətin olduğu üçün onu çəkdiyim əsərlərdə göstərməyə çalışıram.
Əsərində Haçadağı təsvir edən rəssam Cavid Məmmədov deyir ki, dağ ucalıq rəmzidir. Naxçıvan dedikdə həmişə ağlıma dağların qoynunda, ecazkar təbiət mənzərələri ilə gözoxşayan məkan gəlir. Buranın gözəllikləri, bizə sözün həqiqi mənasında, yaradıcılıq həvəsi verir. Rəssam üçün yaradıcılığa bir təbəssüm də kifayətdir, o təbəssümü də Naxçıvanın qonaqpərvər insanlarının simasında daim görmək mümkündür. Naxçıvana gəlməyi həm də ona görə sevirəm ki, burada Bəhruz Kəngərli yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı qazanıram. Biz Bəhruz Kəngərli Muzeyində olarkən müşahidə etdik ki, o çəkdiyi bütün şəkilləri qəlbən çəkib və Naxçıvanın rəssamlıq tarixinə öz adını qızıl hərflərlə yazdırıb. Naxçıvan əsl ədəbi sənət məktəbi, yaradıcılıq ocağıdır. Hər daşında-qayasında şahidi olduğu tarixin izi var. Bu qədim diyarın gözəlliyi qarşısında söz də aciz qalır, rəng də, fırça da. Naxçıvandan ayrılacağımı düşünəndə çox təəssüflənirəm. Bir daha buraya gəlməyi səbirsizliklə gözləyirəm.
Sərginin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdıran rəssam Ramina Səadətxan bildirdi ki, belə festivalların keçirilməsi Naxçıvanda rəssamlar üçün yaradılan şəraitin, eyni zamanda sənətə verilən qiymətin bariz ifadəsidir. Naxçıvan qədim zamanlardan Şərqin mədəni mərkəzlərindən biri kimi şöhrət tapıb. Bu festivalın keçirilməsi əlamətdar hadisədir. Ona görə ki, festival ümummilli liderimiz Heydər Əliyevin 98-ci ildönümünə həsr olunub. Heydər Əliyev yolu, Heydər Əliyev şəxsiyyəti gənc nəslə öyrədilir, həmçinin biz rəssamlara və digər sahələrin əməkdaşlarına çatdırılır. Bunu da qeyd etmək istərdim ki, gördüklərimdən o qədər təsirlənmişəm ki, buraya bir daha gəlməyi düşünürəm. Nuh Peyğəmbərin yenidən həyat verdiyi bəşəriyyətin ilk məskəni olan Naxçıvanın insanları da, mənə elə gəlir ki, məhz buna görə istedadlı, yaradıcı, qurucudurlar.
Festivalın sonuncu günü iştirakçılar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə də tanış olublar. Fırça ustaları qədim diyardan zəngin təəssüratla ayrılıblar.
Rəssamlarımızı bu qədim diyarda bir daha görmək, onların xoş təəssüratlarını eşitmək ümidi ilə...
Məcid RƏŞADƏTOĞLU
Aytac CƏFƏRLİ