22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyi və muxtar respublikadakı ali təhsil müəssisələrinin iştirakı ilə “Aşıq Ələsgər– 200” mövzusunda elmi konfrans olub.
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Ələsgərin əsərləri vətənpərvərlik, insansevərlik, el-obaya bağlılıq kimi yüksək insani keyfiyyətləri təcəssüm etdirən mükəmməl xəzinədir. Unikal aşıq sənətinin kamil bilicisi olmuş Dədə Ələsgər yaradıcılığı ilə bağlı çoxsaylı tədqiqatlar aparılmış və müxtəlif səpkili araşdırmalar bu gün də davam etməkdədir.

Xalq danışıq dilinə doğmalığı, səlisliyi ilə seçilən Aşıq Ələsgər irsinin dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyindən söz açan akademik vurğulayıb ki, ustad Ələsgərin 150, 175, 190 illik yubileylərinin böyük təntənə ilə qeyd edilməsi, əsərlərinin böyük tirajla nəşr olunması və təbliği bütövlükdə ədəbiyyatımıza, mədəni irsimizə göstərilən qayğının təzahürüdür. Azərbaycan Respublikası Prezidentinin “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında” 2021-ci il 18 fevral tarixli və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2021-ci il 22 fevral tarixli sərəncamları həmin diqqət və qayğının davamıdır. Konfransın məhz həmin Tədbirlər Planına əsasən keçirildiyini diqqətə çatdıran bölmə rəhbəri qeyd edib ki, AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının nəşrə hazırlanan xüsusi nömrəsi də Aşıq Ələsgər irsinin tədqiqinə həsr olunub. Akademik çıxışının sonunda ədəbiyyatımıza və ədiblərimizə göstərilən yüksək qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Konfransda Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar “Aşıq Ələsgər yaradıcılığının sənətkarlıq xüsusiyyətləri” mövzusunda məruzə edərək onun zəngin bədii irsi, yaradıcılığının dil və üslub xüsusiyyətləri haqqında ətraflı məlumat verib.
Naxçıvan Müəllimlər İnstitutunun professoru Yusif Səfərov, Naxçıvan Dövlət Universitetinin dosenti İman Cəfərov, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri, dosent Nuray Əliyeva və “Naxçıvan” Universitetinin kafedra müdiri, dosent Nüşabə Məmmədova müxtəlif mövzularda məruzələr ediblər. Məruzəçilər Aşıq Ələsgərin Naxçıvana səfəri, naxçıvanlılarla olan dostluq əlaqələri, Naxçıvan aşıq məktəbi nümayəndələri ilə münasibətləri haqqında maraqlı elmi-ədəbi faktları diqqətə çatdırıb, konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR