22 Dekabr 2024, Bazar

YUNESKO-nun Beynəlxalq Muzeylər Şurasının 1977-ci ildə qəbul etdiyi qərara əsasən 18 may bütün dünyada “Beynəlxalq Muzeylər Günü” kimi qeyd edilir. Bu günün qeyd olunmasında əsas məqsəd ictimaiyyətin diqqətini mədəni irsə cəlb etməklə, xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək göstərməkdən ibarətdir.

Beynəlxalq Muzeylər Günü qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da qeyd edilir. Minlərlə dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri olan ölkəmiz çox qədim dövrlərə aid zəngin eksponatlara sahibdir. Həmin eksponatlar muzeylərdə mühafizə olunmaqla zəngin mədəni irsimizin qorunması və təbliği işində mühüm rol oynayır. Bu gün muzeylərimiz maddi-mənəvi incilərin və milli sərvətlərin nümayiş etdirildiyi geniş bir şəbəkəyə malikdir.

Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin ikinci yarısından etibarən sürətlə cərəyan edən proseslər muzey işinin də təşkilinə təkan vermişdir. Muxtar respublikamızda da muzey işinin özünə­məxsus inkişaf tarixi vardır. 1896-cı ildə böyük yazıçı və dramaturqumuz Cəlil Məmmədquluzadə Nehrəm kənd məktəbində muzey yaratmaq təşəbbüsü ilə Xalq Məktəbləri İdarəsinə yazılı müraciət etmiş və Azərbaycanda ilk dəfə olaraq bu kənd məktəbində Naxçıvanın tarixinə dair maddi mədəniyyət nümunələrinin toplandığı muzey yaratmışdır. Naxçıvan Sovet Sosialist Respublikası Xalq Komissarları Sovetinin 1924-cü il 30 oktyabr tarixli Qərarına əsasən Naxçıvanda Tarix-Etnoqrafiya Muzeyi təşkil edilmişdir. 1926-cı ildə Naxçıvan şəhər sakini Balabəy Əlibəyovun yaratdığı şəxsi muzey dövlət muzeyi kimi fəaliyyət göstərməyə başlamışdır. 1925-ci ildə Azərbaycan üzrə yaradılan cəmiyyətin bir şöbəsi kimi fəaliyyət göstərməyə başlayan “Naxçıvanı Tədqiq və Tətəbbö” Cəmiyyətinin də muzeyin zənginləşməsində müəyyən xidmətləri ­olmuşdur.
Ölkəmizdə muzey işinin, muzeyşünaslığın inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər ötən əsrin 70-80-ci illərində Azərbaycanda yeni muzeylərin yaradılması, onların bazasının möhkəmləndirilməsi, muzey fondlarının zənginləşdirilməsi və ekspozisiyaların müasir şəkildə qurulması üçün mühüm tədbirlər həyata keçirmişdir. Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini dərindən və həssaslıqla duyan ulu öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini, onun maddi-texniki bazasının gücləndirilməsini daim diqqətdə saxlamışdır. Azərbaycan mədəniyyətinin Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə, ev-muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü sayəsində yaradılmışdır. Həmçinin həmin illər ölkəmizdə bu sahəni inkişaf etdirmək üçün Azərbaycan Muzeylər İdarəsi, Muzey İşi üzrə Respublika Elmi-Metodik Mərkəzi, Muzeylərin Bədii Tərtibatı Müəssisəsi, Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi kimi qurumlar yaradılaraq fəaliyyətə başlamışdır. Qısa zaman ərzində Azərbaycanın 60-dək rayonunda tarix-diyarşünaslıq muzeyləri yaradılmışdır. Şərur, Babək, Ordubad, Culfa və Şahbuz rayonlarında tarix-diyarşünaslıq muzeylərinin yaradılması da həmin dövrə təsadüf edir. Azərbaycanda 1969-cu ilədək cəmi 29 muzey fəaliyyət göstərmişdir ki, bunlardan da yalnız biri xatirə muzeyi kimi nəzərdə tutulmuşdur. Ümummilli liderimizin hakimiyyəti illərində ölkəmizdə 111 müxtəlif profilli muzey yaradılmışdır.

“Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”, – deyən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik illərində də muzey işi öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Muzey işçilərinin respublika müşavirəsi keçirilmiş, “Respublikada muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında” Qərar qəbul edilmişdir. 2000-ci ildə qəbul edilən “Muzeylər haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə muzeylərin fəaliyyətinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir. Qanunda muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri, muzeylərin hüquqları, muzey fondları, muzeylərə dövlət qayğısı və nəzarəti, bu sahədə beynəlxalq əməkdaşlıq kimi əhəmiyyətli məsələlər təsbit edilmişdir. Bundan başqa, bu sənədə əsasən muzey maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişi və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi-tədqiqat müəssisəsidir.
“Xalqımızın ən qədim zamanlardan müasir dövrədək tarixini və mədəniyyətinin inkişaf yolunu əks etdirən Azərbaycan muzeyləri ölkəmizdə zəngin mədəni irsin qorunması və təbliğ olunması işində mühüm rol oynayır”, – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən də bu sahədə uğurlu addımlar atılır, mühüm işlər həyata keçirilir. Ölkəmizdə 200-dən çox muzeyin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Dövlət başçısının “Azərbaycanda muzey işinin yaxşılaşdırılması haqqında” 2007-ci il 6 mart tarixli Sərəncamı və 2009-cu il 22 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı” bu sahənin hüquqi bazasının formalaşmasına, dünyanın nüfuzlu muzeyləri ilə əlaqələrin genişlənməsinə imkan yaratmışdır. Eyni zamanda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının gerçəkləşdirilməsi məqsədilə Prezident cənab İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq milli-mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulmuşdur.
Təəssüf ki, neçə-neçə tarixi abidə və muzeylərimiz ötən əsrin 90-cı illərində erməni işğalçıları tərəfindən qarət olunmuş və dağıdılmışdır. Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə məhv etmişlər. Canlı muzey olan və bu gün düşmən işğalından azad edilən Şuşada 8 muzey fəaliyyət göstərmişdir. Dövlət Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam, Füzuli, Xocalı rayonlarının tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilmişdir. Keçmiş SSRİ-də yeganə olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən tamamilə yerləyeksan olunmuşdur. Artıq bu torpaqlar şanlı Ordumuz tərəfindən azad edilmişdir. Həmin torpaqlarda yaxın gələcəkdə muzeylərimizin fəaliyyəti bərpa ediləcək, milli mədəniyyətimizi, qədim tariximizi nümayiş etdirən mədəniyyət müəssisələri ölkəmizin muzey şəbəkəsinə qoşulacaqdır.

Naxçıvan Muxtar Respublikasında da muzeylərin fəaliyyətinin canlandırılması, yeni muzeylərin yaradılması sahəsində mühüm işlər görülür, bu mədəniyyət ocaqları muzeyşünaslığın yeni nailiyyətlərinə əsaslanaraq yaradılır, Azərbaycan tarixinin yeni uğurlu səhifələri muzey ekspozisiyalarında əksini tapır. Təbii ki, ötən əsrin 80-90-cı illərində Naxçıvan Muxtar Respublikasında baş verən proseslər, sosial-iqtisadi böhran, cəmiyyətdəki qeyri-sabitlik muzeylərin də tamaşaçılarını itirməsinə səbəb olmuş və bu mədəniyyət ocaqlarını baxımsız hala salmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində muzeylərimiz müasir tələblər əsasında yenidən qurulmuş, muzey sahəsində mühüm işlər həyata keçirilmişdir. 1997-ci ilədək Naxçıvan Muxtar Respublikasında 13 muzey fəaliyyət göstərirdisə, hazırda muxtar respublikada 1 rəsm qalereyası və 29 müxtəlif profilli muzey fəaliyyət göstərir. Bu mədəniyyət ocaqlarında xalqımızın tarixini, həyat tərzini, adət-ənənələrini özündə əks etdirən 140 mindən çox eksponat toplanmışdır. Ötən il muxtar respublikanın muzeylərinə 2 min 348 eksponat daxil olmuşdur. Bu ilin 4 ayında isə muzeylərimiz 537 yeni eksponatla zənginləşdirilmişdir. Muxtar respublika sakinlərinin evlərində olan eksponatları muzeylərə təqdim etməsi ənənə halını almışdır ki, bu da muzey fondlarının zənginləşdirilməsinə xidmət etməklə, tarixi-mədəni irsimizin qorunması və təbliği işinə şərait yaradır.
2012-ci ildə Bəhruz Kəngərli Muzeyi əsaslı şəkildə yenidən qurulmuş, 2013-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina istifadəyə verilmişdir. Tarix-Bədii Qoruq dəniz səviyyəsindən 3700 metr yüksəklikdə yerləşməklə açıq səma altında nadir muzeylərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında 2013-cü il 5 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində daha bir muzey yaradılmışdır. 2014-cü ildə Şahbuz rayonundakı Nursu kəndində Xalq şairi Məmməd Arazın ev-muzeyi, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi istifadəyə verilmişdir. 2015-ci ildə Naxçıvan şəhərində Xatirə Muzeyinin, Şərur rayonundakı Cəlilkənddə Cəlil Məmmədquluzadənin Xatirə Muzeyinin yeni binaları, həmçinin Ordubad şəhərində Məhəmməd Tağı Sidqinin ev-muzeyi fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonunda “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən qalada bərpa işləri aparılmış və burada muzey yaradılmışdır. 2018-ci ilin aprelində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sentyabr tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi istifadəyə verilmişdir.
Qədim diyarımızda geniş muzeylər şəbəkəsi yaradılmaqla bərabər, həm də onların müxtəlif profilli olması diqqət mərkəzində saxlanılır. Muxtar respublika əhəmiyyətli muzeylərlə yanaşı, tarix-diyarşünaslıq muzeyləri, ev-muzeyləri, xatirə muzeyləri, muzey kompleksləri, dövlətçilik tariximizlə bağlı muzeylərin yaradılması həm də mədəni irsimizin qorunması, gənc nəslin mənəvi-estetik, ideya-siyasi dünyagörüşünün zənginləşməsində və vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır. Muxtar respublikanın rayonlarında da muzeylərin fəaliyyət göstərməsi bura gələn insanların zəngin tarix və mədəniyyətimizlə yanaşı, görkəmli şəxsiyyətlərimiz haqqında da ətraflı məlumat almalarına imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Muzeylər xalqımızın milli mədəniyyət nümunələrini yaşadan müqəddəs yerlərdir. Ona görə də muzeylər daim zənginləşdirilməli, qorunmalı və ziyarət olunmalıdır... Xalqımızın qədim və zəngin tarixi vardır. Tariximiz isə muzeylərdə yaşayır. Bu mənada, muzeylərimiz həm də qürur mənbəyimizdir”.
Gənc nəslin muzeylərimizdə olması onların qədim və zəngin tariximiz və bu günümüz haqqında dərin biliklərə, geniş dünyagörüşünə malik olmasına, milli dəyərlərə, milli-mədəni və tarixi irsimizə məhəbbət ruhunda formalaşmasına xidmət edir. Bunun üçün muxtar respublikanın təhsil müəssisələrinin muzeylərlə əlaqələrinə xüsusi diqqət ayrılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən muxtar respublikada məktəb-muzey şəbəkəsi yaradılmış, Azərbaycanın tarixi və mədəniyyəti, görkəmli şəxsiyyətlərimizlə bağlı distant dərslər keçilmiş, dərslərə hər dəfə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi qoşulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli və “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli sərəncamlarına əsasən muxtar respublikanın ali təhsil müəssisələrində muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Muzeylərlə əlaqələrin gücləndirilməsi haqqında” 2014-cü il 19 dekabr tarixli Sərəncamına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları kollektivlərinin muzeylərə gedişi maddi-mənəvi sərvətlər xəzinəsi olan muzeylərə marağın artmasına, tariximizin, mədəni irsimizin və dövlətçilik ənənələrimizin hərtərəfli öyrənilməsinə imkanlar açmışdır. Muxtar respublikanın muzeylərinə gələnlərə pulsuz xidmət göstərilir.
Naxçıvanda bir sıra muzeylərin internet saytı istifadəyə verilmiş, saytda muzey ekspozisiyalarını internet üzərindən virtual olaraq birbaşa izləmək imkanı yaradılmışdır. Həmçinin muxtar respublikadakı muzeylərin onlayn fəaliyyəti təşkil edilmişdir. Belə ki, mütəmadi olaraq muxtar respublika muzeylərində ekskursiyalar keçirilmiş, bu ekskursiyalar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin internet resurslarından onlayn formada yayımlanmışdır.

Muxtar respublikanın muzeylərində 300-dək əməkdaş çalışır. Son illər muzey işçilərinin Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarına layiq görülməsi, medallarla təltif edilməsi onların əməyinə verilən yüksək qiymətin ifadəsidir. Muzey işinin səviyyəsinin yüksəldilməsi məqsədilə təşkil olunan eksponat təqdimatları, seminar-treninqlər, dəyirmi masalar, elmi konfranslar bu sahənin daha da təkmilləşməsinə öz töhfəsini verəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR