29 Mart 2024, Cümə

Xüsusi çubuqların vasitəsilə qolların və ayaqların tam hərəkətinə imkan verən skandinav yürüşü idman növü bütün dünyada sürətlə yayılır. Hərəkət zamanı bədən əzələlərinin 90 faizinin işlək vəziyyətdə olması, onu digər idman növlərindən (qaçış, velosiped, üzgüçülük və sair) əhəmiyyətli dərəcədə fərqləndirir və orqanizmin daha çox kalori yandırmasına səbəb olur. Heç bir yaş məhdudiyyəti qoyulmadan hər kəsin açıq hava şəraitində məşğul ola biləcəyi skandinav yürüşü, həm də pandemiya dövründə dünya ölkələrində ən çox təşkil edilən onlayn yarışları ilə diqqət çəkir. Artıq iki ilə yaxındır, bu idman növü üzrə davamlı məşğul olan naxçıvanlı yeniyetmələr – 16 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elşad Həsənli və həmin məktəbin 7-ci sinif şagirdi Vəli Həsənov növbəti dəfə skandinav yürüşü üzrə beynəlxalq yarışda iştirak edərək III yerə layiq görülüblər.

Belə ki, aprelin 3-dən 10-dək Rusiya Federasiyasının Rostov-Don şəhərində skandinav yürüşü üzrə beynəlxalq marafonda onlayn olaraq iştirak edən yeniyetmələr 8 gün ərzində gündəlik 30 kilometrdən çox məsafəni yarışın qaydalarına uyğun qət edərək (xüsusi proqram vasitəsilə) 259,5 kilometrlə III yerin qalibi olublar. 9 ölkədən 400-ə yaxın idmançının qatıldığı yarışda Elşad Həsənli və Vəli Həsənov iştirakçılar arasında azyaşlı olduqlarına görə, əlavə olaraq “Marafonun ən gənc iştirakçıları” diplomu və kubokla təltif olunublar.
Qeyd edək ki, ailə komandası olaraq yarışda iştirak edən idmançılar bu ilin yanvar ayında Özbəkistan Respublikasının Səmərqənd və mart ayında Rusiya Federasiyasının Tolyatti şəhərlərində keçirilən skandinav yürüşü üzrə beynəlxalq marafonlarda da Azərbaycanı təmsil edərək medal və diplomlarla mükafatlandırılıblar.

 Ceyhun MƏMMƏDOV


 

 

 

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR