Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması aprel ayında da diqqətdə saxlanılmış, bununla əlaqədar bir sıra tədbirlər həyata keçirilmişdir.
Ailələrin sosial problemlərinin öyrənilməsi və həll edilməsi məqsədilə ötən ay Babək rayonunun Nehrəm qəsəbəsində yaşayan aztəminatlı İbrahimovlar ailəsinə baş çəkilmiş, onların problemləri ilə maraqlanılmış və ailəyə ehtiyaclarına uyğun köməklik göstərilmişdir.
Özünüməşğulluğunu təmin etmiş sosial qayğıya xüsusi ehtiyacı olan şəxslərin və qadınların əl işlərinin satışına köməklik göstərilməsi məqsədilə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Əshabi-Kəhf ziyarətgahında, “Saat Meydanı” turistik istirahət mərkəzində fəaliyyət göstərən əl işləri mağazalarında, ümumilikdə, 15 qadının 270 manat dəyərində 46 əl işi satılaraq dəyəri iş sahiblərinə təqdim olunmuşdur.
“Qadınların Dayanıqlı İnkişaf üçün Səlahiyyətləndirilməsi” layihəsinin davamı olaraq “Naxçıvan Muxtar Respublikasında COVID-19-un təsirinə məruz qalmış qadınlara iqtisadi dəstək” layihəsinə uyğun olaraq sərmayə kapitalı verilmiş qadınlardan 5-nin iş yeri və təsərrüfat sahəsində sərmayə kapitalından düzgün istifadə etmələri ilə bağlı monitorinq keçirilmişdir.
Monitorinq zamanı layihə iştirakçılarının sərmayə kapitalını bağlanmış müqavilələrə uyğun istifadə etmələrinə nəzarət olunmuş və ayrılmış sərmayə kapitalından düzgün istifadə etmələri yoxlanılmışdır.
Ötən ay Komitə və Şərur Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şərur rayonunda yaşayan sağlamlıq imkanları məhdud və aztəminatlı ailənin üzvü olan qadınlar üçün toxuculuq peşəsinin öyrənilməsi ilə bağlı təlim keçirilmiş, istedadlı toxucu qadın Gülsüm Kəngərli əyani vasitələrdən istifadə etməklə iştirakçılara toxuculuq peşəsinin sirlərini öyrətmişdir. Təlimdə Şərur rayonunda yaşayan 6 aztəminatlı ailədən olan 12 sağlamlıq imkanları məhdud qadın və Şərur Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 3 dərnək rəhbəri iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın müvafiq bəndinin icrası ilə əlaqədar aprel ayı ərzində tədrisə cəlb edilmiş 303 sağlamlıq imkanları məhdud uşaqlarla bağlı 33 uşaq müəssisəsində monitorinq keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na uyğun olaraq 4 uşaq müəssisəsində, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3 uşağın evində monitorinq keçirilmiş, aşkarlanan nöqsanlar aktlaşdırılmış, tədbir görülməsi üçün aid orqanlara məktub göndərilmişdir.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq elektron məlumat bankına 590 uşaq haqqında fərdi məlumatlar daxil edilmişdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində muxtar respublikada informasiya məhsulunun yaş təsnifatının aparılması üzrə Ekspert Şurası yaradılacaqdır. Ekspert Şurasının tərkibinə daxil ediləcək müstəqil ekspertlərin seçilməsi və onlara ixtisas attestatının verilməsi məqsədilə komitə tərəfindən müsabiqə elan edilmişdir. Elan kütləvi informasiya vasitələrində, komitənin internet resurslarında və digər sosial şəbəkələrdə yerləşdirilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti