22 May 2024, Çərşənbə

Şərur rayonu


Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə ölkəmizdə olduğu kimi, muxtar respublikamızda, o cümlədən Şərur rayonunda da genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilib.
Ümummilli liderin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə rayonda inşa edilən Arpaçay Su Qovşağı on minlərlə hektar əkinəyararlı torpaq sahəsinin suvarılmasına imkan yaradıb. Bölgədə ittifaq əhəmiyyətli konserv, dəmir-beton konstruksiyaları, çörək zavodları, 6 üzümün ilkin emalı müəssisəsi işə salınıb. 150 milyon kubmetr tutuma malik Arpaçay Su Anbarı, istismara verilib. Mədəniyyət Sarayı, mərkəzi xəstəxana, rabitə evi, dəmiryol vağzalı, yeni kitabxanalar, klublar, sahə xəstəxanaları, məktəblər tikilib. Aralıq kəndindən qidalanan dairəvi su kəməri vasitəsilə təkcə Şərur rayonunun deyil, Naxçıvan şəhərinin sakinləri və Babək rayonunun bir hissəsi içməli su ilə təmin olunub. Rayon mərkəzində ilk hündürmərtəbəli yaşayış binaları məhz həmin illərdə inşa edilib, kəndlərin də sosial-iqtisadi inkişafı diqqətdə saxlanılıb.

Muxtar respublikada Heydər Əliyev siyasətinə sadiqliyin nəticəsidir ki, son illər rayonun, demək olar ki, bütün yaşayış məntəqələrində geniş quruculuq tədbirləri həyata keçirilib. Təkcə bu il 1 yaşayış məntəqəsində yeni sosial obyektlər istifadəyə verilib, bütün infrastrukturlar təzələnib, Şərur şəhərində 1 hündürmərtəbəli yaşayış binası tikilib, 2 ictimai yaşayış binası əsaslı şəkildə yenidən qurulur, Şəhriyar kəndində aparılan quruculuq tədbirləri yekunlaşdırılıb.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli Fərmanına əsasən Şərur Sənaye Məhəlləsinin tikintisinə başlanılması rayonda sənaye potensialının daha da genişləndirilməsinə təkan verəcəkdir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonuna yüksək qiymət verərək deyib: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Sevinirik ki, ulu öndərin bu arzuları həqiqətə çevrilib.
Mayın 9-da şərurlular ulu öndərin rayon mərkəzindəki əzəmətli abidəsi önünə gələrək ümummilli liderin əziz xatirəsini yad edərək, ona hörmət və ehtiramlarını göstərmiş, siyasətini uğurla həyata keçirən ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birliklərini bir daha nümayiş etdirmişlər.

Babək rayonu


1923-cü il mayın 10-da qədim Naxçıvan torpağında dünyaya göz açan, həyatının mənası məhz Azərbaycan olan ulu öndər Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dövründə misilsiz xidmətlər göstərdi, həyata keçirdiyi taleyüklü tədbirlərlə sovet Azərbaycanını kənd təsərrüfatı regionundan iri sənaye ölkəsinə, iqtisadi inkişaf yolu keçən qüdrətli dövlətə çevirdi.
Qeyd edək ki, fenomen şəxsiyyət Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də müasir dövlətçilik tariximizdə mühüm mərhələni təşkil edir. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər bu dövrdə tarixi qərarlara imza atıb, milli birliyimizin və həmrəyliyimizin əsasını qoyan, ilk milli ordunu yaradan ümummilli lider həm də qədim diyarı erməni işğalı təhlükəsindən xilas edib, qonşu dövlətlərlə apardığı diplomatik danışıqlar nəticəsində blokadanın ilk illərində ağır günlər yaşayan muxtar respublikaya elektrik enerjisinin verilməsinə nail olub.
Görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi xətt bu gün Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Dahi şəxsiyyətin siyasi iradəsi və təşəbbüsü ilə təşkil olunan Babək rayonu da müstəqillik illərində böyük inkişaf yolu keçib, rayon başdan-başa yenidən qurulub. Aqrar sahənin dinamik inkişafı, məşğulluq məsələlərinin həlli, yaşayış məntəqələrinin abadlaşdırılması, təhsil, səhiyyə, mədəniyyət sahələrində ən müasir infrastrukturun yaradılması, iri iqtisadi layihələrin icra olunması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi bölgənin simasını tamamilə dəyişib, kənd qəsəbəyə, qəsəbə şəhərə dönüb.
Babək rayonunda da müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edilib. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri dahi siyasətçinin İcra Hakimiyyətinin önündəki əzəmətli abidəsinin önünə gələrək ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Ordubad rayonu


Azərbaycanın XX əsr tarixinin əlli ildən çox bir dövrü ulu öndər Heydər Əliyevin böyük quruculuq siyasəti ilə sıx bağlıdır. Bunu görkəmli xadimin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun timsalında da görmək olar. Elə götürək yola saldığımız 2020-ci ili və 2021-ci ilin arxada qalan dövrünü. Ötən il rayonun Vənənd kəndində üçmərtəbəli musiqi məktəbi, kənd və xidmət mərkəzləri, 432 şagird yerlik məktəb binası, həkim ambulatoriyası istifadəyə verilib, Darkənd su dəyirmanı yenidən qurulub, Culfa-Ordubad magistral avtomobil yoluna növbəti asfalt üzlük çəkilib, Ordubad şəhərində avtomobil yolunun tikintisi tamamlanıb, 28 mənzilli yaşayış binası inşa olunub.
Bu il isə Nüsnüs kəndində məktəb binasının, kənd mərkəzinin, həkim ambulatoriyasının, kənddaxili körpünün, qədim su dəyirmanının, Yuxarı Əndəmic kəndində kənd və xidmət mərkəzlərinin tikintisi, Əndəmic-Nüsnüs avtomobil yolunun, 1 nömrəli tam orta məktəbin, rayon Uşaq Xəstəxanasının əsaslı surətdə yenidən qurulması başa çatdırılıb. Hazırda da rayonun müxtəlif yaşayış məntəqələrində quruculuq işləri görülür. Bütün bunlar muxtar respublikamızda ulu öndər Heydər Əliyev siyasətinin uğurla davam etdirilməsinin ifadəsidir.
Mayın 9-da hər tərəfi gülzarlıq olan dahi rəhbərin rayon mərkəzindəki abidəsi önünə toplaşanlar ulu öndərin xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül-çiçək dəstələri qoyublar.

Culfa rayonu


Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş daxili və xarici siyasət, quruculuq tədbirləri, regionların sosial-iqtisadi inkişafı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.
Naxçıvan Muxtar Respublikasında da ümummilli liderin siyasi xətti böyük ehtiramla davam etdirilir. Özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, Naxçıvan çiçəklənmə dövrünü yaşayır. Muxtar respublikamızın bütün bölgələrində, o cümlədən Culfa rayonunda əldə olunan inkişaf Heydər Əliyevin ideyalarının təntənəsidir. Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə rayonda bütün sahələrin inkişaf etdirilməsi diqqətdə saxlanılıb, müsbət nəticələr əldə edilib. Ötən əsrin sonlarında dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda torpaq islahatları ilk dəfə Culfa rayonunun kəndlərində aparılıb, nəticədə, kəndli əkib-becərdiyi torpağın sahibinə çevrilib. Tarixi, iqtisadi, sosial, mədəni sahələrdə atılan addımlar son illərdə də özünün yeni inkişaf mərhələsinə qədəm qoyan Culfanın hərtərəfli inkişafına geniş imkanlar açıb. Kənd yaşayış məntəqələrində kompleks quruculuq işləri aparılıb, rayon mərkəzi də bu quruculuq və abadlıq tədbirlərindən güc alaraq daha da gözəlləşib.
` Görülən bütün işlər əhalinin rahat şəraitlə təmin olunmasına zəmin yaradıb, onları ümummilli lider Heydər Əliyev ideyaları ətrafında daha sıx birləşməyə sövq edib. Rayon sakinləri onlara bu xoşbəxt günləri bəxş edən ümummilli liderimizin misilsiz xidmətlərini unutmurlar.
Müstəqil Azərbaycan dövlətçiliyinin ideoloji, siyasi və iqtisadi əsaslarını yaradan, xalqının müstəqil və güclü dövlətə sahib olmaq arzusunu gerçəkləşdirən, hələ sağlığında canlı əfsanəyə çevrilən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü Culfa rayonunda da yüksək səviyyədə qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri ulu öndərin Culfa şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gələrək gül dəstələri düzüblər.

 Şahbuz rayonu


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Şahbuz rayonunun idarə, müəssisə və təşkilatlarının nümayəndələri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon İcra Hakimiyyətinin binası qarşısında ucalan abidəsinin önünə təzə-tər qərənfillər düzərək onun əziz xatirəsini hörmətlə yad ediblər.
Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə muxtar respublikanın digər bölgələri kimi, Şahbuz rayonunun da iqtisadiyyatı inkişaf etdirilib, tikinti, quruculuq və abadlıq tədbirləri geniş vüsət alıb. Ötən əsrin 70-80-ci illərində rayonda Şərab, “Badamlı” Mineral Sular, Avtomobil Təmiri zavodları, Naxçıvan şəhərindəki Radio Zavodun və Alt Trikotaj Fabrikinin Şahbuz filialları fəaliyyət göstərib. O dövrdə rayonda dərman bitkiləri, dəri, meyvə, süd emalı və yun tədarükü məntəqələrinin də fəaliyyətə başlaması əhalinin məşğulluğunun artırılması və həyat səviyyəsinin yüksəldilməsinə şərait yaradıb.
Ulu öndərin ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı dövründə Şahbuz rayonunda da genişmiqyaslı quruculuq işlərinə başlanılıb. Həyata keçirilən abadlıq işləri nəticəsində simasını büsbütün dəyişən rayon təkcə muxtar respublikamızın deyil, ölkəmizin gözəl bölgələrindən birinə çevrilib.
Muxtar respublikada ümummilli liderin hərtərəfli inkişaf strategiyasının uğurla davam etdirilməsinin parlaq təzahürünü bu gün Şahbuz rayonunda aydın görmək olar. Bölgə sakinlərini firavan həyata qovuşduran müasir yollar, yeni təhsil və səhiyyə ocaqları, sosial xidmət obyektləri və istehsal müəssisələri ulu öndər Heydər Əliyevin uzaqgörənliklə həyata keçirdiyi siyasətin bəhrələridir.

Kəngərli rayonu


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində ölkəmizin müstəqilliyə gedən yolunun əsasını qoyub və ümummilli lider hələ o illərdə bu günümüzü aydın görür və Azərbaycanı daha da inkişaf etdirməyə çalışırdı.
Müstəqilliyimizin ilk illəri çox ağrılı-acılı olsa da, ulu öndərin xalqın tələbi ilə siyasi hakimiyyətə qayıdışı müstəqilliyimizi möhkəmləndirərək onu əbədi etdi və bu gün dahi şəxsiyyətin şah əsəri olan müstəqil Azərbaycanın taleyi etibarlı əllərdədir.
Bu gün Heydər Əliyev ideyalarının uğurla davam etdirilməsi nəticəsində Naxçıvan Muxtar Respublikası özünün hərtərəfli inkişaf dövrünü yaşamaqdadır. Bu ideyalar bütün bölgələrimiz kimi, Kəngərli rayonunu da gözəlliklər diyarına çevirib. 17 il bundan əvvəl yaradılan rayonda ötən illər ərzində mühüm infrastruktur layihələri həyata keçirilib, Kəngərlinin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verib. Hər bir kənddə müasir kənd və xidmət mərkəzləri, səhiyyə, təhsil, mədəniyyət müəssisələri istifadəyə verilib, rayonda yeni istehsal müəssisələrinin fəaliyyəti təmin edilərək geniş iqtisadi potensialın əsası qoyulub, kənd təsərrüfatı inkişaf etdirilib, əhalinin məşğulluğu və güzəranının yaxşılaşdırılması üçün etibarlı zəmin yaradılıb. Buna görədir ki, müstəqil dövlətimizin tərəqqisi, hərtərəfli inkişafı naminə gördüyü misilsiz işlərə, həyata keçirdiyi tədbirlərə görə ulu öndərin xatirəsi xalqımız tərəfindən həmişə əziz tutulur. Həmişə olduğu kimi, bu il də dahi rəhbərin anadan olmasının növbəti ildönümü Kəngərli rayonunda təntənəli şəkildə qeyd edilib. Mayın 9-da rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri ulu öndər Heydər Əliyevin Qıvraq qəsəbəsində ucaldılmış əzəmətli abidəsini ziyarət edib, abidə önünə qərənfillər düzüb, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Sədərək rayonu

Sərhəd bölgəmiz Sədərəkdə rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan ulu öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Dahi şəxsiyyət Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi həm milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmiş, həm də muxtar respublikamız işğal təhlükəsindən qorunmuşdur.
Bu gün hərtərəfli dövlət qayğısı ilə əhatə olunan Sədərək rayonu XX əsrin 90-cı illərinin əvvəllərində Ermənistan tərəfindən hücumlara məruz qalıb, Naxçıvanın qala qapısı sayılan bu bölgədə 1990-1993-cü illərdə ağır döyüşlər gedib. O zaman buradakı vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün öz siyasi nüfuzu, zəngin dövlətçilik və idarəetmə təcrübəsi sayəsində dünyanın diqqətini burada baş verən hadisələrə yönəldib. Sədərəklilər ümummilli liderin yeni rayonun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, sakini olduqları rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün Türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.

Xəbərlər şöbəsi

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR