22 May 2024, Çərşənbə

Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş müsabiqədə müvəffəqiyyət qazanan dövlət qulluqçularının təntənəli andiçmə mərasimi keçirilib.
Dövlət Bayrağı Muzeyində keçirilən tədbirdə Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli çıxış edərək bildirib ki, muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sistemi formalaşdırılıb, bir sıra dövlət orqanları üzrə səyyar xidmətlər təşkil edilib. Dövlət orqanları üçün ən müasir standartlara cavab verən inzibati binaların tikilməsi və maddi-texniki bazanın gücləndirilməsi, dövlət qulluqçularının fəaliyyətinin yaxşılaşdırılması, onlara lazımi iş şəraitinin yaradılması, işində fərqlənən dövlət qulluqçularının təltif edilməsi Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən dövlət qulluğu sahəsinə göstərilən diqqət və qayğının bariz nümunəsidir.

Qeyd edilib ki, mərkəz tərəfindən 2011-ci ildən bu günədək dövlət qulluğunda inzibati vəzifələrin tutulması üçün keçirilmiş 20 müsabiqədə 6866 namizəd iştirak edib, onlardan 1365 nəfəri uğur qazanaraq müvafiq vəzifələrə təyin olunub. Muxtar respublikanın dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının, təqribən, 38,4 faizi Dövlət İmtahan Mərkəzinin keçirdiyi müsabiqələrdə uğur qazanmış dövlət qulluqçularıdır.
Bildirilib ki, mərkəz tərəfindən indiyədək müxtəlif dövlət orqanlarına işə qəbul üçün keçirilmiş 97 müsabiqədə 18 minə yaxın namizəd iştirak edib, onlardan 8 mindən çoxu test imtahanlarında müvəffəqiyyət qazanıb.
Gənc dövlət qulluqçusu Ləman Vəliyeva çıxış edərək bu gün muxtar respublikamızda gənclərə yaradılan şəraitə görə dövlətimizə minnətdarlığını bildirib. göstərilən qayğının müqabilində səylə çalışaraq muxtar respublikamızın inkişaf və tərəqqisinə öz töhfələrini verəcəklərini qeyd edib.
Daha sonra müsabiqəni uğurla başa vurmuş və dövlət orqanlarında yeni vəzifələrə təyin olunmuş namizədlər Azərbaycan Respublikasına sadiq olacaqlarına, onun Konstitusiyasına dönmədən əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, dövlət qulluğunun onlara verdiyi hüquqları və üzərlərinə qoyduğu vəzifələri qərəzsiz, vicdanla, yalnız qanunauyğun surətdə və dövlətin mənafeyi naminə həyata keçirəcəklərinə təntənəli surətdə and içiblər.
Andın mətnini imzalayan dövlət qulluqçularına andiçmə vərəqələri təqdim edilib, xatirə şəkli çəkdirilib.
Sonra mərasim iştirakçıları Dövlət Bayrağı Muzeyi ilə tanış olublar.
Xatırladaq ki, müsabiqəyə 205 vakant vəzifə çıxarılmış, həmin vəzifələrin tutulması üçün 571 namizəd sənəd təqdim etmişdi. Müsabiqənin test imtahanları mərhələsində 559 namizəd iştirak edib, 326 namizəd keçid balını toplayıb. Test imtahanında və müsahibə mərhələsində müvəffəqiyyət qazanmış namizədlərdən 84-ü vakant vəzifələrə təyin olunub. Onlardan ilk dəfə dövlət qulluğuna qəbul edilmiş 71 nəfər andiçmə mərasimində iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR