21 May 2024, Çərşənbə axşamı

Bu gün qürurverici günlərin sevincini yaşamaq ərəfəsindəyik. 28 il işğal altında müqəddəs torpağımız – Şuşamız şən və şadlıqlı günlərinə qovuşmaqdadır. Ali Baş Komandanımızın və qəhrəman oğullarımızın sayəsində Şuşa bu sevincli günləri öz övladlarını ağuşuna alaraq yaşamaqdadır. Suyu, havası, torpağı doğma övladlarının müqəddəs qanı sayəsində isti  və təmiz nəfəsə qovuşaraq canlanan Şuşa torpağı necə dəbəxtəvərdir, İlahi! Bu gün yaz fəslinin gətirdiyi təravətdən canlanan bu torpaq sanki “bu günləri nəfəs-nəfəs arzulamışam, doya-doya yaşamaq istəmişəm, nəfəsinizi mənə çox görməyin, əziz övladlarım!” deyib sevinclə hayqıran Anaya bənzəyir. Amma səsi, coşğusu sıldırım qayaların, cana, ruha gəlmiş Cıdır düzünün sevincli, şaqraq harayına qarışaraq təbiətin arxayın və sevincli ab-havasına təsir etməkdədir...

Bu gün həm də müqəddəs Ramazanın sonuncu günlərini işğaldan azad olan qədim mədəniyyət mərkəzimiz Şuşada ilk festivalın açılışı ilə qarşılayarıq. Şuşada təşkil olunan bu festivalı Ali Baş Komandan, cənab Prezident İlham Əliyev, vitse prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə birgə Azərbaycanın bir çox ziyalı şəxsiyyətləriizləyirdilər. Həm də bütün azərbaycanlıların şövqlə və qürur hissi ilə izlədikləri bu festival zamanı, əminik ki, hər kəs bu günləri bizləri yaşatdıqlarına görə Ali Baş Komandanımıza, milli ordumuza sağlıq və güc-qüvvət, qazilərə şəfa, müqəddəs şəhidlərimizə isə Tanrıdan rəhmət arzulayıblar. Düzdür, sevincimiz kədərlə  qoşadır. Gülən, sevinən gözlərimizin bir tayı ağlardır. Bununla yanaşı qürur hissimiz  də hədsizdir...

Şuşada təşkil olunan 28 illik işğaldan sonrakı bu ilk festival öz möhtəşəmliyi və orijinallığı ilə fərqlənir. Azərbaycanın milli-mənəvi dəyərlərini ifadə edən folklor kollektivlərinin, sayılıb-seçilən istedadlı müğənnilərin iştirakı ilə ürək oxşayan musiqi və rəqslərin təqdimatı müqəddəs torpaqlara daha da şux əhvali-ruhiyyə bəxş etdi. Bu musiqi nömrələri içərisində Naxçıvan Muxtar Respublikası Filarmoniyasının kollektivi də çox möhtəşəm musiqi nömrəsi ilə könülləri feyzyab etdi.  Məlum məsələdir ki, İkinci Qarabağ Müharibəsi dövründə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın əzmkar oğulları şərəf və ləyaqətlə döyüşdülər. Bu müharibədə övladı şəhid olan naxçıvanlı valideynlərin  yenilməz dözüm və qürur nümayişi dünyaya örnək oldu: belə ki  vur-tut iki oğul sahibi olan Ana şəhid övladının dəfnində övladına əməyini halal etməklə yanaşı yüksək dözüm və qürur nümayiş etdirərək ikinci övladını da Vətənə qurban verməyə hazır olduğunu ürəklə ifadə etdi. Bəli, məhz belə anaların, valideynlərin sayəsində qəhrəman, cəsur oğullar yetişdi və bu gün qürurla azad torpaqlarımızda  Ali Baş Komandanımızın yenilməz siyasəti və igid oğullarımızın gücü,  mücadiləsi sayəsində bu festival keçirilməkdədir.

 Festivalda  Azərbaycanda yaşayan digər xalqların, o cümlədən, Azərbaycanla dostluq və qardaşlıq əlaqəsində olan xalqların da folklor ansambllarının bir-birindən maraqlı ifası onları izləyənləri valeh etdi. Azərbaycan tolerant və multikultural ölkə olub  bu ölkədə yaşayan xalqlar  daima qayğı və xoş münasibət görərək yaşayıb-fəaliyyət göstəriblər. Onların hər sahədə olduğu kimi, milli kimliklərini ifadə edən milli yaradıcılıq ənənəllərinə də bu ölkədə olduqca böyük diqqət və həssaslıqla yanaşlıb. Və bu münasibət də dünənki festivalda da öz əyani təsdiqi aydınca tapır. Festivalda Azərbaycanın folklor və bəstəkar mahnılarından ibarət möhtəşəm təqdimatlarla yanaşı, digər xalqların da folklor ənənəsinə xas musiqi və rəqs təqdimatı Azərbaycanın toleratlığa və multikultural dəyərlərə hər zaman böyük diqqət və ehtiramını möhtəşəm şəkildə özündə ifadə edir. Bu həm də onun göstəricisidir ki, Şuşa və digər işğaldan azad olunmuş Azərbaycan torpaqları buraya təşrif buyurub yaşamaq və fəaliyyət göstərmək istəyən bütün xoşməramlı və xoşniyyətli insanlara öz qapılarını  hər zamanda olduğu kimi geniş ürəklə acacaqdır!

AMEA Naxçıvan Bölməsinin əməkdaşı

Aytən Cəfərova

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR