06 İyul 2022, Çərşənbə

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü ildə hər il mayın 15-nin “Beynəlxalq Ailə Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 15 may dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunur.

İnsanın dünyaya gəlməsi, fərd kimi yetişməsi, fərdin şəxsiyyətə çevrilməsində ailənin rolu çoxdur. Ailənin geniş forması cəmiyyətdir, millətdir. Güclü ailə güclü dövlət deməkdir. Ailə mənsub olduğu xalq, millət haqqında ilkin təsəvvürlər yaradır, həm də milli-mənəvi dəyərlərin təcəssümü, daşıyıcısı rolunda çıxış edir. Ailə uşaqlara təhsilin, tərbiyənin öyrədildiyi, milli dəyərlərin köçürüldüyü əhəmiyyətli bir müəssisə, şəxsiyyətin və xarakterin formalaşdığı başlanğıc mühitdir.

 “Ailə dəyərləri, ailə ənənələri, milli-mənəvi dəyərlərimizə sədaqət, uşaqların müasir səviyyədə tərbiyəsi mühüm əhəmiyyət kəsb edir” - deyənümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərliyi dövrlərində ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, ailələrin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər görülmüş, ailə münasibətlərini tənzimləyən zəngin hüquqi baza yaradılmışdır. Azərbaycan Respublikası Konstitusiyasında ailə cəmiyyətin özəyi kimi təsbit olunmuş və dövlətin himayəsində olduğu qeyd edilmişdir. Bununla da dövlət ailənin qorunmasına, onun sosial quruluşunun və nüfuzunun müdafiəsinə təminat vermişdir. 

Azərbaycanda ailə münasibətlərinin hüquqi tənzimlənməsini həyata keçirən əsas sənədlərdən biri 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Ailə Məcəlləsidir. Bu sənəd ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, ailə münasibətlərinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. Ailələrin sağlam əsaslar üzərində qurulması üçün dövlətimiz tərəfindən məqsədyönlü və ardıcıl tədbirlər həyata keçirilir. Müvafiq qanunvericilik aktlarında edilən dəyişikliklər həyata keçirilən tədbirlərdəndir. Belə ki, Ailə Məcəlləsinə edilən dəyişikliklər əsasında qızlar və oğlanlar üçün nikah yaşının 18-ə qaldırılması, nikahdan əvvəl gənclərin məcburi tibbi müayinədən keçməsi ailə üzvlərinin sağlamlığına, xüsusilə də ana və uşaqların sağlamlığının mühafizəsinə, həmçinin gələcək nəsillərin sağlamlığına xidmət edən mühüm amildir. 

Bu gün respublikamızda təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət ailə siyasəti Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xalqımızın dəyərlər sistemi haqqında daim yüksək fikirdə olan ölkə başçısı cənab İlham Əliyev demişdir: “Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”. 

Naxçıvan Muxtar Respublikasında da dövlət ailə siyasəti uğurla həyata keçirilir. Belə ki, muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, əhalinin məşğulluğunun təmin olunması və sağlamlığının qorunmasına, uşaq və yeniyetmələrin hərtərəfli inkişafına və eyni zamanda güclü nəsil kimi formalaşmasına xidmət edir. Dövlətimiz tərəfindən görülən bu işlər cəmiyyətin əsas atributu olan ailələrin rifah halının gündən-günə daha da yaxşılaşdırılmasının qayğısına qalmaqla onun müqəddəsliyini bir daha təsdiq edir. 

Sosial rifah halının gücləndirilməsinin nəticəsidir ki, muxtar respublikada ildən-ilə ailələrin sayı artır. Hazırda Naxçıvan Muxtar Respublikasında 98 min 198 ailə yaşayır. Bunlardan 432-si aztəminatlı, 459-u isə şəhid ailəsidir. 

Muxtar respublikada ailələrin sağlamlıqlarının qorunması ən prioritet məsələlərdən biridir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması, muxtar respublikada icbari tibbi sığortanın tətbiqi ailələrimizə, qadınlarımıza, uşaqlarımıza müvafiq sahədə göstərilən diqqətin bariz nümunəsidir. Həmçinin qadınların sağlamlıqlarının qorunması, uşaqların sağlam  böyüməsinin daim nəzarətdə saxlanılmasının nəticəsidir ki, muxtar respublikada bu sahədə müsbət nəticələr əldə olunmuş, ana ölümü sıfıra, uşaq ölümü isə minimuma endirilmişdir. 

Ailələrində yeni nəslin savadlı, intelektual, innovativ biliklərə yiyələnməsi üçün muxtar respublikada yeni məktəb binaları tikilir, müasir avadanlıqlarla təchiz olunur ki, bu da ailələrə göstərilən qayğının əyani ifadəsidir. Muxtar respublikamızda həyata keçirilən genişmiqyaslı quruculuq tədbirləri çərçivəsində ailələrin mənzil­-məişət şəraitinin yaxşılaşdırılması məsələsi də diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bununla bağlı demişdir: “İnsan həyatında mənzilin böyük əhəmiyyəti vardır. İnsan sağlamlığının, ailə xoşbəxtliyinin əsas amillərindən biri də məhz budur.”  İstər Naxçıvan şəhərində istərsə də muxtar respublikanın digər rayonlarında yeni yaşayış binaları inşa edilir ki, bu da gənc və xüsusi qayğıya ehtiyacı olan ailələrin mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən kompleks tədbirlərdəndir. Həmçinin “Gənclər Şəhərciyi” yaşayış kompleksləri salınır, ailələrin sosial məsələlərinin həlli ilə bağlı əhəmiyyətli addımlar atılır. Həyata keçirilən sosial siyasətin mühüm bir istiqaməti də mənzillərin ipoteka yolu ilə güzəştli şərtlərlə gənc ailələrə verilməsidir. 2020-ci ildə muxtar respublikada bu məsələ diqqətdə saxlanılmış, ümumilikdə, 114 ailəyə 3 milyon 450 min manatdan artıq ipoteka krediti verilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsi olaraq muxtar respublikada müharibə veteranlarına, şəhid ailələri və hərbi xidmət zamanı sağlamlığını qismən itirmiş vətəndaşlara, eləcə də hərbi qulluqçuların, alim və fəaliyyət göstərdiyi sahədə uğurları ilə seçilən şəxslərin ailələrinə mənzillər verilmişdir. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Bununla yanaşı, otən il və cari ilin müvafiq dövrü ərzində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda sağlamlığını itirmiş 10, hərbi xidmət vəzifələrinin icrası zamanı sağlamlığını itirmiş 13 və Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın aradan qaldırılmasında sağlamlığını itirmiş 7 nəfər olmaqla, ümumilikdə, 30 nəfər minik avtomobilləri ilə təmin olunmuşdur. Həmçinin 1995-ci ildən bugünədək sosial qayğıya ehtiyacı olan ailələr üçün 541 ev tikilmiş və ya yenidən qurulmuşdur. 

Əhalinin məşğulluğunun təmin olunması ailələrin sosial rifah halının yaxşılaşması istiqamətində görülən böyük işlərdəndir. Belə ki, əhalinin məşğulluğunun təmin olunması ilə əlaqədar dövlət proqramları qəbul edilir, bu sahədə yeni nailiyyətlər əldə olunur. İcrası başa çatan “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 12 min 479 yeni iş yeri açılmış və 14 min 699 işaxtaran mövcud vakansiyalar üzrə işlə təmin edilmişdir.Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 598 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuşdur ki, onlardan 147-si gənc, 126-sı qadın, 17-si isə sağlamlıq imkanları məhdud şəxslərdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq ailələrin, o cümlədən aztəminatlı ailələrin özünüməşğulluqlarının təmin edilməsi üçün müxtəlif sosial layihələr həyata keçirilir. Belə ki, ailələrə müxtəlif növdə aktivlər verilir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının yaranmasına münbit şərait yaradır. Ailə təsərrüfatlarının yaranması da əhalinin, xüsusən də ailələrin özünüməşğulluğunun təmin edilməsində xüsusi rol oynayır. 1 yanvar 2021-ci il statistikasına əsasən muxtar respublikada 1040 ailə təsərrüfatı fəaliyyət göstərir. 

Qadınların və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün müvafiq təlimlərin keçirilməsi və peşə kurslarına cəlbi də diqqətdə saxlanılır ki,bu da ailələrin sosial vəziyyətlərinin yaxşılaşmasına dəstək xarakteri daşıyır. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən qadınların peşə kurslarına cəlbi ilə əlaqədar qadınlarla əlaqə saxlanılaraq məlumatları aidiyyəti orqanlara göndərilir. 2021-ci ilin ötən dövrü ərzində 55 aztəminatlı və məhdud fiziki imkanlı qadınlar üçün toxuculuq peşəsinin öyrədilməsi ilə bağlı təlim keçirilmişdir. Bundan əlavə cari ildə qadınların özünüməşğulluqlarının təmin edilməsi məqsədilə Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış keçirilmiş, 514 şəxsin 7 mindən çox rəsm və əl işi nümayiş olunmuşdur. Sərgi-satışda, ümumilikdə, 278 müəllifin 26 min 557 manat dəyərində 2 min 583 rəsm və əl işi satılmışdır. Bütün bunlarla yanaşı“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən sərgi-satışda, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin satış mağazasında və “Saat Meydanı” turistik istirahət mərkəzində fəaliyyət göstərən əl işləri mağazasında 63 istedadlı qadının 884 manat dəyərində 155 əl işi satılmışdır. 

Aztəminatlı ailələrə xüsusi diqqət və qayğı ilə yanaşılması muxtar respublikada ailə siyasətinin əsasını təşkil edir. Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və aidiyyəti dövlət orqanlarının nümayəndələri muxtar respublikada yaşayan aztəminatlı ailələrə mütəmadi baş çəkir, onların problemlərinin həlli istiqamətində müvafiq köməkliklər göstərilir, zəruri ehtiyacları ödənilir. Həmçinin aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi istiqamətində işlər görülür, onlara sosial müavinətlər ödənilir. Yeri gəlmişkən qeyd etmək olar ki, ötən il və cari ilin müvafiq dövrü ərzində komitə tərəfindən 62 uzunömürlü, aztəminatlı, çoxuşaqlı, sağlamlıq imkanları məhdud ailələrlə görüşlər keçirilmiş, müvafiq köməkliklər göstərilmişdir. 

Aztəminatlı ailələr həmçinin sosial yönümlü layihələrə cəlb edilir. Avropa İttifaqının maliyyələşdirdiyi BMT-nin İnkişaf Proqramının qismən maliyyə dəstəyi daxil olmaqla Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən icra etdiyi “Qadınların dayanıqlı inkişaf üçün səlahiyyətləndirilməsi” layihəsi də ailə təsərrüfatının inkişafı ilə bağlı mühüm tədbirlərdəndir. Belə ki, layihə çərçivəsində öz biznes planı ilə fərqlənən 102 qadına 69 min 250 manat məbləğində sərmayə kapitalı verilmişdir ki, bu da muxtar respublikada ailə təsərrüfatlarının inkişafına, onların ailə və bizneslərində maliyyə idarə etməsi üzrə bilik və bacarıqlarının inkişafına təkan verməklə yanaşı, həm də yeni ailə təsərrüfatlarının formalaşmasına şərait yaratmışdır. 

Bu gün muxtar respublikada öz layiqli, sosial mənəvi inkişafını təmin edən, Azərbaycanın ailə dəyərlərini özündə yaşadan ailələrimiz çoxluq təşkil edir və həmin ailələrə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Belə ki, 15 may-Beynəlxalq Ailə Günü ilə əlaqədar evliliklərinin 50, 60, 65, 70 ili tamam olan ailələrin “gümüş”, “qızıl” və “brilyant” toyları qeyd olunur, muxtar respublikanın ən uzunömürlü ailəsi ilə görüş keçirilir, onlara hədiyyələr verilir. Həmçinin uzunömürlü ailələrin gənclərlə və yeniyetmələrlə görüşləri təmin olunur. 

Vətənə bağlılıq, xalqa sədaqət ailədən başlayır. Sevindirici haldır ki, bu gün muxtar republika ailələrində milli irsimizə sadiq, dəyərlərimizə hörmətlə yanaşan, eyni zamanda, vətənpərvər gənc nəsillər yetişir. Ötən il 44 günlük  Vətən Müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi uğrunda mübarizədəki  qələbə gənclərimizin igidliyi, Vətənə, xalqa, ailəyə sədaqətin ən gözəl nümunəsidir. 

Ailə cəmiyyət, dövlət üçün vətəndaş yetişdirməli, dəyərlər sistemini formalaşdırmalıdır. Odur ki, dövlət möhkəm və sağlam ailənin qurulmasında maraqlıdır. Ona görə də bu sosial təsisatın qorunması və müdafiə edilməsi istiqamətində bundan sonra da ardıcıl tədbirlər görüləcəkdir. 

Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

                                               Dövlət Komitəsinin mətbuat xidməti

ARXİV

İyul 2021
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR