Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan orta tibb işçiləri üçün təkmilləşdirmə kursunun keçirilməsi davam etdirilir. Bu məqsədilə Naxçıvan Tibb Kollecində mayın 17-dən iyunun 10 –dək “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsi, “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsi, “Şərur Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin müvafiq ixtisas üzrə tibb bacıları və feldşerləri üçün “Ağciyərlərin suni ventilyasiyası” üzrə təkmilləşdirmə kursutəşkil olunub. Təkmilləşdirmə kursunun nəzəri hissəsinin kollecdə, praktik hissəsinin “Naxçıvan Muxtar Respublika Xəstəxanası” publik hüquqi şəxsi və “Naxçıvan Diaqnostika Müalicə Mərkəzi” publik hüquqi şəxsində keçirilməsi planlaşdırılıb. Nəzəri hissə mulyaj, slayd və əyani vəsaitlər üzərində keçirilir. Təkmilləşdirmə kursu tənəffüs üzvlərinin anatomiya və fiziologiyası, ASV ( invaziv və qeyri-invaziv ventilyasiya), ASV aparılan müasir aparatların işləmə prinsipi, tənəffüs üzvlərinin patologiyalarında ASV-n aparılma texnikası, bu patologiyalar zamanı düzgün taktikanın seçilməsi, ASV-n tətbiqi zamanı baş verə biləcək ağırlaşmaların profilaktikası (təhlükəsiz ASV) kimi mövzuları əhatə edir.
Kursun sonunda müdavimlər imtahandan keçirilərək və müvafiq sertifikatlaralacaqlar. Qeyd etmək lazımdır ki, bu kursa muxtar respublikanın bütün tibb müəssisələrinin müvafiq ixtisaslı tibb bacıları və feldşerləri cəlb ediləcək. Bundan əvvəl isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində çalışan mamaların, laboratoriya tibb bacılarının, peyvənd tibb bacılarının və qeydiyyatçıların müvafiq kurslarda iştirakı təmin olunub.
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidməti